Fatihə surəsinin mesajları
Siracəddin Hacı
VIII YAZI
(əvvəli ötən saylarımızda)
“Rəbb-il aləmin” tərkibindəki “aləmin” (“aləmlər”) sözü ilə bağlı bu görüşlər var:
“Rəbb-il aləmin” (“aləmlərin Rəbbi”) ayəsi ilə bağlı son sözü hər şeyi haqqı ilə bilən Allah söyləsin: “O, göylərin, yerin və bunların arasında olan hər şeyin Rəbbidir” (Şuara, 26/24).
“O, DİN GÜNÜNÜN (HESAB GÜNÜNÜN) MALİKİDİR”
Qurani-Kərimdə “d-y-n” kökündən olan sözlər yüz bir dəfə işlədilmişdir. Bu sözlərin anlamlarını belə sıralamaq olar:
“Yəvmid-din” – din günü anlayışı insana axirət şüuru verir, deyir ki, hesab var, ey insan. Qurani-Kərim din gününü belə tanıdır: “... Sən hesab günü nədir, bilirsənmi? Bəli, sən, gerçəkdən, hesab gününün nə olduğunu bilirsənmi? O, heç bir insanın bir başqa insana əsla faydasının olmadığı bir gündür, o gün təlimat vermək tamamən Allaha məxsusdur” (İnfitar, 82/17-19).
O gün hər kəs Onun hüzurunda toplanacaq (Maidə, 5/109), hər kəs hesaba çəkiləcək (Əraf, 7/6), o gün borc günüdür, hər kəs borcunu ödəyəcək: “... O günə ona görə “borc günü” deyilmişdir ki, Allaha borclu olduğunu inkar edənlər – şeytanlaşmış, nəmrudlaşmış, fironlaşmış qullar belə o gün borclu olduqlarını etiraf edəcəklər” (Mustafa İslamoğlu, Kuran surelerinin kimliyi, İstanbul, 2011, s. 24).
Dindarlıq, mömin olmaq, iman etmək hər şeyini Allaha borclu olduğunu bilməkdir. İnsanın borcunu ödəmək imkanı yoxdur, aldığı hər nəfəs bir borcdur, çıxış yolu Allaha təslim olmaq, Onun seçdiyi həyat tərzini yaşamaq, nemətləri inkar etməməkdir. İman Allaha borclu olduğunu təsdiq, küfür isə borcunu inkardır.
“Din günü” (“hesab günü”) anlayışı deyir ki, hesaba çəkilmək mütləqdir, hesabdan qaçış yoxdur, cəza və mükafat var. O gün hər kəs yaşadığı ömrün, etdiyi əməllərin, işinin nəticəsini biləcək, gerçək Malikin kim olduğu anlaşılacaq: “Bu gün mülk kimə aiddir? Vahid və Qəhhar olan Allaha” (Mömin, 40/10). “Və sur borusu çalınanda mülkün yalnız Ona məxsus olduğu anlaşılacaq” (Ənam, 6/73). “Mütləq mülk və hakimiyyət haqq olan o gündə rəhmətin mütləq qaynağı (Allaha) məxsus olacaq” (Furkan, 25/26).
“Din günü” yaşanan ömrün qarşılığının mükafat, ya da cəza olduğu bilinəcək (Saffat, 37/53), “O gün gələndə Allah onlara haqq etdikləri qarşılığı tam ödəyəcək, sonda onlar da Allahın, bəli, yalnız Onun (hər şeyi) açıq-aşkar ortaya çıxaran mütləq həqiqət olduğunu öyrənəcəklər” (Nur, 24/25).
O gün boyunlar əyiləcək, borclar Ona ödənəcək, hər kəs Onun əl-İlah, əl-Hakim, əl-Malik olduğunu biləcək, əmin olacaq ki, hökm ancaq Onundur: “Kim zərrə qədər yaxşılıq etsə, onu (İlahi qeyddə) görəcək. Kim də zərrə qədər pislik etsə, onu (ilahi qeyddə) görəcək” (Zəlzələ, 99/7-8).
Allah hər günün sahibidir. Bu halda, niyə “o gün”ün sahibi olduğunu ayrıca vurğulamışdır? Bu dünyada insanların çoxu Allahın hər günün sahibi olduğunu bilməz, o gün isə hər kəs hər günün sahibinin O olduğunu qəti biləcək.
Abdulla bin Abbas, Abdullah bin Məsud, Katadə və İbn Cüreyc “yəvmid-din” tərkibindəki “din” sözünün cəzalandırma və hesaba çəkmə olduğunu söyləmişlər: “Yəvmid-din” demək yaradılmışların hesaba çəkildiyi gün deməkdir ki, o da qiyamət günüdür. Allah o gün yaratdıqlarına əməllərinin qarşılığını verəcək. Xeyirə xeyir, şərə də şər qarşılığını verəcək, ancaq bağışladıqları müstəsnadır, çünki əmr Onundur”( Təbəri təfsiri, cild 1, s. 84).
“Din günü” tərkibi yanlış şəfaət anlayışını rədd edir, deyir ki, şəfaətin tamamı Allaha aiddir, o gün kimsənin kimsəyə faydası yoxdur, insanın şəfaətçisi imanı və əməlləridir.
“Din günü” anlayışı insana deyir ki, ikidünyalı ol, bu dünyanı axirətdən ayırma, axirət inancın olmasa, hər iki dünyanı itirəcəksən, mömin ömrünün mərkəzinə axirəti qoyan insandır, axirət dünyanın ruhudur, axirətə iman ədalətə imandır, axirət inancı insanın həyatına anlam qazandırır, onu mənalı həyata yönəldir, zaman israfından qoruyur, xeyir işlərə sövq edir, köləlikdən qurtarır, qəlbinə hüzur verir, qorxulardan qurtarır, imtahan dünyasında zəfər qazandırır, haqqı, ədaləti, gözəlliyi sevdirir, aktivləşdirir, çalışmağa, islah etməyə yönəldir, deyir ki, bu dünya axirətin tarlasıdır, əkdiyini biçəcəksən.
Seyyid Kutub “din günü” ilə bağlı bunları yazır: “İslamın bu təməl əsasları (tövhid, nübüvvət, axirət, ədalət) insanlığın düşüncəsində gerçək yerini almadıqca, yer üzündəki bu qarışıqlıqların insanların təkrar olunan taleləri olmadığını qavramadıqca, ömrü sınırlı olan insan o biri dünyada qarşılığını alacağına inanaraq haqq və xeyir uğrunda fədakarlıq etmədikcə, axirət həyatının varlığına inanmadıqca insan həyatı əsla ilahi nizama uyğun təbii çizgidə davam edə bilməz... Axirətə iman edənlərlə, onu inkar edənlər şüur, əxlaq, davranış və etdikləri işlər baxımından eyni ola bilməzlər. Onlar bir-birinə ziddirlər, varlıqları da tamamilə fərqlidir. Bunlar dünyada fərqli işlər etdikləri kimi, axirətdə də alacaqları qarşılıqlar daban-dabana zidd iki ayrı sinif təşkil edərlər. Yollarının ayrılıq nöqtəsi də burasıdır...” (Seyyid Kutub, “Fi Zilalil Kuran”, c. I, s. 33)
“Yəvmid-din”in hesabın soruşulacağı, əməllərin qarşılığının veriləcəyi bir gün olduğu ilə bağlı islam alimlərinin ittifaqı var.
Allah Rəsulu buyurur: “Yaxşılıq zay olmaz, günah unudulub silinməz, əməllərin qarşılığını verəcək olan Varlıq ölməz, istədiyin kimi davran, davranışına uyğun olan qarşılıq nə isə onu alacaqsan” (Taberi, Camiul-beyan, c.I, s. 155).
İmam Matrudi deyir ki, “maliki-yəvmid-din” ayəsinin anlamı hesab gününün zalımlara boyun əydirildiyi bir gün olması ilə bağlıdır. Belə ki, qiyamət günün mahiyyəti, yüksək mərtəbəsi və Rəbbinin yanındakı üstün dərəcəsi bu çərçivədə müəyyənlik qazanır: “Ayədə Allahın hələ mövcud olmayan bir şeyə malik olduğunun dəlili var ki, bu, qiyamət günüdür (Maturidi Allahın feili sifətlərinin qədim (əzəli) olduğuna işarə edir – S.H). Bu halda, Allah tanıdılmağa layiq bütün sifətlərə başqası hesabına deyil, birbaşa özü layiqdir. Ona görə də biz: “Allah əzəldə yaradıcı, əzəldə rəhim, əzəldə comərd, əzəldə eşidən, ... əzəldə hər şeyin Rəbbi, hər şeyin ilahıdır”, - deyirik (o şeylər sonradan var olsa da, o şeylər var olmadan öncə də Allah hər şeyin ilahıdır). Buna bənzər bir şəkildə Allah “o gün” haqqında “cəza və mükafat gününün malikidir” buyurmuşdur, halbuki haqqında danışılan gün hələ gəlməmişdir” (Ebu Mansur əl-Maturidi, Tevilatul-Kuran, c. I, s. 43).
Axirət inancı insanın ağıl, qəlb, vicdan və davranışlarına təsir edir, onu nəfsin köləliyindən qurtarır, əxlaqını düzəldir, qorxu ilə ümid arasında tarazlıq qurur, deyir ki, cənnət, ya da cəhənnəmi qazanmaq insanın əlindədir.
Fəxrəddin Razi “din günü”nü bu ölçülərlə izah edir: “O, diriliş və cəza gününün sahibidir, pislik edənlə yaxşılıq edənin, itaətkarla üsyankarın, uyanla uymayanın bir-birindən seçilməsi zəruridir, ona görə də hesab gününün olması şərtdir, haqdır” (Fahruddin er-Razi, Tefsiri-Kebir, c.I, s. 329).
Tövhid, axirət, ədalət inancının insanın əxlaqını necə gözəlləşdirdiyinə bir örnək verək: rəvayət edilir ki, İmam Əbu Hənifənin bir məcusidə (atəşpərəstdə) malı var imiş. O, bir gün malını istəmək üçün məcusinin evinə gedir. Evin qapısına çatanda ayaqqabısına pislik bulaşır. İmam ayaqqabısını silkələyir, pislik məcusinin evinin divarına yapışır. O, belə düşünür: pisliyi məcusinin qapısından təmizləməsəm, evin divarı çirkin görünəcək, pisliyi təmizləsəm, divarının torpağı töküləcək. Əbu Hənifə məcusinin qapısını döyür, qulluqçu gəlir, imam evin sahibini çağırmasını istəyir. Məcusi evdən çıxır, imamın malını istəyəcəyini düşünərək üzr diləməyə başlayır. İmam indi malın önəmli olmadığını deyir və hadisəni ona danışır, divarın necə təmizlənəcəyini soruşur. Məcusi heyrətə gəlir, divarı özünün təmizləyəcəyini bildirir və müsəlman olur...
O, əl-Malik olan Allahdır, varlığın mütləq sahibidir, O, mülkə möhtac olmayandır. İnsanın sahib olduğu hər şeyi O vermişdir, ona görə də insan mülkiyyətçi deyil, əmanətçidir. O, din (hesab) gününün Malikidir, o gün səlahiyyəti olan tək varlıq Odur, hökm Onundur, Onun iqtidarı üzərində iqtidar yoxdur, O, aləmlərin Malikidir, hökmü hər kəsə və hər şeyə aiddir.
Ayədəki əl-Malik adı əl-Məlik kimi də oxunmuşdur. Əl-Malik və əl-Məlik adları arasındakı fərqlərlə bağlı deyilənləri belə sistemləşdirə bilərik:
Paralel.az