MOM-da yaşanan şok

MOM-da yaşanan şok
 
Buraya ayaq basan hər kəs, bu ölkəni tərk etmək istəyir
 
Paralel.az xəbər verir ki,  Azərbaycan səhiyyə sistemindəki bərbad vəziyyət hər kəsə bəllidir, təkcə hökumət yetkililərindən başqa. Bilirsiniz niyə? Çünki ölkəmizdə az-çox imkanı olan (imkan da kimdə var, heç kimə sirr deyil) Azərbaycan səhiyyəsinə, Azərbaycan həkimlərinə güvənmir, öz sağlamlıqlarını onlara etibar etmirlər. Düz də edirlər. Bəs biçarə kasıblar nə etsinlər? İstədi-istəmədi varını-yoxunu verib, bu etibarını itirmiş zatları (onlara həkim deməyə, dilim belə gəlmir) varlandırırlar.
Məmləkətimizdə MOM adında bir insan bazarı (yəqin ki, qul bazarı, mal bazarı kimi ifadələri eşitmisiniz, bu da yeni bir bazardır, həkimlər icad ediblər, əllərindən başqa şey icad etmək gəlmir axı) var, açıqlaması Milli Onkologiya Mərkəzi. Adında milli sözü olsa da, burada Azərbaycanın milli xüsusiyyətlərindən əsər-əlamət yoxdur.
Nə üçün bazar? Çünki burada insan sağlamlığı deyil, pul-para daha önəmli səciyyə daşıyır. 
Səhər saat 9-00-dan 14-00-a qədər, bu dırnaqarası sağlamlıq mərkəzində müşahidə etdiklərimə əsaslanaraq deyə bilərəm ki, bu bazarda da, bir kərə qalxan qiymət ,bir daha enmir. Bu  bazarın «bazarkom»u nə qədər güclüdürsə, burada həkim adlanan dəllallar pulu heç kimdən qorxmadan, çəkinmədən, utanmadan, vicdanının səsini daxilində boğub öldürərək elə asanlıqla alırlar ki, qalırsan mat-məəttəl. Mən bu gün, bu can bazarında görüb-eşitdiklərimin hamısını qələmə alsam, çox uzun bir xalq faciəsi alınar. Amma buna nə hacət var ? Sadəcə, bir şeyi bilmək istəyirəm. Azərbaycanda ən böyük sağlamlıq mərkəzlərindən biri sayilan, bilavasitə dövlət başçımız, prezident İlham Əliyevin himayəsi altında fəaliyyət göstərən bu səhiyyə ocağını kimlər bazara çevirib?  Nə üçün və hansı səbəbdən bu tibb müəssisəsində Tibbi Sığorta keçərli deyil?
İkincisi, MİLLİ mərkəz statusu daşıyan bu tibb müəssisəsinə ayaq basan hər kəs nə üçün Azərbaycan vətəndaşı olduğuna görə xəcalət çəkir və bu məmləkəti tərk etmək istəyir?
Çox istərdim ki, yeni səhiyyə naziri və TƏBİB-in yeni rəhbəri bu suallarıma cavab versinlər. «Gücümüz çatmaz» etiraflarını da cavab kimi qəbul edə bilərəm.  
Yusif Seyid
0.027829885482788