Narkomaniya bizi hara aparır?
Əhməd Qəşəmoğlu: "Ölkəmizdə son zamanlar narkomaniyanın genişlənməsinin əsas səbəbi düşmən dövlətlərin ölkəmizdə bu istiqamətdə apardığı işlərlə bağlıdır"
Sosial şəbəkələrdə və rəsmi media resurslarında hər gün sintetik narkotik maddə olan "patı" və ya "şüşə"nin satışı və ya istehsalı ilə məşğul olan vətəndaşlarımızın qrup şəklində ifşa oldunduğu barədə kifayət qədər informasiyalara rast gəlirik. Bu informasiyaları izlədikcə belə bir təsəvvür yaranır ki, ölkədə xüsusi bir gözəgörünməz qüvvə bu prosesi dayanmadan körükləyir. Narkotacirlər hüquq mühafizə orqanları tərəfindən şəbəkə şəklində ifşa edilsə də azalmır.
İnsanı zombiyə çevirən sintetik tərkibli narkotik vasitələrdən istifadə edənlərin sayı durmadan artır, onların əksəriyyəti gənclərdir. Metamfetamin (istifadəçiləri arasinda şüşə və ya patı kimi adlandırılan) narkotik psixostimulyatorlardan istifadənin populyarlığı onun ucuzluğu və insan bədənində "müsbət" dəyişikliklər" yaratmaq gücü ilə izah olunur. Şüşədən və digər sintetik tərkibli uyuşduruculardan istifadə edənlər qısa müddətdə görünməmiş "şüur aydınlığı"na, "gücə və aktivliyə" malik olurlar. Onun asılılığına düşənlər çox keçmədən bu maddənin xroniki uzunmüddətli istismarının yaratdığı problemləri bütün spektri ilə yalnız orqanizmində deyil, həm də şəxsiyyətlərində, hərəkət və davranışlarında hiss edirlər.
Təbii şəraitdə yetişdirilən narkotik maddələr 5-8 dəfə, sintetik uyuşdurucular isə 2-3 dəfə istifadədən sonra asılılıq yaradır. Sintetik uyuşdurucuların müalicəsi təbii olanlara nisbətən daha çətindir. Belələrinə qarşı uzunmüddətli müalicə aparılmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Sintetik uyuşdurucu istifadəçilərində digər narkomanlara nisbətən ölüm riski yüksək olur.
Sintetik uyuşduruculardan təbii şəraitdə yetişdirilən narkotik maddələrdən ucuz olur. Ona görə də onun satış dövriyyəsi sürətlə genişlənir, istifadəçilərinin sayı durmadan artır. Əvvəllər xaricdən gətirilən sintetik uyuşdurucular hazırda daxildə istehsal olunur. Belə laboratoriyaları daha çox rayonlarda qurulur, şəbəkələnir və açıq şəkildə fəaliyyət göstərir.
İnternetdə açıq olan mənbələrdə bu maddə barədə müfəssəl məlumat əldə etmək mümkündür. Belə ki, metamfetamin və ya Azərbaycan dilində tanınan adı ilə "patı" və ya "şüşə" narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə. Bir çox narkotik maddə kimi 6-24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. IUPAC adı (S)-N-metil-1-fenil-propan-2-amin olan metamfetamin, ümumi adı Desoxyn® olaraq 5/10 mg həblər halında ABŞ bazarında var. Ancaq maddə qaçaq istehsal ilə tanınmışdır. Efedrin ya da Psödoefedrin molekulunu hidrogenizə edərək asanlıqla əldə edilə bilindiyi üçün hər yerdə istehsal etmək mümküdür. "Meth lab" də adlanan bu yerlər, istehsal əsnasında xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir.
Azərbaycanda sintetik narkomaniyanın geniş yayılmasının səbəblərini araşdırmaq, bu prosesin çiçəklənməsinə töhfə verən qüvvələrin müəyyənləşdirmək üçün vətəndaş cəmiyyəti və dövlətin güc strukturları birgə - koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Bu istiqamətdə aşkarlanan hər bir fakt təhlil edilməli, ona aid bütün qaranlıqlar aydınlaşdırılmalıdır. Gələcək fəaliyyət də məhz bu araşdırmalara uyğun qurulmalıdır.
Məsələ ilə bağlı bizimlə söhbətləşən sosioloq Əhməd Qəşəmoğlunun qənaətlərinə görə, ölkəmizdə son zamanlar narkomaniyanın genişlənməsinin əsas səbəbi düşmən dövlətlərin ölkəmizdə bu istiqamətdə apardığı işlərlə bağlıdır: "Mən düşmən dövlət dedikdə, heç də Ermənistanı nəzərdə tutmuram. Bizim ermənidən də betər düşmənlərimiz var, bunu dövlət orqanları çox gözəl bilir. 44 günlük müharibədə Azərbaycan gəncliyinin göstərdiyi şücaət bir sıra dövlətlərin kürkünə birə salıb. Məhz buna görə də həmin dövlətlərin bir qismi Azərbaycan gəncliyinin döyüşkənlik əzmini sındırmaq üçün ölkədə narkomaniyanın çiçəklənməsini körükləyir. Bu ölkənin milli təhlükəsizlik məsələsidir. Hazırda narkoticarət şəbəkəsi o qədər genişlənib ki, ona qarşı mübarizə institutlaşmalıdır. Bununla yanaşı cəmiyyət də kifayət qədər mürəkkəbləşib, diferensiallaşıb. Belə mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizə kompleks şəkildə və müxtəlif müstəvilərdə aparılmalıdır ki, onun səmərəli nəticələri əldə edilsin. Yoxsa, yalnız polis və digər güc strukturlarının hesabına effetiv mübarizə strategiyası qurmaq və nəticə əldə etmək mümkün deyil"
Akif Nəsirli