Ağıllı düşmən nadan dostdan yaxşıdır!

Ağıllı düşmən nadan dostdan yaxşıdır!
 

İranın sərhədlərimizdə keçirdiyi hərbi təlimlər rəsmən öz təsdiqini tapmasa da, amma təkzib də olunmur. “Azadlıq radiosu”nun “Fars Xidməti” isə bu təlimilərin Azərbaycan-İran diplomatik gərginliyi əsasında keçirildiyini deyir. “Xidmət” həmçinin qeyd edur ki, onların məsələ ilə bağlı Bakıya xəbərdarlığı təkcə bəyanatla bitməyib, İranlı sürücülərin həbsindən sonra “İnqilab Keşikçilərinin” 31-ci “Aşura” diviziyası Arazboyu əraziyə qoşun göndərməyə başlayıb. Azərbaycanın güc nümayiş etdirdiyini iddia edən “Radio Fərda” isə sərhədyanı bölgələrdə yaşayan insanların çəkib sosial şəbəkələrdə paylaşdığı videolara istinad edir. O videolar ki, orada hərəkət edən zirehli maşınlar, tanklar, raket qurğuları var. Həmçinin, “İnqilab Keşikçiləri”nin (İİKK) quru qüvvələrinin “Fəcr-3” “Fateh-110” raketlərini də görmək olur. Bundan başqa, İİKK-nin hərbi və mülki uçuş təyyarələrinin və kəşfiyyat pilotsuz təyyarələrinin Azərbaycan sərhəd boyu uçuşları qeydə alınıb. Yuxarıda qeyd etdiyimiz “Bakıya xəbərdarlıq” bəyanatı fikirinə gəlincə isə, burada söhbət yenə də İsrailin illər öncə Bakıya səfərindən narahat olan İran Müdafiyə nazirinin qısqanclıqla söylədiyi sərsəm fikirləri nəzərdə tuturlar. O fikirlər ki, tutarlı cavabı deputatımız tərəfindən verilmişdi.
Daha ətraflı, politoloq Nəzakət Məmmədovanın şərhində.
- Qüdrət Həsənquliyev bir parlamentin üzvüdür, yəni hökümətin vəzifəyə təyin etdiyi şəxs deyil ki, hökumət onun elədiyi açıqlamalara görə məsuliyyət daşısın. O, parlamentdə təmsil olunan müxalifət partiyasının lideridir. Hansı ki, partiyasının adı da “Bütöv Azərbaycan Xalq Cəbhəsi” partiyasıdır. Yəni partiya özünün ideyasında adından da göründüyü kimi bütöv sözü işlədir. Bütöv deyəndə Cənubi Azərbaycanı da nəzərdə tutub. İndiki İran ərazisinə iddiaları nəzərdə tutmuş bir partiyadır və onun da bu cür bəyanatlar verməsi təbiidir. Çünki partiyanın rəhbəri Elçibəy məktəbinin nümayəndəsidir, cəbhəçidir, hərəkatçıdır. Bu hərəkatçıların, Əbülfəz Elçibəyin türkçülük turançılıq və İrana münasibəti məlumdur. Qüdrət müəllim də görünür o xətti indiyə qədər öz siyasətində, mövqeyində saxlayıb. Yəni bu, Azərbaycan dövlətinin möqeyi deyil, parlamentdə xalqın seçdiyi təmsil elədiyi qanunverici orqanda bir millət vəkilinin fikridir. O, nə istəsə deyə bilər, onun fikridir. İran parlamentində də olur ki, dəfələrlə Azərbaycan əleyhinə fikirlər səsləndirilir. Biz orada səsləndirilən fikirləri Azərbaycanın əleyhinə olan fikir kimi dəyərləndirsək, İran deyəcək ki, bu İran dövlətinin mövqeyi deyil, bir parlament üzvünün, miillət vəkilinin şəxsi fikridir, ona qarışa bilmərik. Yəni bu parlament üzvlərinin fikirlərinə görə ictimai xadimlərin, yəni hökümətə daxil olmayan, hökümətin rəsmi vəzifəsini daşımayan şəxslərin fikirlərinə görə hökümətlər məsuliyyət daşımır, o cümlədən də Azərbaycan Hökuməti. Azərbaycanın mövqeyi İrana odur ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə gedərkən, avtomabil yolunun kənarında əli ilə İran-Azərbaycan sərhəddini, “Xudafərin körpüsü” tərəfə gedəndə göstərdi və dedi ki, “İran-Azərbaycan sərhəddi, dostluq sərhəddi”. Yəni İranı Azərbaycanın ən yüksək şəxsi, ali vəzifəli birinci şəxsi İranı dost dövlət adlandırdı. Bu, ölkə başçımızın dilindən İranla münasibətlərə dair verilmiş böyük qiymətdir.
- İran niyə təlim keçir?
- Yəqin ki, İran bunu, Azərbaycan-Türkiyə Xəzərdə hərbi təlimlərinə cavab olaraq həyata keçirir, İsrail şirkətlərinə işğaldan azad olunmuş ərazilərdə pay verilməsinə görə, ordakı fəaliyyətlərinə icazə verilməsinə görə və s . səbəblərdən. Yaxud, Zəngəzur dəhlizinin açılmasına görə - yəni İsrail şirkətlərinə işğal olunmuş ərazilərdə pay verilməsinə görə və Zəngəzur məsələsinin gündəmə gəlməsinə görə. İran sərhəddə Azərbaycana diplomatik dildə desək, demarş edir, yəni güc göstərir. Bəlkə də Azərbaycana yox Azərbaycanda möhkəmlənib də İrana qarşı ola biləcək qüvvələrə, yəni, Türkiyəyə, İsrailə, Pakistana... Bir sözlə, İran bundan çox narahatdır. İran özünün ənənəvi rəqibləri olan bu ölkələrin onun şimal sərhədlərində möhkəmlənməsindən narahatdır, narazıdır. Azərbaycan Respublikasına yox, Azərbaycanla müttəfiq olub İrana düşmən olan ölkələrə qarşı İran məncə bu mövqeyi göstərir. 
İran da, Rusiya da, bu bölgədə geosiyasi mövqeyi çox əlverişli olan, diqqət cəlb edən bu Qafqaz bölgəsində İranla Rusiya özlərini ənənəvi oyunçu sayırlar. İmperiya keçmişi olan ölkələr olaraq bu regionu bunlar həmişə öz maraq dairəsi, təsir zonası olaraq görüblər və bu gün buraya yad oyunçuların gəlməsi – Çinin, Amerikanın, Fransanın, İsrailin, Pakistanın, Türkiyənin burada möhkəmlənmək istəyi İranı narahat edir, eləcə də Rusiyanı. Rusiya da gördük ki, öz hərbi gəmiləri ilə gəlmişdi Xəzərə. Yəni İran bir tərəfdən, Rusiya digər tərəfdən burada marağı olan, möhkəmlənmək istəyən böyük güclərə dövlətlərə göstərmək istəyir ki buranın sahibi bizik və lazım gəlsə biz sizə qarşı bütün tədbirləri görərik, siz burada möhkəmlənə bilməzsiniz. Təbii ki, hər bir ölkə kimi Azərbaycanın öz suveren maraqları var, dövlət maraqları var. İran da bu məsələlərdə səbirli və dözümlü olsa yaxşı olar, çünki biz qonşuyuq, başqa dövlətlər gəldi gedərdi amma Azərbaycan və İran əbədi qonşulardır, Rusiya da bizim qonşumuzdur. Bölgənin problemlərini ilk növbədə buradakı ölkələr özləri həll etməlidir. Burada vəziyyəti gərginləşdirə biləcək addımlardan hər bir ölkə çəkinməlidir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü müqəddəsdir, toxunulmazdır. Ona heç bir ölkə. o cümlədən, də İran xələl gətirə bilməz, gətirməməlidir. Nə Dağlıq Qarabağa yük daşımaqla ermənilərlə ticarət etməklə, nə də, Qarabağdakı separatçı ermənilərlə... Bunu etmək qardaş, dost İran dövlətinə yaraşmaz. Çünki böyük dövlətin siyasəti də, diplomatiyası da böyük, müdrik və ali olmalıdır. Yəni bu baxımdan minillər boyu dövlətçilik təcrübəsi olan İran da bu addımları atmamalıdır Azərbaycana qarşı. Yoxsa, əksinə, Azərbaycanda antiiran əhval ruhiyyəsi artar.
İndi Qarabağ problemi həll olunub. Problem həll olunandan sonra bölgədə yeni geosiyasi şərtlər yaranıb. Dünyanın bir çox böyük ölkələrinin burada olmaq iddiaları var. Qeyd etdiyim kimi İngiltərə, Çin, Amerika, Fransa, Pakistan, İsrail, Türkiyə. Rusiya ilə İran bunu çox narahatlıqla qarşılayır. Bölgədə olan yeni geosiyasi şəraitdə də əsas söz sahibi Azərbaycan olmalıdır.
- Nəyə görə?
- Çünki regionda qalib dövlətdir. Şərtləri irəli sürən də qalib ölkə olur. Başqa ölkələr də Azərbaycanla razılaşmalıdır. Biz 3000 şəhid hesabına bu qələbəni əldə etmişik, Ali Baş Komandanın rəhbərliyi altında. Bu qələbəni qazanmışıqsa, öz qanımızla bu qələbəni yazmışıqsa, bunu heç kim bizə hazır gətirib vermiyib, başqa ölkələr də Azərbaycanın bu qələbəsini qəbul etməlidir və qalib dövlətlə hesablaşmalıdırlar. Təbii ki, bizim İsraillə yaxınlaşmağımız İranı qane etmir. Arzuolunmaz haldır ki, Yaxın Şərqdə bu iki böyük güc arasındakı uzun illər davam edən savaş bizim bölgəyə də sirayət edib, burada gərginlik yaratsın. Vəziyyətən çıxış yolu bu olardı ki, ölkələr bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşsın, münasibəti dost səviyyəsində saxlamaq üçün Ermənistanın haqsız mövqeyində onun yanında deyil, Azərbaycanın yanında dayansınlar. Hər bir ölkə mütləq şəkildə bir – birinin, suverenliyinə, milli maraqlarına hörmət etməlidir. Bölgədə sülh və əmin-amanlığın yolu bundan keçir...

Şahnaz Salehqızı, Paralel.az

0.02082896232605