“Namus dağarcıqlarının” qol gücü
Əhməd Qəşəmoğlu: ”Ciddi elmi təminatla bu texnologiyalar qurulmalıdır”
Bir neçə il bundan əvvəl millət vəkillərimizdən biri təklif edəndə ki, ölüm hökmü yenidən bərpa olunmalıdır, bu təklifinə görə, onu qınayanların səsi-küyü az qala bir il mətbuatın gündəmindən düşmədi. Adam haqlı idi, çünki hələ də ailə-məişət zorakılığı ilə bağlı məlumatlar bu gün diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatlıq doğurur. Münaqişələrin, qətllərin, intihar hadisələrinin kökündə adətən qısqanclıq nüansı dayanır. Bu səbəbdən olan ölüm hallarının sayının çoxalması ictimaiyyətdə narahatlıq yaradır.
Bəli, həyat yoldaşını uşaqlarının gözü qarşısında öldürən ataya əlbəttə ki, ölüm cəzası yaraşır. Bu hadisələri törədənlər fikirləşir ki, müəyyən qədər həbs cəzası alıb azadlığa çıxacaqlar. Amma ölüm cəzası qatil olmamaq şansı yaradar, bəlkə.
Hadisələr haqqında uyğun məlumatları incələdikcə, problemin uyğun həlli yollarını tapmaq istəyir adam. Bəziləri deyir cəmiyyət məşğul olmalıdır bu işlə, bəziləri, qeyri-hökumət təşkilatları yaxud bələdiyyələr və sairə müvafiq orqanlar aktiv olmalıdırlar. Bir sözlə, cinayətkarlar bilməlidirlər ki, cəmiyyətdə onlara qarşı barışmaz mövqe var. Yoxsa həbsxanada "namus dağarcığı" imici qazanıb, "qəhrəman" kimi hiss etmələrinə imkan verilməməlidir, bu "axırıncı sort varlıqlara".
Ailə-məişət zəminində qətllərin sayı niyə çoxalıb, bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır sualına cavab iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı, sosioloq Əhməd Qəşəmoğlunun şərhində daha düşündürücü, daha maraqlıdır:
“Cəmiyyətin səhvi çox böyükdür, hədsiz böyükdür. Həmin səhv eyni zamanda bu sualları yaradıb. Məsələ burasındadır ki, 20 ildir mən bu barədə deyirəm, amma heç kim eşitmək istəmir, uyğun qurumlar da eşitmək istəmir. Başa düşmürlər sanki.
Məsələnin kökü nə sosial problemlərdədi nə obirisində... bunlar hamısı o yançı vasitələrdi, əlavə vasitələrdir. Məsələnin kökü cəmiyyətin mahiyyətindədir, cəmiyyətin özünün o mövcudluq, fəaliyyət qanunauyğunluğundadır. Bunlara indi Azərbaycanda əhəmiyyət verilmir, bütün problem bundadır.
Məsələ budur ki, bu cəmiyyət günü gündən mürəkkəbləşir, hətta bir ay özündən əvvəlki aydan daha mürəkkəb olur. Mürəkkəbləşdikcə də insanların əsəblərinə təsir edir , cəmiyyət həssaslaşır. Belə bir vaxtda oturub 30 il, 40 il bundan əvvəlin metodları ilə bu problemləri həll etmək olmaz. İndiki vaxtda hökmən və hökmən elmi təminat vasitəsilə ciddi texnologiyalar qurulmalıdır. Bu dediyim cümlə sizin sualın cavabıdır. Ciddi elmi təminatla bu texnologiyalar qurulmalıdır.
Yoxsa ki, problemin kökünü sosial, siyasi - iqtisadi məsələlərdə axtarırlar. Bu məsələ sosioloq kimi mənim üçün ürəkağrıdıcıdır ki, səbəbləri orda axtarırlar. Özününüz də fikir verin min illərdir bütün müdrik insanlar, bütün peyğəmbərlər, dini kitablar hamısı bizə deyir ki, çalışın cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verin. Onu elə belə əhlikeflikdən demirlər. Çünki tarix, min illər, on minillliklər göstərir, insan axırıncı bizə məlum olan 5-6 min ilin məhuslu deyil ki...
Hansı bir cəmiyyətdə, ailədə, kiçik bir sosial qrupda mənəvi dəyərlər öndə olanda o qrup, o cəmiyyət özü özünü tənzimləyir. Mənəvi dəyərlər sıxışdırılanda, arxa plana keçəndə o cəmiyyətdə eybəcər hallar üzə çıxır - qarşıdurmalar, qantökmələr, hər cür şey. Gözünüzün qarşısına kiçik bir ailə gətirin, 5-6 nəfərlik ailə, ailədə də belədir, təşkilatda da belədir, kiçik bir qəsəbədə də belədir və bəlkə də yer üzündə də belədir. Məni heyrətə gətirən odur ki, bu barədə nə qədər deyiriksə divara dəyir, düşür yerə. Ölkədə humanitar siyasət dəyişməlidir, sosial siyasət dəyişməlidir, elmi əsaslarla dəyişməlidir. 150 ildən artıqdır, az qala 200 ilə çatıb ki , artıq Avropa bunu başa düşdü. Sensimonun vaxtında, XIX əsrin birinci yarısında belə bir hadisələr baş verdi Fransada. Onlar başladılar düşünməyə, təhlil etməyə ki, bunlar niyə baş verir.
Sosial amilin, siyası amilin, iqtisadi amilin təsiri altında deyil axı. Bəs niyə baş verir?
Bax, onda bu pozitiv sosiologiya elmi yarandı. Ondan bu yana onlarca elmi sahə yaranıb. O elmi sahələrin hesabına müxtəlif cəmiyyətlərdə bunu tənzimləyirlər. Məsələn, Yaponiya, Sinqapur, Cənubi Koreya kimi cəmiyyətdə tənzimləyirlər. Avropa indi pis günə qalıb, əvvəl tənzimləyə bilirdi. Avropada elə bir gərginlik yaranıb ki, artıq başını itirib. Ancaq mən uzun illər Moskvada olmuşam 10 il SSRİ-nin ən qabaqcıl elmi mərkəzlərinin birində aspirant olmuşam, işləmişəm . Mən özüm orada iştirak edirdim. Moskvadan təlimatlar alınırdı ki, Respublikalarda bu prosesləri necə tənzimləmək olar. Mən özüm də o təlimatları hazırlayan qrupların birində işləyirdim. Bir dövlət plan komitəsi var – orda, Moskvada hazırlanırdı və Respublikaların hər yanına o təlimatlar gedirdi. Burdan da alırdılar ki, Moskvadan təlimat gəlib, gənclər ittifaqı belə işləməlidir, qadınlar belə işləməlidir, kollektiv belə işləməlidir. Onda da müəyyən şeylər qaydasına düşürdü. Biz müstəqillik qazananadan sonra mən də dərhal bir elmi mərkəz yaratdım milli məclisdə. Mən bu gün heç bir məmuru başa sala bilmirəm ki, bu elmsiz, elmi təminatsız mümkün deyil. Hamı elə bilir ki, bu gün bunu hansısa bir vəzifəyə qoyublarsa, bu oldu ağıllı adam, bir təklif verəcək bu məsələ həll olacaq. Elə şey yoxdur. Məsələn, tutaq ki, bir adam xəstədir, ətrafında da doğmaları var, ona həkim kömək edə bilər yoxsa doğmaları? Təbii ki, həkim. Axı bu cəmiyyətdə də bu məsələlərin həkimi var, bu məsələlərin həkimi olacaq elm sahəsi var.
Azərbaycanda sosiologiya elmi, sosial iş eybəcər inkişaf edib, normal inkişaf etməyib. Bu barədə danışdıqca da elə bilirlər ki ,Əhməd Qəşəmoğlu özünə xal qazanmaq istəyir. Çox şükür ki, mənim ölkədə heç bir xal qazanmağa ehtiyacım yoxdur, mənim Amerikadan tutmuş Yaponiyaya qədər hər yanda yazılarım da çıxır, kifayət qədər də nüfuzum və hörmətim var. Mən bunu öz vətənim üçün deyirəm. Amma bunu eşidən yoxdur. Şoubiznes əhlindən birini çağırırlar, onun dediyi Əhmədin dediyindən 10 dəfə üstün olur - onu filan artist deyib axı.
Bir də qayıdıram ora ki, cəmiyyət günü gündən mürəkkəbləşir, həssaslaşır, mənəvi dəyərlər öz rolunu oynaya bilmir.
Mən 20 il bunnan əvvəl demişdim ki, bu çoxalacaq. Ürək ağrısı ilə deyirəm ki, belə getsə 3 aydan sonra, yarım ildən sonra daha çox olacaq. Çünki bu cəmiyyətin qanunauyğunluğudur, bunu heç kim idarə etmir. Bu cəmiyyətin öz mövcudluq, fəaliiyət qanunauyğunluğu var. Gərək çalışasan ki, mənəvi dəyərlər daha aparıcı rol oynasın, daha müsbət rol oynasın. Bunun üçün də humanitar siyasət dəyişməlidir, sosial siyasət dəyişməlidir. Necə ki dəyişmir, necə ki bununla bağlı aydın təsəvvür yoxdur. Çox ürək ağrısı ilə deyirəm ki bu işlər, bu proseslər daha da çoxalacaq”.
Şahnaz Salehqızı, Paralel.az