Siracəddin Hacı yazır...
SUAL VERİRLƏR Kİ, AZƏRBAYCANIN DİN ADAMLARI NİYƏ İRAN MOLLASINA CAVAB VERMİRLƏR?
I YAZI
İranın dini lideri Xamneyinin (İran Ana Yasasına görə son söz haqqı onundur, onun izni olmadan heç bir siyasi qərar verilməz, dövlətin siyasətini o müəyyən edir) Ərdəbildəki təmsilçisi Azərbaycanı ələ saldı, kiçiltdi, hədələdi, dedi ki, şirin quyruğu ilə oynamayın. Bu qorxutma siyasəti Azərbaycan xalqında haqlı olaraq ciddi etirazlar doğurdu, gözlər həm də din adamlarına çevrildi, dedilər ki, dindarlar – dindən danışanlar niyə susurlar? Cavablarımı sıralayıram:
- bu, dini deyil, siyasi məsələdir, Ərdəbildəki molla İran siyasətini müəyyən edən şəxsi təmsil edir, onun sözünü çatdırır. İlk sırada Azərbaycan dövlətinin siyasi qurumları etiraz etməlidirlər, ayrı-ayrı qruplar deyil, Azərbaycan Respublikası hədəf alınmışdır, ona görə də İran hakimiyyətinin təhdidi hər bir Azərbaycan vətəndaşının qüruruna toxunmuşdur. Hər şeydən öncə dövlət öz haqlarına sahib çıxmalı, haqlarına dil uzadanlara ciddi etiraz etməlidir;
- İran İslam dövlətidir, elə buna görə də ona dindarlar cavab verməlidir deyirsinizsə, bu da yanlışdır. Belə ki İran hakimiyyəti məsələyə dini deyil, siyasi yöndən baxır. Azərbaycanın öz ərazisində - Gorus-Qafan yolunda milli qanunlarını tətbiq etməsi, İranın Ermənistana, Qarabağ ermənilərinə yardım göstərməsinin ifşa olunması, Azərbaycan-Türkiyə-Pakistan silahlı qüvvələrinin birgə təlim keçməsi, Zəngəzur yolunun açılma imkanının ortaya çıxması, Azərbaycanın işğal olunmuş torpaqlarının çox önəmli hissəsini azad edərək güclənməsi, İran-Azərbaycan sərhədinin Azərbaycan əsgərinin nəzarətinə keçməsi, Azərbaycanda Türkiyənin mövqeyinin güclənməsi... İranı ciddi narahat edir;
- İranın siyasətini müəyyən edənlər Azərbaycanı birbaşa (öz dilləri ilə) təhdid etmirlər, danışmırlar, danışdırırlar. Bunun dörd önəmli səbəbi var: a) İran iddia etdikləri kimi şir deyil, güclü deyil, ən azından qoca şirdir; b) Azərbaycanla aranı tam açmaq istəmirlər, hərəkət imkanı qoyurlar; c) Azərbaycana birbaşa hücum etsələr, bunun nəticələrinin çox ağır olacağını bilirlər; d) Rusiya siyasətinin əsası qorxutma, şiddət, zorakılıq, hərbi gücdür, İran siyasətinin əsası isə hiylədir, İran hakimiyyəti sənə həm qardaşıq, dindaşıq deyər, həm də xəncəri kürəyinə saplayar, İran siyasətinin dili çox şirindir, təriflərlə doludur, sənə dindaşım deyər, utanmadan sənin düşmənin Ermənistana silah göndərər. İranın Azərbaycan siyasətində qorxutma da var, məsələn, sərhədə qoşun yığır, ancaq bu, həlledici vasitə deyil, həlledici vasitə gizlilik, hiylə, aldatma, ikiüzlülük, tərifdir. Hiylə örnəyi: İran hakimiyyəti Azərbaycanı hədələmək üçün məhz türk olan molla seçir, Qarabağ ermənilərinə yük daşıyan sürücülərin də məhz türk olmasını istəyir, nəticədə, türkləri üz-üzə qoyur, didişdirir, siyasəti müəyyən edənləri gizləyir.
İndi gələk Azərbaycan dindarları niyə İran mollalarına cavab vermirlər sualına. Sıradakı yazıda...
Paralel.az