Erməninin dayağı olan Fransa Azərbaycana dəstək vermək qərarına gəldi
Sülhəddin Əkbər: "Fransa baş verənlərin fərqindədir, artıq bu siyasətin əks nəticə verdiyini görüb, siyasət dəyişikliyinə getmək qərarı verib"
Paralel.az-ın məlumatına görə, Sentyabrın 20-də ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb. Səfərin başlıca məqsədi Fransa Respublikasının Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin ayrılması və bu sahədə dəstəyin istiqamətləri müzakirə edilməsi olunub.
Yaxın gələcəkdə iki tərəf arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.
Maraqlıdır, bütün münaqişə boyu və 44 günlük Vətən Müharibəsi dönəmində birtərəfli qaydada Ermənistanın işğalçı siyasətini dəstəkləyən Fransa nədən Azərbaycanda ermənilərin bastırdığı minaların təmizlənməsinə və bu istiqamətdə digər sahələrə dəstək vermək fikrinə düşüb?
Sualı AzDP sədri, siyasi şərhçi Sülhəddin Əkbərə ünvanladıq. S.Əkbər bildirdi ki, Fransa imperyalis tarixi olan bir dövlətdir və həmişə eqoist siyasət aparıb: "Xüsusən də son dövrdə Fransanın eqoist siyasəti antiislam və antitürk xarakter almışdı. Ancaq Fransa gördü ki, onun bu siyasəti hər hansı bir uğura gətirib çıxarmadı. Tam tərsinə, bu siyasi yarışda o heç Türkiyəni belə üstələyə bilmədi. Bu özünü həm şərqi Aralıq dənizində, həm Livyada, həm Suriyada, həm də İkinci Qarabağ Savaşında özünü açıq şəkildə göstərdi. Hətta, son zamanlar Fransa öz Qərb siyasi bolkunda belə təklənmiş görünür.
Düşünürəm ki, Fransa baş verənlərin fərqindədir, artıq bu siyasətin əks nəticə ("contr produktiv") verdiyini görüb, siyasət dəyişikliyinə getmək qərarı verib. O cümlədən də bizim regionda Azərbaycana yönəlik siyasətində mövqe dəyişikliyi edir. Çünki onun apardığı radikal antiAzərbaycan siyasətinin Qərbin özündə belə əks nəticə verdiyini görür. Ona görə də Fransa yenidən Azərbaycana dönmək, onunla münasibətlərini normallaşdırmaq istəyir".
Akif Nəsirli