Azərbaycanda narkomaniya artır
Görülən tədbirlərin isə səmərəsi çox azdır
Son aylar Azərbaycanın bütün bölgələrində, eləcə də paytaxt Bakıda narkomaniyaya qarşı ciddi mübarizəyə start verilib. Biz hər gün mətbuatda onlarla narkomanın və narkotik tacirlərinin tutulduğu barədə məlumatlara rast gəlirik. Amma nə narkomanların sayı azalır, nə də narkotacirlər öz əməllərindən əl çəkirlər. Mənə belə gəlir ki, bunun bir çox səbəbləri var və biz səbəblərə yox, nəticələrə qarşı mübarizə aparırıq. Əslində isə ilk növbədə səbəblərin aradan qaldırılmasına çalışmalıyıq. Sadəcə, narkomanları və narkotacirləri həbs etməklə bu bəlanın qarşısını almaq mümkün deyil. Narkomanların və narko ticarətin artmasını stimullaşdıran səbəbləri mütəxəssislər- həkimlər, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də bu sahadə fəaliyyət göstərən QHT nümayəndələri - tərəfindən araşdırılmalı, təhlil olunmalı müəyyən bir mübarizə konsepsiyası hazırlanmalı, tədbirlər görülməlidir. Yəni bu, təkcə dövlətin və hüquq-mühafizə orqanlarının işi deyil. Ümumilikdə cəmiyyət bu bəlanı yaradan səbəblərin aradan qaldırılmasında maraqlı olmalıdır. İlkin mərhələdə əsas diqqət təhsil və idman müəssisələrinə yönəlməlidir. Çünki bu müəssisələr daha çox yeniyetmələrin və gənclərin toplaşdığı bir məkandır. Onu da xüsusi vurğulamaq lazımdır ki, yeniyetmələrdə və gənclərdə narkomaniyaya meyillik, əsasən asudə vaxtlarını səmərəli keçirə bilməmələri üzündən yaranır. Deyə bilərsiniz ki, ölkəmizdə yüzlərlə idman və əyləncə yerləri var ki, yeniyetmələr və gənclər öz asydə vaxtlarını orada keçirə bilərlər. Var, bəli, bunu heç kim inkar etmir. Amma həmin idman mərkəzlərinə, zallara, Fitnes klublara giriş haqqı o qədər yüksəkdir ki, 1000 yeniyetmə və gəncdən yalnız 1-2-si oraya düşə bilir. Azərbaycan idmançılarının Tokioda göstərdiyi nəticələr də onu deməyə əsas verir ki, ölkəmizdə böyük idman saraylarına, olimpiya komplekslərinə yox, kiçik məhəllə klublarına və hər kəsin istifadə edə biləcək zallara daha böyük ehtiyac var. Ən əsası da, həmin zallar və klublar yeniyetmə və gənclərin üzünə açıq olmalı, orada idmanla məşğul olmağa görə heç kimdəndən ödəniş tələb olunmamalıdır.
İkinci səbəb uşaqların uzun müddət kimsənin nəzarətində olmamalarıdır.
Bu gün istər paytaxt Bakıda, istərsədə bölgələrdə yetərincə bağçaların və körpələr evlərinin olmaması müşahidə olunur.. Valideyinləri işdə olduqları zaman uşaqlar tam nəzarətdən kənarda qalırlar ki, bu da bilavasitə valideynlərin maddi imkansızlıqları ilə bağlıdır. Bu gün Bakıda və ətraf qəsəbələrdə bir uşağın dövlət uşaq bağçasına (məktəbəqədər təhsil müəssisəsi) yerləşdirmək üçün valideynlər ən azından 300-500 manat pul ödəmək (rüşvət vermək) məcburiyyətindədirlər. Aidiyyəti qurumlar isə bütün bunları görməzdən gəlirlər. Sanki, bütün bunların onlara heç bir aidiyyəti yoxdur. Valideynlərin əksəriyyətinin isə buna gücü çatmır.
Azərbaycan hökuməti istədiyi halda bu problemi az bir zamanda yoluna qoya bilər. Bunun üçün dövlətin yetərincə imkanları da var. Məsələn, prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizin hər yerində çox gözəl idman kompleksləri tikilib «istifadəyə verilib». İstifadəyə verilib sözünü dırnaqda ona görə yazdım ki, əslində həmin komplekslərin böyük əksəriyyəti ağzı bağlı qalıb, yaxud da onlardan, yalnız məmurlar və məmur övladları istifadə edə bilirlər. Kasıbları isə oraya heç yaxın belə buraxmırlar. Bu tendensiya ciddi dövlət nəzarəti altında aradan qaldırılmalıdır.
Biz hər söz düşəndə sovet rejimini tənqid etməyin adətkarına çevrilmişik. Amma o dövrdə körpələrə, uşaqlara, yeniyetmələrə və gəncləriə yanaşma tamamiylə fərqli idi. Dövlət heç kimi nəzaratindən kənarda qoymurdu. Hər rayonda, kənddə pulsuz-parasız fəaliyyət göstərən klublar, idman zalları var idi. Həmin klubların nəzdində isə müxtəlif dərnəklər fəaliyyət göstərirdi ki, hər kəs orada öz marağına uyğun bir iş tapırdı. Yaxud da, müəllim şagirdin maraq dairəsini nəzərə alaraq ona hansı dərnəyə yazılmağı məsləhət görürdü.
Bakının mərkəzində isə əzəmətli «Pionerlər evi» fəaliyyət göstərirdi ki, orada daha talantlı uşaqlar, öz bacarıqlarını inkişaf etdirə bilirdilər.
Bu gün isə bunların heç biri yoxdur. Valideynlərin böyük əksəriyyəti ancaq ailənin maddi problemlərinin həlli üçün çalışır, uşaqlar isə əsasən nəzarətdən kənarda qalırlar. Hazırda belə imkansız uşaqlara yolayrıclarında, bazar və vaqzallarda, metro stansiyalarının çıxışlarında, avtobus dayanacaqlarında rast gəlmək mümkündür.
Görəsən, kimsə hesablayıbmı ki, bugün təkcə Bakı küçələrində nə qədər talantlı uşaq məhv olub gedir, potensial narkomanlara və cinayətkarlara çevrilirlər.
Bu da təkzib olunmaz faktdır ki, körpəlikdə dilənməyi öyrənən uşaq, bir qədər böyüdükdən sonra oğurluğa, daha sonra isə
quldurluğa başlayacaq. Bunun günahı bəyəm həmin körpə uşaqdadır?
Hesab edirəm ki, onları bu yoldan qaytarmaq üçün xüsusi Dövlər Proqramı hazırlanmalı və az bir zamanda həyata keçirilməsi üçün lazım olan bütün işlər ən yüksək səviyyədə gerçəkləşdirilməlidir. Biz artıq 30 il gecikmişik və bu gün cəmiyyətimiz bu gecikmənin nəticələrini gündən-günə artan cinayətlərdə, narkomaniya və intihar hallarında görür.
Yaddan şıxarmamalıyıq ki, bu gün sadəcə, çörəkpulu üçün küçədə salfet, qələm satan kiçik uşaqlar da, bir müddət sonra narkotacirlərin qurbanlarına çevrilmək təhlükəsi qarşısındadırlar. Onları bu təhlükədən qorumaq bir cəmiyyət olaraq hər birimizin öhtəsinə düşən vəzifədir.
Hazırda polisin gündəlik narkotika əməliyyatlarında yaxalananların da, əksəriyyəti yəqin ki, uşaqlıqlarını küçələrlə keçiriblər. Onların arasında gənc qızları və qadınları görmək isə əsl faciədir.
Biz bəzən mentalitetdən, milli-mənəvi dəyərlərdən çox danışırıq, amma onun mahiyyətinə varmaq istəmirik. Qadın dilənçi, qadın narkoman, qadın narkotacir, eyni zamanda qadin ana, qadın bacı, qadın həyat yoldaşı bütün bunları bir mentalitetə necə sığışdıraq?
Mən bu yazımda qadın alverinə, fahişəliyə toxunmadım. Amma narkomaniyanın hər zaman fahişəliklə, qadın alveri ilə paralel addımladığının da fərqindəyəm. İnsan tacirləri qadınları əmtəəyə çevirmək üçün onları ilk əvvəl narkomana çevirir və özlərindən asılı vəziyyətə salırlar. Bundan sonra həmin binəvalar insanlıqdan çıxıb, sadəcə olaraq, satdıq əmtəəyə dönürlər.
Bütün dünyada «ağ ölüm» adlandırılan narkomaniya, artıq rəngini də dəyişib. Əgər «ağ ölüm»dən insanı xilas etmək mümkün olurdusa, bu gün dövriyyədə olan kimyəsal «Patı» kimi narkotiklər, artıq potensial ölüm mənbəyidir.
Əgər biz yeniyetmələri və gəncləri bu bəladan xilas etmək istəyiriksə, təkcə əməliyyatlar vasitəsiylə onlardan bəzilərini cəmiyyətlən təcrid etməklə işimizi bitmiş hesab etməməliyik. Ölkəmizdə narkomaniyanı kökündən məhv etmək üçün kompleks tədbirlər həyata keçirməliyik. Burada isə uşaqların, yeniyetmə və gənclərin asudə vaxtlarının düzgün təşkili ən əsas faktorlardan biridir.
Yaddan çıxarmayın ki, narkomaniya heç də ermənidən zəif düşmən deyil. Biz ermənilər üzərində qələbəyə nail olmuşuqsa, heç şübhəsiz ki, bu bəlaya da qalib gələ bilərik.
Yusif Seyid