Paşinyan anlamır, yoxsa təxribat edir?
Qabil Hüseynli: "Bölgədəki vəziyyətin stabilləşməsi, yaxın qonşuluq münasibətlərinin qurulması üçün Ermənistan ilk növbədə Azərbaycanla münasibətlərini qurmalıdır"
"Ermənistan hökuməti Türkiyədən dialoqun qurulması ilə bağlı gələn siqnalları müzakirə etməyə hazırdır".
Paralel.az xəbər verir ki, bunu dünən Nikol Paşinyan parlamentdə deputat Sarkis Xandanyanın sualını cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib.
N. Paşinyan qeyd edib ki, əgər dialoq başlayacaqsa, Ermənistan hökuməti təbii olaraq bu barədə vətəndaşlarını məlumatlandırmalıdır.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, hazırkı vəziyyətdə Ermənistanın Türkiyə ilə münasibətlərinin qurulması Azərbaycanla münasibətlərin qurulmaqdan keçdiyi halda, Paşinyan birbaşa Türkiyə ilə münasibətlərin qurulmasını hədəf seçib. Doğrudanmı, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmadan Türkiyə ilə münasibətlər qura bilər? Bu sualla politoloq Qabil Hüseynliyə müraciət etdik. Politoloq bildirdi ki, Paşinyan ya hələ də məsələnin nə yerdə olduğunu dərk etmir, ya da erməni hiyləgərliyi ilə Türkiyə-Azərbaycan münasibətlərinə rəxnə salmağa çalışır: "Amma bu mümkün deyil, Türkiyə dəfələrlə bəyan edib ki, Eriənistan Azərbaycanla münasibətlərini qaydaya salmadan Türkiyə ilə münasibətlərini inkişaf etdirə bilməz. Yəni, hazırda Ermənistanın əsas problemi Azərbaycanladır, bu sərhədlərin dəqiqləşdirilməsi, ərazi bütövlüyünün tanınması və sülh sazişinin hazırlanmasından ibarətdir. Yalnız bundan sonra kommunikasiyaların açılması və Ermənistanın Türkiyə ilə əlaqələrinin qurulması mümkün olacaq. Paşinyan yenidən səhvə yol verərək Sürix protokollarını dirçəltməyə çan atır. Həmin protokolda Türkiyə ilə Ermənistan sərhədlərinin açılması nəzərdə tutulmuşdu, amma bu mümkün olmadı. Diplomatik münasibətlərdən isə hələ heç danışmağa dəyməz.
Rusiya da Ermənistanla Türkiyə arasında münasibətlərin yaranmasına dəstəkci kimi özünü təqdim edərək, təxribatçı mövqe nümayiş etdirir. Heç kimə sirr deyil ki, bu iki qardaş ölkə arasında "Şusa Bəyannaməsi" kimi çox güclü bir müqavilə var. Bu sənədlə Azərbaycan-Türkiyə münasibətləri elə səviyyəyə qaldırılıb ki, burada "Azərbaycanın ayağına dəyən daş, Türkiyənin ayağına dəymiş daşdır" prinsipi əsas götrülüb. Bölgədəki vəziyyətin stabilləşməsi, yaxın qonşuluq münasibətlərinin qurulması üçün Ermənistan ilk növbədə Azərbaycanla münasibətlərini qurmalıdır. Bunun ardınca İravan paralel olaraq Ankara ilə də münasibətlərini normallaşdıra bilər. Ermənistan bunu nə qədər tez anlasa bir o qədər yaxşı olar".
Akif Nəsirli