Prezident məmurları sərt tənqid etdi - məmurlara təsiri olacaqmı?..
Məmurlara təsiri olacaqm?
Srağagün cənab Prezident Cəlilabad və Şəmkir rayonlarına icra başçısı təyin etdi.
Başçı vəzifəsinə təyin olunmuş hər iki şəxsi videokonfrans formatında qəbul edən ölkə Prezidenti onlara öz tövsiyyələrini və tapşırıqlarını verdi. Eyni zamanda, həbsdə olan sabiq icra başçılarının acı taleyini də onlara xatırlatdı: "...Əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər. İstintaq gedir, istintaq hər şeyi göstərəcək. Ancaq ilkin məlumatlar, o cümlədən, sübutlar və istintaq materialları deməyə əsas verir ki, bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi tam əsaslı idi.
Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Nəyə görə? Törətdikləri cinayət əməllərinə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha sizə və digər bütün məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürüb bazarda satıblar. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilərmi?!
Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edirsə ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir".
Ölkə prezidenti daha sonra deyib: "Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi."
Cənab prezident sahibkarlara yaradılan problemlərə də münasibət bildirib: "Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam."
Preziden sözünə davam edərək qeyd edib: "Əks təqdirdə, sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır.
Ümid edirəm ki, siz mən deyən kimi işləyəcəksiniz...
İctimai nəzarət güclü olmalıdır... Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq..."
Prezidentin çıxışı ilə tanış olan hər kəs hiss edir ki, ölkə rəhbəri Azərbaycandakı duruma ciddi nəzarət edir və baş verən hər bir hadisədən xəbərdardır...
Tapdıq Abbas