Bizim Zərnişan xanım

Bizim Zərnişan xanım
 

Qadın olmaq bir şərəfdir,

Qadınlığı bilən üçün.

Qadın olmaq bir fərəhdir,

Hər həyata gələn üçün.

O anadır, o bacıdır.

O qeyrətdir, baş tacıdır.

O bibidir, o xaladır.

Hər bir dərdin əlacıdır.

 

Sözümüzə təbiət alimi Diane Mariechildin sözləri ilə başlamaq istərdim. "Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə döndərmə gücləri vardır". Bəli, Mariechildin düşüncəsindəki kiçik bu cümlə çox böyük bir fikri ifadə etməklə yanaşı, qadının Yaradana  bərabər bir güc, qüvvə olduğunu əks etdirir. Qadın eyni zamanda bəşəriyyətin davamçı qolu, Allahın yaratdığı ülvilik, gözəllik, təmizlik rəmzidir.

Qadın kimdir? Qadın olmaq nədir? Qadınlıq hissi nədir? Bu suallar ta qədimdən bu günə qədər insan övladını düşündürüb, qadın müxtəlif anlayışların məcmu halı kimi qələmə verilib.

Qadın uşaqdır - Zərnişan Vəlixanlı o, doğularkən ağlayar, bəzən onu sevməzlər, bəzən onu tapmazlar.

Qadın yeniyetmədir - Zərnişan Vəlixanlı o, çox gözəldir. Hər kəs ona heyranlıqla tamaşa edər. Bəzən həddən çox küskün, bəzən həddən çox sevimlidir.

Qadın gəncdir -  Zərnişan Vəlixanlı hisləri ilə düşəncələri fərqlidir. Hər kəs ona sahib olmaq istəyər. Bəzən hisləri onu aldadar, bəzən onu əhatə edən mühitin təsiri altında hislərini gizlədər.  Özünə qapanıq həyat sürər. Bəzən öz həyatını yaşamaz, sevməz, bəzən sevdiyi üçün hər şeyi edər.

Qadın həyat yoldaşıdır - Zərnişan Vəlixanlını sevən, hörmət bəsləyən, sadiq, namuslu həyat yoldaşı. O həm sevilir, həm dostluq edir. Gedə bilməyəcəyin sonuncu dayanacağı sənə görə sona qədər gedən, addımlarını geri çevirməyən həyat yoldaşı.

Qadın anadır - Zərnişan Vəlixanlı bəşəriyyətə övlad bəxş edən ana! Ulularımız demişkən, kirpiyi ilə od götürüb, yuxusuz gecələrindən bezməyən, balasını canı ilə, qanı ilə bəsləyən Ana! Bəzən övladı üçün nağıl qəhrəmanı olan, bəzən həzin laylaları ilə bülbül ehtivası çıxaran Ana!

Qadın mələkdir  - "Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir" (Avreli Avqustin).

Haqqında söz açdığımız Zərnişan xanım Vəlixanlıda da sadalanan xüsusiyyətlərin hamısı cəmlənib.  Elə bil bir qadın kimi əzab-əziyyətləri çəkmək, problemləri az qala hər gün yaşamaq da, onun bəxtinə düşüb. Hər gün biz ona, özü özünə təsəlli verir ki, bu problemlər, əziyyətlər keçicidir. Bir az səbir elə. Allah səbir edənləri, təmkinlik göstərənləri çox sevir. Elə Sizi sevdiyi kimi!

Zərnişan xanım üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir: "Bəlkə biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki, qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut  tapmırlar. Varlığınla yoxluğun bilinmir. Ömür var, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. Xalqın tarixinə, yaddaşına köçür. Yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü , xoşbəxtlik mənim üçün budur..."

Zəhməti, əziyyəti, əsəbi, qələmi, gecə-gündüz çalışmağı hesabına çox şeyə nail olub qəhrəmanımız. Xeyirxahlığı, təvazökarlığı, işgüzarlığı, gözəl övladları ilə başqalarına nümunədir. Sevincini dostları ilə bölüşür, dərdini, kədərini, nisgilini, acısını-ağrısını içində yaşadır Zərnişan xanım. Həyat çox hallarda üzünə gülməsə , o, gülməyi, dostlarının sevincinə sevinməyi bacarıb. İmkanları geniş, dostları çox olsa da, heç vaxt, heç kəsə öz işi üçün ağız açmayıb. Ailənin ruzisi isə onun qələmindən, əziyyətindən çıxıb...

Bu yazıya tam səmimi ruhda kökləndik, xüsusilə qeyd edək ki, içdən gələn ürək sözlərimizi olduğu kimi çatdırmağa çalışdıq. Əsasən ən xoş, ən ülvi arzularımıza xitabən: Hörmətli Zərnişan xanım, sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti daha böyük uğurlar diləyirik! Ulu Yaradan daim Sizi qorusun! Haqqınızda rəsmi bioqrafik məlumatları da oxuculara çatdıra bilərdik. Lakin lüzumsuz hesab etdik. Ona görə ki, bir daha qeyd edirik: bu yazı mükəmməl sayılmasa belə, siz hər halınızla sizi dəyərləndirənlərin qəlbində mükəmməl insan kimi varsınız! Dünya durduqca var olun!

Bu gün həmin qadınlıq missiyasını, qadınlığın ağırlığını çiyinlərində şərəflə daşıyan Zərnişan xanımın doğum günüdür həm onun yubileyidir. Ona çalışdığı sahədə cəfakeşlik, fədakarlıq, əzmkarlıq, şəxsi həyatında sonsuz uğurlar sevinclər arzulayırıq. Dünyaya gəliş gününüz mübarək!

 

Sizə dərin hörmətlə,

Şamo Nərimanoğlu, Cəmil Zəbhullaoğlu, Cahan Salmanqızı, Daşdəmir Əjdəroğlu, Xəlil Kan bizim Dönməz.

"Paralel" qəzetinin kollektivi bu təbrikə qoşulur, sevimli Zərnişan xanıma cansağlığı, səadət xoşbəxtlik arzulayır.     

0.020153999328613