Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümüdür

Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümüdür
 



1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan, Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etməkdən ibarət idi. Milli hökumətin ixtiyarında olan cəmisi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi.
Cümhuriyyətin qurulması ərəfəsində Azərbaycan təmsilçiləri İstanbula gedərək Osmanlı Türkiyəsindən köməklik istəmişdilər. Türkiyənin hərbi naziri Ənvər Paşa vəziyyəti nəzərə alaraq qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etmək barədə əmr vermişdi.
1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında «Qarşılıqlı yardım və dostluq haqqında” imzalanan müqaviləyə əsasən, Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.
Lakin Bakı Sovetinin bolşevik-daşnak ordusu Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma başlamışdı.
Hərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhali talanlara və soyqırımına məruz qoyulurdu. İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etdi. 27 iyun-1 iyul tarixində Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz İslam ordusu Bakı istiqamətində əks hücuma başladı. Daşnak-bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Növbə Bakıya çatdı.

Qurtuluş paradı. 16 sentyabr 1918
Həmin vaxt bolşeviklərə qarşı olan və Çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin komandanı polkovnik Lazar Biçeraxovun qoşunu da Bakıda idi. Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə mövqeyi tutmuşdu.
Bakı Xalq Komissarları Sovetinin həyata keçirdiyi antiazərbaycan siyasəti bolşeviklərin tamamilə nüfuzdan düşməsinə və 1918-ci il iyulun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə edən eser-menşeviklər və daşnaklar avqustun 1-də Bakıda oyuncaq Sentrokaspi Diktaturası adlanan idarəetmə orqanı yaratdılar. Bu orqan da ilk gündən bolşeviklərə divan tutmaq və Cənubi Azərbaycanda olan ingilis qoşununu Bakıya dəvət etmək mövqeyi tutdu. Avqustun 4-də 300 zabit və əsgərdən ibarət ilk ingilis dəstəsi Bakıya gəldi.
Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Həmin gün Qafqaz İslam ordusu Əlahiddə Azərbaycan korpusu ilə birgə Qurd qapısı istiqamətindən Bakı üzərinə hücuma keçdi. Lakin ilk hücum uğursuz oldu.
Avqustun 17-də Britaniya ordusunun generalı Lionel Denstervilin Bakıya qoşun çıxarmasını Erməni Milli Şurası böyük sevinclə qarşıladı. Denstervilin Bakıdakı hərbçilərinin sayı təqribən 1000 əsgər və zabitdən ibarət idi. Ordu qərargahı "Avropa" (indiki Lukoyl şirkətinin binası) otelində, ordunun digər xidmətləri isə "Metropol" (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası) otelində yerləşdirilmişdi. Denstervilə Bakı neftinə sahib olmaq və Qafqaz İslam ordusunu şəhərə buraxmamaq tapşırığı verilmişdi.
Biçeraxov general Denstervillə gizli razılığa gələrək, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirmişdi. Biçeraxov iyulun 30-da Qafqaz İslam ordusu qarşısında məğlubiyyətin labüd olduğunu görərək, dəstəsini cəbhə xəttindən çıxarıb Port-Petrovsk (indiki Maxaçqala) istiqamətində şimala çəkildi.
Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı.
Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.
Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
Bakıdakı Türk Şəhidliyi
Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid vermişdi. Ümumiyyətlə isə xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdir. Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə 10-larla şəhidlik mövcuddur.
1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi. Lakin Azərbaycan xalqı türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, verdiyi qurbanları həmişə ehtiramla yad etmişdir.
Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun şərəfinə, şəhidlər Xiyabanında abidə ucaldıldı.
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığını əbədiləşdirdi.

Paralel.az, Babək Muradov

0.084120035171509