Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı
 

 

Cari ilin 18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub. Əsasən Bakı şəhərində təşkil olunacaq festivalın zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alacaq.

Bundan əlavə, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması nəzərə alınaraq, bu ilki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək. Sentyabrın 18-də Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.

Eyni zamanda, sayca XIII olan bu festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb. Bu ilki festival çərçivəsində həmçinin ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq.

Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVİD pasportu ilə giriş mümkün olacaq.

 

Paralel.az

0.016833066940308