“Dildə, fikirdə, işdə birlik” carçısı - İsmayıl bəy Qaspıralı
Yazı türk dünyasının milli iftixarı İsmayıl bəy Qaspıralının anım gününə həsr olunub.
Aydın Mədət oğlu Qasımlı,
Filologiya üzrə fəlsəfə doktoru
Bütün dünyada müsəlman Türklərin birliyinə çalışan, nəşr etdirdiyi “Tərcüman” qəzeti ilə bu ideyanın gerçəkləşməsinə xidmət edən, “Dildə, fikirdə və işdə birlik” ideyasının müəllifi, Türk dünyasının milli iftixarı İsmayıl bəy Qaspıralının (1851-1914) bütün Türk aləmində milli oyanış hərəkatının gəlişməsində müstəsna xidmətləri olmuşdur.
Qızıl Orda İmperatorluğu parçalandıqdan sonra Hacı Girayın başçılığı ilə yaradılan Kırım Xanlığı 1534-cü ilə qədər müstəqil, XVIII əsrin sonuna qədər Osmanlı İmperatorluğunun tərkibində, 1783-cü ildən isə çar Rusiyasının müstəmləkəsinə çevrilərək Türkiyə Türkləri ilə bütün siyasi, mədəni və ədəbi əlaqələri tamamilə kəsilmiş, XIX əsrin II yarısına qədər Kırım Türkləri bir durğunluq dövrü yaşamışlar. Rusların Kırımı işğal etdiyi illərdən başlayaraq Kırım Türklərini xristianlaşdırma siyasətinə qarşı çıxan Kırım Tatarları müsəlmanlığa və xüsusilə “Təsəvvüf fəlsəfəsi”nə dayanaraq “Nəqşibəndi” və “Veysi” təriqətlərinə bağlanaraq din ilə bərabər “Millətçiliyə” sarılmış, Macar alimi Rasonyinin yazdığı kimi “Kafir rusların boyunduruğundan qurtulmağa çalışmışlar” (Bax: Prof. Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara. 1971. Səh.275). Ruslar həmçinin Türk birliyini pozmaq və müsəlman Türkləri xristianladırmaq məqsədilə Rusiya İmperatorluğu tərkibindəki Türk bölgələrində Rusiyaya xidmət edəcək müəllim yetişdirmək üçün açdıqları seminariyalar 40-50 ildən artıq Kırımda da davam etmişdi. Öncələri bu fəaliyyət Kırım və digər Türklər üçün zərəri görünsə də, bu seminariyalarda rus missionerləri əvəzinə milliyyətçi gənc müəllimlər yetişmiş, bu seminariyalardan məzun olan Türk gəncləri yerli Türkcələrdə əsərlər yazmağa, qəzet və jurnallar buraxmağa və beləliklə də Türk gənclərini milli ruhda yetişdirməyə başlamışdılar.
Çar Rusiyasının açdığı “Tatarskaya şkola” adlı missioner yetişdirmə məktəblərindən bir sıra Türk ziyalıları ilə yanaşı Rəşid Mediyev, İlyas Mirzə Boraqanski, Osman Akçokraklı, Hüseyn Şamil Toktarqazi, Həsən Çergeyev və b.kimi milli Kırım Türk ziyalıları, Mithaf Rifatov, Osman Zatov, Xəlil Çapcaqçı və b. kimi inqilabçılar çıxmışdı.
Bu dövrdə həmçinin İstanbulda təhsil alan Cəfər Seyid Əhməd Kırımər, Həsən Səbri Ayvazov, Cəmil Gərməncikli və b. kimi ziyalıların da Kırım Türk gənclərinin milli ruhda yetişməsində xüsusi xidmətləri olmuşdur.
Beləliklə, XIX əsrin II yarısından başlayaraq Kırım Türkləri arasında bir canlanma başlamışdı ki, bu canlanmada Əbdürrəhman Kırım Xacə və Əbdürrəfi Bodanskinin mühüm əməyi vardır. Bu şəxslər mədrəsələrdə dini təhsillə yanaşı, dünyəvi elmlərin də tədris edilməsinə çalışmışlar. Rus dili ilə yanaşı ana dilinin öyrənilməsinə də önəm verən bu ziyalılar “Rusca-Kırım Tatarca”. “Kırım Tatarca-Rusca” sözlüklər və “Danışıq kitabı” hazırlayaraq nəşr etdirmişlər. “Akyar Müharibəsi”ndən sonra Kırımda ədəbi və elmi çalışmalar XIX əsrin sonlarından başlayaraq Həsən Nuri və İsmayıl Bəy Qaspıralı kimi geniş və dərin məlumatlı ziyalılar tərəfindən davam etdirilmişdi. Türkcə, ərəbcə, farsca və fransızcanı mükəmməl bilən Həsən Nuri İsmayıl Qaspıralıya xalqı savadlandırmaq üçün qəzet çıxarmağı təklif etmişdi. İstanbul, Paris və Moskvada təhsilini tamamlamış, “Tonquç” qəzeti çıxararaq qəzetçilikdə xüsusi təcrübə qazanmış İsmayıl Bəy də Həsən Nuri ilə birgə bütün rəsmi əngəllərə, zorakılıqlara baxmayaraq 10 aprel 1883-cü ildə, yəni Kırımın Rusiyaya birləşdirilməsinin 100 illiyi dövründə Baxçasarayda “Tərcüman” adlı qəzeti çıxarmağa nail olmuşdu. “Tərcuman” qəzeti “Əkinçi”dən sonra çar Rusiyası ərazisində nəşr edilən ikinci Türkcə qəzet idi.
Gənc yaşlarından “Türkcülük” hərəkatına qoşulan İsmayıl Bəy Qaspıralı 1872-ci ildə İstanbula gəlmiş, təkrar Kırıma dönərək 1878-ci ildə Baxçasaray Bələdiyyə sədri olmuşdur. “Rusiya Müsəlmanları” adlı bir risalə yazaraq çar Rusiyasının müstəmləkəsində olan Türkləri oyandırmağa çalışan İsmayıl bəy Qaspıralı xalqı savadlandırmaq və Türk xalqları arasında həmrəylik yaratmaq məqsədilə dil məsələsini bütün ictimai sahələrdəki inkişafın təməli olaraq qəbul etmiş, dildəki yabançı ünsürləri təmizləyərək bütün Türklər üçün bir ədəbi dil meydana gətirməyə, bu dilin yalnız alimlərin, ziyalıların, mütəxəssislərin deyil, Çindən İstanbula qədər hər bir Türkün anlayacağı şəkildə olmasına səy göstərmiş, bütün Türk boyları arasında sosial, siyasi və iqtisadi birlik yaratmağa çalışmışdır. İsmayıl bəy Qaspıralı 1881-ci ildə rusca nəşr etdirdiyi “Rusiya Müsəlmanları” adlı əsərində göstərirdi ki, “Asiya və Avropanın bir qismində sakin olan böyük bir millət – Türk Tatar milləti var. Bu millət dağınıq, parça-parça, zəif, digər Avropa millətlərinə nisbətən elm, sərvət və mədəniyyətcə çox geridə qalmışdır. Belə davam etsə, əbədi mübarizə qanununa uyğun olaraq məhv olacaq, başqa millətlər tərəfindən udulacaqdır” (İqtibas Mirzə Bala Məmmədzadənin “Milli Azərbaycan hərəkatı” kitabından götürülmüşdür – A.M. Bax: Mirzə Bala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, Bakı, 1992. səh.21).
Ismayıl Bəy Qaspıralıda milli hissin, milli şüurun oyanmasında rus şovinisti Katkovun Türklər əleyhinə yazmış olduğu məqalə və kitabların təsiri olmuş, rus “Panslavyanizmi”nə qarşı təpki və dirənişin nəticəsi kimi “Türkçülük” və “Panturanizm” ideologiyası formalaşmışdı. İlk yazılarını İstanbulda olarkən yazaraq Moskva və Peterburqda rus qəzetlərində çap etdirən İsmayıl bəy nəhayət 45 səhifəlik “Russkoe Musulmanstvo” adlı silsilə yazıları ilə mənsub olduğu millətin yalnız Tatarlardan deyil, bütün dünyadakı Türklərdən ibarət olduğu fikrini irəli sürmüş, Asiya və Avropada yaşayan Türklərin vahid bir millət kimi dildə, fikirdə və işdə birliyi ideyasını gündəmə gətirmiş, Türk-Tatar millətini məhv olmaqdan qurtarmaq üçün yollar axtarmış və bütün həyatını bu işə sərf etmişdi.
İsmayıl bəy Qaspıralı Şeyx Cəmaləddin Əfqaninin “İslam Birliyi” ideyasını qəbul etmiş, onu dünyadakı müsəlman Türklərə tətbiq etməyə çalışmışdı. Onun İslama baxışı məşhur Türkçü Yusuf Akçuranın da yazdığı kimi “Milli həyata fayda dərəcəsi ilə bağlıdır. O, XIX əsrin sonlarına doğru İslam Şərqinin orasında-burasında yetişən yenilikçilərin mübarizələrini məqsədinə uyğun bilir, “İslam müsəlman xalqlarının ayrılıqlarını rədd edir” – kimi əsas fikirləri qəbul edir və “Səadət vaxtı”na dönüş iddiası ilə ortaya çıxan “Yeni İslamlığı” millətdaşları arasında yaymağa çalışırdı. Bu yoldakı çalışmalarının ən mükəmməl örnəyi “Darür-rahat Müsəlmanları” adlı gözəl risaləsidir. (Bax: Akçura Yusuf, Türkçülüyün Tarihi, İstanbul.1990. səh.73).
Ümumiyyətlə, Qaspıralı İslamı çağdaş bir şəkildə anlatmağa səy göstərmiş, nəzəriyyə şəklində irəli sürdüyü fikir və mülahizələri bütün həyatı boyu həyata keçirməyə çalışmış, “Türkçülük” və “Turançılıq” ideyasının ən mərkəzi simalarından biri olmuşdur. Ona görə də İsmayıl Bəy Qaspıralını bütün dünya Türkləri özününkü saymışlar. Ümumiyyətlə, “Türkçülük” və xüsusilə “Turançılığ”ın bütün Türk qövmlərini içinə alan böyük bir cərəyan halına gəlməsində çar Rusiyasındakı Türk ziyalılarının böyük xidməti olmuşdur. İsmayıl Bəy Qaspıralı ilə başlayan bu cərəyan genişlənərək Qazax, Azərbaycan, Türküstan və Türkiyəyə qədər yayılmış, hətta Macarıstanda belə özünə xeyli tərəfdar qazandırmışdı. Rusiyada rus şovinizmi və “Panslavyanizm”inə qarşı Rusiyadakı Türk ziyalıları və açıq görüşlü din adamları “Türkçülük” və “Turançılığ”ı özləri üçün mədəni və siyasi-ideoloji doktrina kimi qəbul etmişdilər. Bütün bunları nəzərə alan tədqiqatçılar göstərirlər ki: “Turançılıq” şüurlu olaraq Rusiyadakı Türklər arasında daha geniş vüsət almışdı. Bu ideyanın bir çox əsasları İsmayıl Bəy Qaspıralı tərəfindən təsbit edilmiş və tətbiqinə başlanılmışdı. (Bax: Cafer Seyid Ahmed Kırımer. Qaspıralı İsmayıl Bəy. İstanbul.1934).
İsmayıl Bəy Qaspıralının “Türkçülük” və “Turançılığ”ının əsasında onun Türk-Tatarlar üçün ana dilində Avropa tipli məktəblər açması, tədrisin ana dilində aparılması, ana dilində dərsliklərin, kitabların, elmi ədəbiyyatların yazılması, qəzet və jurnalların nəşri, Türk-Tatarların yeni elm, texnologiya və sənətlərə yiyələnmələri dayanır. Bütün bunların yollarını İsmayıl Bəy nəşr etdirdiyi “Şimal Türklərinin ilk bahar çiçəyi” (Yusuf Akçura) olan anadilli “Tərcüman” qəzetində göstərmiş, bütün Türkləri bir küll halında götürərək onları ortaq və təmiz bir Türk dili ətrafında birləşdirmək istəmiş, bütün dünyadakı Türklərin dildə, fikirdə və işdə birliyini təmin etmək üçün konkret olaraq ibtidai və orta məktəblərdə Türk dilinin tədrisinə dair “Proqram” hazırlamışdır. Bu “Proqram” onun təşəbbüsü ilə ayrı-ayrı yerlərdə yaradılan “Üsuli-Cədid” adlı yeni tipli Qərb elmini, Qərb yaşayış tərzini və s. təbliğ edən məktəblərdə tətbiq olunmuşdu. Bu “Proqram”ın məqsədi Türklər üçün “Vahid ədəbi dil” və ya “Ümumi Türk dili” yaratmaq olduğundan o, sonda Türklərin fikir və iş birliyini təmin edəcəkdi. Ona görə də İsmayıl Bəyin “Üsuli-Cədid” məktəbləri üçün yazmış olduğu “Əlifba” və “İlk qiraət kitabları” çar senzurası tərəfindən Azərbaycana buraxılmamış, onların yerinə rus missionerlərindən olan Çernyayevski Azərbaycan Türkcəsi şivəsində “Vətən dili” adı altında “Əlifba” və “İlk qiraət kitabı” yazılmış və Azərbaycanda tətbiq edilməyə başlamışdı ki, bu da əslində Türklərin milli birliyinin, daha doğrusu, İsmayıl Bəyin irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” ideyasının qarşısını almağa yönəldilmişdi.
İsmayıl Bəy Qaspıralı “Üsuli-Cədid” cərəyanını qısa müddətdə “Tərcüman” vasitəsilə Kırımda, İdil-Uralda, Türküstanda, Azərbaycanda, Şimali Qafqazda, hətta Rusiya hüdudlarını aşaraq Güney Azərbaycan, Çin və Hindistanda yayılmasına və özünə tərəfdar qazanmasına nail olmuşdu. Qaspıralının başlatdığı “Üsuli Cədid” hərəkatı nəticəsində Qazan Türkləri başda olmaqla, Kırım və Azərbaycanda yeni tipli məktəb və mədrəsələr sayəsində oxuma-yazma bilənlərin sayı sürətlə artmış və ümumi bilik səviyyəsi də yüksəlmişdi. Bir tərəfdən rus məktəblərində oxuyanlar çoxaldığı kimi, eyni zamanda, İstanbul, Beyrut və Misirdə təhsil alanlar da artmışdı. Beləliklə, İslam aləmindəki yeni fikir hərəkatları çar Rusiyası ərazisindəki Türklər arasında da yayılmağa başlamışdı. Bütün bunların nəticəsi idi ki, İsmayıəl Bəy Qaspıralı o dövrdə bütün Türk aləmində, xüsusilə, Şimal və Şərq Türkləri arasında “Avropalaşma”nın ən fəal təbliğatçısı adını almışdı. Qaspıralı inanırdı ki, Türklər milli dillərini tam qoruyub saxlamaqla Avropalılaşarsa, Türk millətinin gələcək həyatı parlaq olacaq.
İsmayıl Bəy Qaspıralı “Tərcüman”ı bütün Türklərin anladığı ortaq və təmiz bir Türk dili ilə nəşr etdirmiş, millətinə öz dilində elm verməyə, Avropa elmlərini, maarifini, sənət və sənayesini, texnologiyasın əxz etdirməyə çalışmışdı. “Tərcüman” qəzetində ədəbi-bədii əsərlərdən daha çox siyasi-ideoloji, iqtisadi və sosial məsələlərlə bağlı yazılar dərc edilmişdi.
Tanrı İsmayıl Bəy Qaspıralını fövqaladə bir varlıq yaratmışdı. Onun “Türkcülük” və “Turançılığ”a etdiyi böyük xidmətləri də bu fövqalədə yaradılışındandır ki, o, özünəqədərki “Türkçülük” ideyalarını düsturlaşdıraraq “Dildə birlik, fikirdə birlik və işdə birlik” şəklinə salmış və göstərmişdir ki:
“Qazan Tatarı, Orta Asiya Sartları, Tarançılar filan yoxdur. Bir dinə inanan, bir dildə danışan Türklər vardır” (İqtibas Yusuf Akçuranın “Türkçülüyün tarixi” əsərindən götürülmüşdür – A.M. Bax: Yusuf Akçura. göstərilən əsəri. səh. 74)
Onun bu məşhur “Dildə, fikirdə, işdə birlik” konsepsiyası çar Rusiyasındakı Türklər arasında sürətlə yayılmışdı. Çar Rusiyasındakı Türklər arasında gəlişən “Türkçülük” ideyasının ana xəttini təşkil edən bu fundamental ideya əslində rus şovinizminə qarşı ən tutarlı təpki idi. Ona görə də İsmayıl Bəyin yalnız bu ideyası deyil, “Avropa mədəniyyətini almaq” və “Ortaq bir dini müəssisə yaratmaq” təşəbbüslərinin də qarşısı çar Rusiyası tərəfindən alınmış, “ümumi asayiş üçün təhlükəli” hesab edilərək Türklərin birliyini parçalamaq üçün onların yaşadığı ayrı-ayrı yerlərdə müstəqil dini idarələr təşkil edilmişdi.
“Dildə, fikirdə, işdə birlik” ideyasını “Tərcüman” qəzetinin baş şüarına çevirən İsmayıl Bəy təkcə yazılar yazmaqla kifayətlənməmiş, Yusuf Akçura Bəyin də qeyd etdiyi kimi: “hər il Türk dünyasının müxtəlif yerlərinə səyahətlər edərək Türkiyə, Qafqaz, Qazan, Türküstan, Qasım və hətta Litvanı gəzərək oralardakı Türk-Tatar aristokratları, zənginləri, alimləri və yoxsulları ilə görüşərək fikir mübadiləsi aparmış, Çindən Almaniyaya, Şimal Buzlu Okeandan Afrikaya və Hind Okeanına qədər Türk və İslam aləminin aydınları ilə eyni məsələlər üzərində yazışmış, xəbərləşmişdi” (Bax: Yusuf Akçura. Türkçülüyün Tarihi. İstanbul. 1990. səh.73).
İsmayıl Bəy Qaspıralı haqqında məşhur Türkçü Ziya Göyalp özünün “Türkçülüyün əsasları” adlı əsərində yazırdı ki: “Türkiyədə Əbdülhəmid bu müqəddəs axını (“Türkçülük” cərəyanını-A.M.) durdurmağa çalışarkən Rusiyada iki böyük Türkçü yetişirdi. ” Bunlardan birincisi Mirzə Fətəli Axundzadədir ki, Azərbaycan Türkcəsində yazdığı orijinal komediyaları bütün Avropa dillərinə tərcümə edilmişdir. İkincisi, Kırımda “Tərcüman” qəzetini çıxaran Qaspıralı İsmayıldır ki, “Türkçülük”dəki düsturu “Dildə, fikirdə və işdə birlik ” idi. “Tərcüman” qəzetini Quzey Türkləri (Tatarlar – A.M) anladığı qədər Doğu Türkləri (Türküstan Türkləri – A.M) ilə Batı Türkləri (Azərbaycan və Türkiyə Türkləri-A.M) də anlardı. “Bütün Türklərin eyni dildə birləşmələrinin qabil olduğuna bu qəzetin varlığı canlı bir dəlildir” (Bax: Ziya Göyalp. Türkçülüyün əsasları, II basılış. İstanbul. 1972.səh.9).
Yaşadığı müddətdə İsmayıl Bəy Qaspıralının nəşr etdirdiyi “Tərcüman” qəzetinin ətrafında toplanan siyasi-ideoloji şəxsiyyətlər, yazıçı və şairlər bir çox məqalə, tərcümə əsərləri və ədəbi-bədii kitablar nəşr etdirərək xalqı elm və irfana sarılmağa təlqin etmişlər. (Kırım türk ədəbiyyatı haqqında geniş məlumat üçün bax: Zühal Yüksel, KırımTürk ədəbiyyatı, Türk dünyası, III cilt, II baskı, Ankara. 1992. Səh. 684-704 ).
İsmayıl Bəyin nəşr etdiyi “ Tərcüman” qəzeti yalnız Kırımda deyil, Misirdən Kaşğara qədər bütün Türk aləmində milli oyanış hərakatlarının inkişafında və Türk mədəniyyətinin öyrənilməsində ən böyük qaynaqlardan biri olmuşdur.
İsmayıl Bəy Qaspıralı Əlimərdan Bəy Topçubaşov, Yusuf Akçura və b. ilə birgə “Rusiya Musəlmanları İttifaqı ” adlı siyasi partiya yaradaraq I Rusiya Dövlət Dumasına (Rusiya Müəssislər Məclisinə- A.M) mümkün qədər çox Türk deputat seçilməsinə nail olmuşdular. İsmayıl Bəy Qaspıralı bu partiyanın hər üç Qurultayında iştirak etmiş və çox radikal məsələləri irəli sürmüşdü. Bu partiyanın Nijni-Novqorodda gəmidə keçirilən III qurultayında sədrin müavini (Sədr Əlimərdan Bəy Topçubaşov seçilmişdi –A.M.) və Mərkəzi İdarə heyətinin üzvü İsmayıl Bəy Qaspıralının Türk millətçiliyi baxımından çox mühüm olan aşağıdakı təklifi gurultulu alqışlarla qarşılanmışdı. İsmayıl Bəy öz çıxışında göstərmişdi ki:
“Ümumən Türklərin əsli, nəsli birdir. Məkan və zaman nəticəsində şivə və adətlərimizdə ixtilaf yaranmış, bu ixtilaflar bir-birimizi başa düşməyəcək dərəcəyə çatmışdır. Bundan sonra məktəblərimizi vahid ədəbi dilimizə xidmət edəcək hala gətirmək lazımdır. Qurultayların məktəb və mədrəsə komissiyası tərəfindən hazırlanmış layihəsində ibtidai məktəblərimiz üçün dörd illik tədris nəzərdə tutulmuşdur. Bunun üç ilində sadə məhəlli şivə ilə tədris etmək, son sənəsində Ümumi Türk lisanı ilə yazılmış kitablar oxudulmalıdır. Bu sayədə tədricən müxtəlif şivə və ləhcələr birləşmiş olar” (Seçmələr bizimdir – A.M. Bax: Mirzə Bala Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı.1992.səh.26,27).
Əlimərdan Bəy Topçubaşov tərəfindın hazırlanan “Rusiya Müsəlmanları İttifaqı Xalq Partiyası”nın Proqram layihəsi 75 maddədən ibarət idi. Qurultayda Proqram layihəsi müzakirə edilərək müəyyən dəyişikliklərlə qəbul edilmişdi. 10 bənd, 72 maddədən ibarət bu Proqramda “Siyasi məqsədlər, Dövlət quruluşu, Dini qaydalar, Məhəlli Muxtariyyət, Məhkəmə, Maliyyə işləri ilə yanaşı, “Əhalinin hüququ, Maarif məsələləri, Torpaq məsələləri və Fəhlə məsələsi”də öz əksini tapmışdı. Çar Rusiyasında yaşayan Türklərin bir vahid siyasi partiya ətrafında birləşməsi çox böyük hadisə idi. Partiya Proqramında irəli sürülən müddəaları oxuduqda imperiya daxilindəki “Türklərin rus çar rejimi tərəfindən hansı hüquqlardan məhrum edilmiş olduqları meydana çıxır” (Qurultayın materialları haqqında geniş məlumat üçün bax: Hüseyn Baykara, Azərbaycan istiqlal mübarizəsi tarixi, Bakı. 1992.səh.130-163).
“Rusuya Müsəlmanları İttifaqı Xalq Partiyası”nın Rusiya İmperiyasındakı ruporu İsmayıl Bəy Qaspıralının nəşr etdiyi “Tərcüman” qəzeti idi.
İsmayıl Bəy Qaspıralı rus inqilabçılarına inanmamış, onların köməyi ilə Terklərin milli məsələlərinin həll ediləcəyini qəbul etməmiş, inqilab fırtınalarına sürüklənməyi xətalı saymış, ona görə də bəzi Qazanlı və Kırımlı inqilabçı gənclər tərəfindən pis qarşılanmış, “Tan” qəzetində o, mühafizıkarlıqda ittiham olunmuşdu. İsmayıl Bəy bu gənclərə çox mənalı bir şeirlə cavab vermişdi (Seçmələr bizimdir – A.S. Bax: Kırımlı Cəfər Seyidəhməd, Qaspıralı İsmayıl Bəy. İstanbul 1934. səh 41; Mirzə Bala Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı.1992.səh.30) .
Qaspıralı istər o dövrdə, istərsə də ondan sonra Yusuf Akçura ilə birgə “Pantürkizm” və “Turançılıq” hərəkatının rəhbərlərindən biri olmuşdur.
1917-ci il fevral inqilabından sonra Rusiya Türkləri arasında “Türkçülük” cərəyanı xeyli güclənmişdi. Bunun ən bariz dəlili Rusiya Müsəlmanlarının Moskva Qurultayında qəbul edilən qərarlar arasında Rusiyadakı Müsəlman Türk məktəblərində, orta məktəb və liseylərdə Türkiyə Terkcəsinin məcburi dərs kimi keçilməsi, ali təhsilin də Türkiyə Türkçəsi ilə aparılması haqqındakı qərar idi. Yəni İsmayıl Bəy Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” ideyasının tətbiqi qərarlaşdırılmışdı ki, bu da Türkçülüyun əsası idi.
İsmayıl Bəy Qaspıralının fəaliyyətini dəyərləndirən Azərbaycan alimi, fəlsəfə elmləri doktoru Rafail Əhmədli “Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi – Türkçülük, Müasirlik, İslamçılıq” adlı monoqrafiyasında göstərir ki: “İsmayıl bəyin düşüncə tərzi onun bu məsələlərə müxtəlif zamanlarda nəşr etdirdiyi məqalələrdə verdiyi cavabların tarixidir. Əməllərinin tarixi isə yaşadığı dövrlərdə tapdığı cavabların həyata keçməsi uğrunda apardığı mübarizələrin tarixidir” (Bax: Rafail Əhmədli, göstərilən əsəri, Bakı-Elm-2007.səh.196).
İsmayıl Bəy Qaspıralının həyat və fəaliyyətini xülasə edən məşhur Macar alimi Laszlo Rasonyi də göstərir ki: “Qaspıralıda Pantürkizm və Panislamizm ahəngli bir şəkildə birləşməkdədir. Onun yaxın amacı (məqsədi –A.M.) isə bunlardır: Avropa anlamında okul reformu; müştərək Türk ədəbi dilinin yaradılması; Türk qadınlarına ictimai haqların tanınması; İctimai cəmiyyətlər quraraq maarifçiliyi həyata keçirmək. Özü “Üsuli-Cədid” məktəbləri üçün çox gözəl bir “Əlifba” kitabı hazırlamış, 1884-cü ildə Baxçasarayda bir nümunə məktəbi açmışdı. Təsiri Ərəbistan və Hindistanda belə görülmüş, 1912-ci ildə öz üsuluna uyğun Bombeydə (Hindistan – A.M.) bir məktəb açmışdı. Qaspıralının əkdiyi toxumlar boşuna getmədi. XX əsrin əvvəllərində Rusiyadakı Türk ölkələrində Qaspıralının istədiyi tərzdə 5000 məktəb və öyrətmən (müəllim – A.M.) okulu var idi. Rus məktəblərinə getmədən də Avropalılığa yaxınlaşmaq mümkün idi... Rusiyadakı Türklərin Türk olaraq qalmasında 33 il ömrü olan “Tətcüman” qəzetinin böyük rolu olmuşdur” (Seçmələr bizimdir – A.M. bax: Prof. Dr. Laszlo Rasonyi. Tarihte Türklük. Ankara. 1971. səh.275, 276).
İsmayıl Bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” prinsipi bütün “Türkçülük” məfkurəsinin dil, ədəbiyyat, sosiologiya və hətta ideoloji-siyasi sahədə özünəqədərki bütün məsələləri özündə birləşdirmiş, özündən sonrakı bütün Türkçülərə öz təsirini göstərmişdi. İsmayıl Bəyə qədər bu fundamental fikri nə Osmanlı, nə Qafqaz, nə də Qazan Türkçülərinin heç biri bu qədər açıqlıqla, əzm və israrla istər nəzəri və istərsə də praktik cəhətdən davamlı şəkildə həyata tətbiq edə bilməmişlər. Ona görə də İsmayıl bəy Qaspıralını özündən sonrakı bütün Türkçülər “Türkçülük” və “Turançılıq” ideologiyasının mərkəzi siması saymış, onu “Ümumtürk dili”nin “Atası” hesab etmişlər.
Ruhu şad olsun.
Paralel.az