Hərdən ekspertlər üçün də şərh vermək çətin olur

Hərdən ekspertlər üçün də şərh vermək çətin olur
 

 

Osman Gündüz yazır: “Ötən gün məlumat verilib ki, ASAN, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Best Solutions şirkəti KİBERGİGİYENA platformasının yaradılması üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.
KİBERGİGİYENA platforması vasitəsilə təşkilatların əməkdaşlarının kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən ediləcək.
Təlim və testlər Estoniyanın kibertəhlükəsizlik şirkəti – “CybExer”in proqram təminatı vasitəsilə həyata keçiriləcək.

Sənədi VXSİ Dövlət Agentliyi yanında EHİM-in direktoru Fariz Cəfərov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Rəis müavini Azər Əhədov və “B.EST Solutions” MMC-nin direktoru Jana Krimpe imzalayıblar.
Bu həmin Yana xanımdır ki , uzun illər ASAN-a dəxli olmayan ASAN imzanın operatorluğunu edir.
Yeri gəlmişkən, uzun illərdir ki, şəxsiyyət vəsiqələrindəki elektron imzanı aktivləşdirməyə imkan verilmədiyindən, ASAN imza üçün hədsiz yüksək tariflər müəyyən olunduğundan ASAN imzanın aylıq dövriyyəsi 1 milyon ətrafındadır.
Barmaq bala batdığından , görünür ki indi də , yenə də dövlətin dəstəyi ilə yeni xidmət hazırlayırlar :)

Mahiyyətcə faydalı olan bu əməkdaşlıqda bir neçə diqqət çəkən məqamlar var .

Açıqlanan məlumatdan da görsənir ki, əməkdaşlıq çərçivəsində görülməli olan işlərin böyük əksəriyyəti tamamilə başqa bir dövlət qurumunun, NRYTN tabeliyində Elektron Təhlükəsizlik Xidmətinin səlahiyyətindədir.
Yəni , əməkdaşlıq müqaviləsində qeyd olunan məsələlər, müqaviləni imzalayan 3 qurumdan daha çox Elektron Təhlükəsizlik Xidmətinə aiddir. Maraqlıdır ki, dövlət tərəfindən adı çəkilən vəzifələrin tapşırıldığı bu qurum əməkdaşlığa cəlb edilməyib.
Rəqəmsal hökumət quruculuğu sahəsində ciddi problemlərin olduğu bir zamanda, bu problemlərin həllinə daha çox resurslar ayırmağa ehtiyac olduğu bir zamanda Elektron Hökumətin İnkişafı Mərkəzinin KİBERGİGİYENA fəaliyyətini də öz üzərinə götürməsi anlaşılmaz və diqqət çəkən məqamdır.

Yeri gəlmişkən qeyd edim ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin də az qala 2 il olar ki ümumiyyətlə Əsasnaməsi yoxdur. Qurum 4 ildir ki, Prezident Fərmanı əsasında hazırlanmalı olan “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya"nı da ortaya çıxara bilməyib.

p.s. Yana xanımın bu prosesdə iştirakı təsadüfi olmaya bilər.
Yaxın vaxtlar üçün gözləmək olar ki, həmin adı çəkilən KİBERGİGİYENA platformasından istifadə üzrə “ASAN kiber” xidməti yaradılsın və təbii ki, pullu olsun.
Yəqin ki, bu dəfə Yana xanımın bu xidmətinin ASAN-a da dəxli olacağı nəzərdə tutulub”.

Paralel.az

0.023998022079468