Ana 28 il sonra oğlunun məzarına qovuşdu - FOTO
Azərbaycanın ən gənc şəhid əsgəri Samir Əliyevin anası Aminə Əliyeva 28 ildən sonra oğlunun Cəbrayıl rayonu ərazisindəki məzarını ziyarət edib.
Tiqana ləqəbli Samir Əliyev 1993-cü ilin avqustunda 16 yaşında şəhid olmuşdu. Bu günlərdə şəhidin anası Aminə Əliyevaya doğma Cəbrayıla səfər edib oğlunun məzarına qovuşmağa şərait yaradılıb.
9 iyun 1977-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində doğulan Samir Əliyev yeniyetmə yaşlarına çatanda artıq Qarabağ müharibəsinin qaynar çağlarıydı. Samirin yaşadığı rayonun da başının üstünü qara buludlar almışdı. Diribaşlığı, cəsarəti ilə fərqlənən bu qarayanız uşaq rayonun müdafiəsində dayanan hərbçilərin yanına gedib-gələndə yəqin ki, yaşıdları bilməzdilər ki, bir müddət sonra onu bütün Azərbaycan tanıyacaq.
Səngərlərə ayaq açan, əsgərlərlə qaynayıb-qarışan Tiqana az bir müddət sonra əməlli-başlı döyüşçüyə çevrildi… Həmyaşıdları məktəbdə müəllim qarşısında-parta arxasında əyləşəndə, o səngərdə düşmən gülləsi önündə dayanmışdı..
1992-ci ilin sentyabr ayında ilk döyüşünə girəndə onun cəmi 15 yaşı vardı… Bu əməliyyatdan öncə əsgərlər onu döyüş meydanından uzaqlaşdırmağa çalışsalar da, Samirin israrı qarşısında susmağa məcbur olurlar… Komandir riskə gedərək, bığ yeri hələ tərləməyən yeniyetməni döyüş gedən zonaya buraxılmasına razılıq versə də, gizlində əsgərlərə bərk-bərk tapşırmışdı ki, onu gözdən qoymasınlar…
Amma nə güllə, nə də mərmi səsləri bu uşağı qorxutdu… Döyüşlərin ən qızğın çağında belə, Samir səngərlərdən çıxmadı. O, düşmənin susmayan atəşinə cavab verən əsgərlərimizin köməkçisiydi. Güllə və mərmi səslərinin tükürpədən vıyıltılarını vecinə almadan səngərdən səngərə atlanır, patronu azalana sursat, susayana bir içim su daşıyır, yaralıların savaş meydanından arxaya çıxarılmasına kömək edir, özü də avtomatı əlinə alıb ermənilərə tərəf atəş açırdı..
Özündən böyük döyüşçülərə ürək-dirək verməsi, döyüşə ruhlandırması bu qarayanız yeniyetməni əsgərlərin sevimlisinə çevirmişdi. Bu o zaman idi ki, artıq Tiqana ləqəbli Samirdən bütün Cəbrayıl əhli bəhs edirdi…
Qeyd edək ki, əsl adı Samir olsa da, onu hamı lap kiçik yaşlarından Tiqana deyə çağırırdı.
Ona Tiqana ləqəbəni məşhur qaradərili fransız futbolçu Jan Tiqanaya oxşadaraq vermişdilər. Samir uşaq yaşlarında futbolu çox sevdiyindən, yaşıdları ilə futbol yarışlarında çevikliyinə görə fərqləndiyindən onu zarafatla Tiqanaya oxşatmışdılar… Elə bu adla da tanındı, şəhidliyə ucaldı…
Hərbçilər danışırlar ki, dəfələrlə kəşfiyyata çıxan əsgərlərə yalvarıb-yaxarırmış ki, onu da özləriylə aparsınlar. Bir dəfə kəfiyyata çıxan hərbçilərə qoşulub düşmənin beş-on addımlığına qədər gedib çıxıbmış Tiqana.
1993-cü ilin avqust ayının 15-də Xocavənd rayonunun Banazur kəndi ətrafında gedən qanlı savaş Tiqananın son döyüşü oldu. Özündən xeyli böyüklərlə birgə silaha sarılan Tiqana düşmənə qarşı cəsarətlə vuruşdu, son qanına qədər... və şəhid oldu. Yeniyetmə yaşında canını Vətənə fəda etdi.
Döyüşçü yoldaşları deyirlər ki, düşmən gülləsi onun düz sinəsindən dəymişdi. Əsl igidlər kimi həlak oldu... Ölümündən bir həftə sonra isə doğma rayonu da işğal olundu...
O, ailəsinin yeganə oğul övladı idi. Valideynləri Qədir kişi, Aminə ana, bacıları Xanımzər, Minəzərin onunla bağlı çox arzuları vardı, amma o arzular həmişəlik yarımçıq qaldı…
Allah rəhmət eləsin.
Paralel.az