SOSİAL KAPİTALIN GÜCÜ və SİSTEMİMİZ
Məmməd Talıblı
Sosial kapitalın gücü çox önəmlidir. Bu haqda çoxdan yazmaq istəyirdim. Henri Fordun dilimizə tərcüməsi zamanı elmi redaktoru, məsləhətçisi olduğum kitabda Fordun sosial kapitalla bağlı dəyərli bir fikrinə rast gəlmişdim: “Dünyada elə dəyərlər vardır ki, onu heç bir kapitalla əvəz edə bilmərəm. Bu insanlarla münasibət qurmaq qabiliyyətidir.”
Sosial kapital insanlararasında (bu həm də insititsional sərmayə də ola bilər) münasibətin gücünü ifadə edən sərmayədir. O sərmayə likvid deyil. Əllə toxunulmur, gözlə görünmür. Fiziki mövcudluğun görə bilmirsən. Amma nəticələrin sonradan dərk edə bilirsən.
İnsanlara sən inandığın qədər, onlar da sənə o qədər inanır və güvənir. Beləliklə qarşılıqlı etimad əsasında sosial sərmayəniz formalaşır. Məsələn, siz bir xəstəliyə yoluxursuz. Amma böyük maddi imkanınız olmasa belə ətrafınızin sizə müsbət münasibəti sizi yıxılmağa qoymur. Hər cür qayğı ilə əhatə olunursunuz. Hərtərəfli dəstək və təqdir görürsünüz. Heç şübhəsiz ki, ola bilsin, siz də nə zamansa oxşar münasibəti yaxınlarınıza göstərmisiniz. Bu cür qarşılıqlı etimad mühiti sizin müvazinətinizi hər zaman qoruyur və inkişafınıza təkan verir.
İnsititsional sərmayənin (insanların dövlət qurumlarına olan münasibəti) zəif olduğu bizim kimi cəmiyyətlərdə inkluziv inkişaf ləngiyir. Hamının sosial xidmətlərə çıxış imkanları eyni səviyyədə olmur. Nepatizm və traybalizm faktorları sizi insititsional sərmayədən istifadənizi tormozlayır. O zaman əsas istinad edəcəiyiniz kapital sosial kapital olur. İnsanların sizə və sizin insanlara olan münasibəti. Çalışın bu münasibətləri zədələməyin. İnsanlara güvənin və sizə olan güvəni doğruldun. Çünki güvənməyən insan güvənilməyən insandır.
Bu günlər ərzində düşüncəmdə olanlardan birini də yazmağı özümə borc bildim...
Paralel.az