FATİHƏ SURƏSİNİN MESAJLARI

FATİHƏ SURƏSİNİN MESAJLARI
 

Siracəddin Hacı
FATİHƏ SURƏSİNİN MESAJLARI
VII YAZI
(əvvəli ötən saylarımızda)
Qurani-Kərimdə həmdlə bağlı üç əmr var: “O halda, Rəbbini həmd ilə təsbih et” (Hicr, 15/98; Taha, 20/130; Furkan, 25/58), “Əlhəmdülillah de” (Nəml, 27/59; İsra, 17/111; Möminun, 23/28), “Dünyada da, axirətdə də həmd Ona məxsusdur” (Qəsəs, 28/70).
Qurani-Kərimdə həmd duadır: “Yaşlandığım halda mənə İsmayılı və İshaqı verən Allaha həmd olsun! Şübhəsiz, Rəbbim duanı eşidəndir” (İbrahim, 14/39). Həmd duanın ilk addımıdır, duaya həmdlə başla.
Qurani-Kərimdə həmd uca Allahı təsbih etməkdir: “O halda, Rəbbini həmd ilə təsbih et, Onun hüzurunda səcdə edənlərdən biri ol!” (Hicr, 15/98)
Qurani-Kərimdə həmd uca Allaha itaətdir: “O sizi o gün çağıracaq, siz də (istər istəməz) Ona həmd edərək bu çağırışa tabe olacaqsınız...” (İsra, 17/52)
Qurani-Kərimdə həmd bağışlanma istəməkdir: “Xətan üçün bağışlanma istə və səhər-axşam həmd ilə Rəbbinin ucalığını xatırla!” (Mömin, 40/55)
Qurani-Kərimdə həmd səbirdir: “O halda, artıq onların söylədiklərinə qarşı səbirli ol! Bir də Günəşin çıxması və batmasından öncə Rəbbinin uca zatını (namaz qılaraq) həmd ilə an!” (Qaf, 50/39)
Qurani-Kərimdə həmd uca Allahdan razı olmaqdır: “Günəşin doğuşundan və batmasından öncə Rəbbinin uca zatını (namaz qılaraq) an (ki, ondan) razı olduğun bəlli olsun”. (Taha, 20/130)
Qurani-Kərimdə həmd təvəkkül etməkdir: “Nəhayət, ölümsüz olan O mütləq diri Zata təvəkkül et, həmd ilə Onun sonsuz ucalığını dilə gətir”. (Furkan, 25/58)
Qurani-Kərimdə həmd təkəbbürlənmədən səcdəyə qapanmaqdır: “Bizim ayələrimizə iman edənlər (ayələrimiz onlara bildiriləndə) sayğı ilə səcədəyə qapanıb təslim olanlar və Rəblərinin sonsuz varlığını həmd ilə ananlardır”. (Səcdə, 32/15)
Qurani-Kərim buyurur ki, insan bunlardan ötrü uca Allaha həmd etməlidir:
- zülm edənlərin kökünü kəsdiyi üçün; (Ənam, 6/45)
- bizi hidayətə yönəltdiyi üçün, Onun hidayəti olmasa idi, biz hidayətə qovuşmazdıq; (Əraf, 7/43)
- mümkün olmayan işləri mümkün qıldığı, nemətlər verdiyi, övladlar bəxş etdiyi üçün; (İbrahim, 14/39)
- anlaşılan misallar verdiyi, vəhyi bizə göndərdiyi üçün; (Nəhl, 16/75; Nəml, 27/93; Zümər, 39/29)
- ilahi rəhbərlik olan Quranı endirdiyi və Onda heç bir əyriliyə yer vermədiyi üçün; (Kəhf, 18/1)
- qeyrətli məzlumları zalımların əlindən qurtardığı üçün; (Möminun, 23/28)
- günahkar qullarından haqqı ilə xəbərdar olub, inanan qullarına Kafi olduğu üçün; (Furkan, 25/58; Nəml, 27/93)
- bizə özəl verilən bütün nemətlər üçün; (Nəml, 27/15)
- göydən yağmur yağdırıb yer üzünü canlandırdığı üçün; (Ənkəbut, 29/63)
- göyləri və yeri yaratdığı üçün; (Loğman, 31/25)
- hökm və hikmət sahibi olduğu, hər şeyi haqqı ilə bildiyi üçün; (Səbə, 34/1)
- yaratmada dilədiyini artırdığı, hər şeyə gücü çatdığı üçün; (Fatır, 35/1)
- kədəri yox etdiyi üçün; (Fatır, 35/34)
- çox bağışlayan olduğu üçün; (Fatır, 35/34; Şura, 42/5)
- şükrün qarşılığını verdiyi üçün; (Fatır, 35/34)
- mərhəmət sahibi olduğu üçün; (Şura, 42/5)
- saleh əməl sahiblərinə mükafat verəcəyi, vədini gerçəkləşdirəcəyi üçün; (Zümər, 39/74)
- qulları arasında ədalətlə hökm verəcəyi üçün; (Zümər, 39/75)
- tövbələri çox qəbul etdiyi üçün; (Nasr, 110/3)
Qurani-Kərimə görə, insan aşağıda göstərilən biçimdə və zamanda həmd etməlidir:
- duaları bitəndə aləmlərin Rəbbinə həmd edər; (Yunus, 10/10; Mömin, 40/65)
- səcdə halında həmd edər; (Hicr, 15/98; Səcdə, 32/15)
- içi daralanda, sıxıntısı olanda, dara düşəndə həmd edər; (Hicr, 15/97-98)
- Günəşin doğuşundan və batışından öncə həmd edər; (Taha, 20/130; Qaf, 50/39)
- axşam, səhər, hər an həmd edər; (Mömin, 40/55)
- qiyamda (dik duranda) həmd edər; (Tur, 52/48)
Qurani-Kərimə görə, bu varlıqlar uca Allaha həmd edər:
- göy gurultusu Onu həmd edər: “Göy gurultusu sınırsız bir həmd ilə Onun uca qüdrətini dilləndirir...” (Rəd, 13/13). Şüursuz varlıqların həmdi uca Allahın yasalarına uyğun hərəkət etməsidir;
- yeddi göy, yer, kainatda olan hər şey Onu həmd ilə təsbih edər (Onun adına, onun yasaları ilə hərəkət edər): “Yeddi göy, yer və onlarda yaşayan hər şüurlu varlıq Onun sonsuz ucalığını dilə gətirir, (hal dili ilə) Onun ululuğunu həmd ilə söyləməyən bir tək varlıq belə yoxdur, ancaq siz onların (həmd edən) dilini anlamamaqda israr edirsiniz”; (İsra, 17/44)
- elm verilənlər Ona həmd edərlər: “Doğrusu, Davuda və Süleymana da elm vermişdik. O ikisi: “Bütün həmd bizi mömin qullarının bir çoxundan üstün qılan Allaha məxsusdur!” – demişdilər”; (Nəml, 27/15)
- uca Allahın qədrini, nemətlərinin dəyərini bilənlər, təvazökar olanlar həmd edərlər: “... Bizim ayələrimizə həmd edənlər ... əsla təkəbbürlü olmazlar”; (Səcdə, 32/15)
- mələklər həmd edərlər: “... Və sən mələklərin Allahın hökmranlıq məqamı çevrəsində halqalanıb həmd ilə Rəblərinin sonsuz ucalığını dilə gətirdiklərini görərsən. O gün hər kəslə bağlı haqqı ilə hökm veriləcək. Və nəhayət, belə deyiləcək (deyilməkdədir): “Həmd olsun aləmlərin Rəbbi olan Allaha!” (Zümər, 39/75; Mömin, 40/7; Şura, 42/5)
Həmdlə bağlı deyilənləri ümumiləşdirsək, bunları deyə bilərik: bir insan uca Allaha həmd edərkən bu həqiqətləri sıralamış olur:
- Allahım, istəmədən verdiyin saysız nemətləri unutmadım;
- öncədən verdiyin nemətlərə görə Sənə minnət və şükür borcluyam;
- istəməyə üzüm olmasa da, indi yeni şeylər istəyəcəyəm. Səndən istəməyi haqq etdiyimi düşündüyüm üçün deyil, Sənin sonsuz kərəminə ehtiyacım olduğu üçün istəyəcəyəm;
- istəyəcəklərimi versən də, verməsən də Zatına sonsuz borclu olduğumu bilirəm, ona görə də bütün həmdim Sənədir;
- mən Sənə həmd etməsəm də, kainatdakı bütün varlıq hal dili ilə Sənə, yalnız Sənə həmd edir;
- mənim həmdimə Sənin ehtiyacın yoxdur, ancaq həmd etmək mənə dəyər qazandırır, həmdə ehtiyacım var;
- Səndən başqa, heç bir varlığa həmd etmərəm;
- aləmlərin həmdinin Sənə məxsus olduğunu bilirəm, mən də o xora qoşuluram, Rəbbim olduğunu ürəkdən etiraf edirəm; (Mustafa İslamoğlu, Kuran surelerinin kimliği, İstanbul, 2011, s. 22)
a) “RƏBB-il ALƏMİN” – (O) ALƏMLƏRİN RƏBBİDİR
“Əlhəmdülillah-i Rəbb-il aləmin” ayəsində “aləmin” və “Rəbb” anlayışları var. Qurani-Kərimdə “ayn-lam-mim” kökündən törəyən kəlmələrin sayı səkkiz yüz əlli dörddür, bu anlamları daşıyır:
1. “Aləmlər” – Qurani-Kərimdə “əl-aləm” sözü hər növ varlıq üçün işlədilmişdir: “Aləmlərə xəbərdaredici olması üçün Furkanı endirən (Allah) ucalar ucasıdır”. (Furkan, 25/1) Ayədəki “əl-aləmin” sözü insanlardan və cinlərdən ibarət aləmlərə işarə edir.
“Ey İsrail oğulları! Sizə verdiyim nemətimi və sizi (bir zamanlar) aləmlərə (inancsızlara) üstün qıldığımı xatırlayın”( Bəqərə, 2/47) Ayədəki “əl-aləmin” sözü inancsız insanları nəzərdə tutur.
“Bir zaman mələklər demişdilər: “Ey Məryəm! Allah səni seçdi, səni tərtəmiz yaratdı, səni bütün dünya qadınlarından üstün etdi” (Ali-İmran, 3/42). Bu ayədə “əl-aləmin” sözü “insanlar” anlamındadır.
“Biz sənə əl-aləmin işinə qarışmağı qadağan etməmişdikmi?” (Hicr, 15/70). Burada “əl-aləmin” sözü “başqaları”, “yadlar” mənasında işlədilmişdir. Deyə bilərik ki, “əl-aləmin” sözü işləndiyi hər ayədə eyni anlamı daşımır.
2. “Dağ” – “Dənizdə dağlar kimi axıb gedənlər (gəmilər) də Onun (varlığının) dəlillərindəndir” (Şura, 42/32). Bu ayədə olan “əl-əlam” sözü Rəhman surəsində də eyni anlamda işlədilmişdir. (Rəhman, 55/24)
3. “İşarələr” – “... Daha necə əlamətlər də yaratdı...” (Nəhl, 16/15-16). Ayədəki “əlamət” sözü tək bu ayədə işlənmişdir, “işarələr” mənasını daşıyır.
4. “Bilmək” – yuxarıdakı mənalardan başqa, Qurani-Kərimdə “ayn-lam-mim” kökündən törəyən kəlmələrin sayı yeddi yüz səksəndir. (Mehmet Okuyan, “Çokanlamlılık bağlamında Kuran sözlüğü”, İstanbul, 2015, s. 601)
Qurani-Kərimdə “Rəbb-il aləmin” (“aləmlərin Rəbbi”) tərkibi qırx iki dəfə işlədilmişdir, tərkibdəki “aləmin” sözü hər ayədə eyni anlamı daşımır, ancaq bu söz Rəbb adına aid olanda istisnasız bütün yaradılmışları nəzərdə tutur, uca Allahdan başqa, hər şey aləmlərə daxil olur. “O, aləmlərin Rəbbidir” qəlibi O, yaradılan hər şeyin Rəbbidir deməkdir.
Qurani-Kərim “aləmlərin Rəbbi” tərkibini belə açıqlayır: “O, göylərin, yerin və bunların arasında olan hər şeyin Rəbbidir” (Şuara, 26/24). “O, hər şeyin Rəbbidir” (Ənam, 6/164).
O, ər-Rəbb olan Allahdır, tərbiyə edən, tərbiyəsində tayı-bərabəri olmayandır. Qurani-Kərimdə uca Allahın ər-Rəbb olması, tərbiyə etməsi bu anlamları daşıyır:
- tərbiyə edən, tərbiyə etdiyinin ehtiyacını da təmin edir: “... Sadəcə Aləmlərin Rəbbi var. Odur məni yaradan, mənə doğru yolu göstərəcək olan da Odur. O, məni aclıq və susuzluqdan qurtarandır. (Mən) xəstə olanda şəfa verən də Odur”; (Şuara, 26/77-80)
- tərbiyə edən (ər-Rəbb olan) tərbiyə etdiyini nəzarətdə saxlayar: “... Şübhəsiz, Allah (sizə) daim (hər an) nəzarət edəndir”; (Nisa, 4/1)
- tərbiyə edən tərbiyə etdiyinin böyüyüdür, onun üzərində nüfuz sahibidir: “... Hökm Allaha aiddir. ...Mənim Rəbbim olan Allah budur: yalnız Ona güvəndim, hər an Ona yönəlirəm”; (Sura, 42/10)
- tərbiyə edənin tərbiyə etdiyi üzərində haqqı var: “... Və insana gəlincə. Nə zaman Rəbbi onu (sərvətlə) sınayıb, ona var-dövlət versə, nemətlərə qərq etsə, “Rəbbim mənə nemət verdi”, - deyər. Nə zaman da Rəbbi onu (darlıqla) sınayıb, verdiyi nemətləri azaltsa: “Rəbbim məni zəlil etdi”, - deyər”; (Fəcr, 89/15-17)
- O, tərbiyə etdiyindən itaət və qulluq gözləyir: “De: “O, hər bir şeyin Rəbbi olduğu halda, mən Allahdan başqa bir Rəbmi arayacağam?”; (Ənam, 6/164)
- hər varlıq sonda onu tərbiyə edənin hüzurunda toplanacaq: “... Yenə ən sonda onlar Rəblərinin hüzurunda toplanacaqlar”; (Ənam, 6/38)
Uca Allahın ər-Rəbb olmasının səbəbi sevgidir: “Unutmayın ki, mənim Rəbbim çox mərhəmətlidir, O həm sevər, həm də sevilməyi istər”; (Hud, 11/90)
Uca Allah varlığı Rəbbin adına oxumağı əmr edir: “Yaradan Rəbbinin adı ilə oxu!” (Ələq, 96/1)
Qurani-Kərim buyurur ki, vəhyi ər-Rəbb olan Allah nazil etmişdir: “O, aləmlərin Rəbbindən endirilmişdir”; (Vaqiə, 56/80)
Qurani-Kərim buyurur ki, uca Allah ərşin Rəbbidir: “Allah ondan başqa ilah olmayandır, müəzzəm ərşin Rəbbidir”; (Nəml, 27/26)
Qurani-Kərim buyurur ki, uca Allah göylərin və yerin Rəbbidir: “O, göylərin, yerin və bunların arasındakıların Rəbbidir”; (Məryəm, 19/65)
Qurani-Kərim buyurur ki, uca Allah insanın və insan soyunun Rəbbidir: “Həyatı və ölümü yaradan (Allah) sizin də Rəbbinizdir, sizdən öncə gələn atalarınızın da Rəbbidir”. (Duhan, 44/7-8)
Ərəb dilində “Rəbb” sözü “itaət edilən”, “bir şeyi islah edən”, “bir şeyin sahibi” anlamlarını daşıyır. O, ər-Rəbb olan Allahdır: şanı ucadır, bənzəri yoxdur, hər şeyi O yaradıb, nemətlər Onundur, ruzi verəndir, bütün işlər Onun əlindədir, bəsləyir, tərbiyəçidir, sahibdir, mükəmməl idarəçidir, islah edəndir, qoruyur, nəzarət edir, inkişaf etdirir, qanunlar qoyur, nizamlayır, hökm Ona aiddir...
Ər-Rəbb biçimində ancaq uca Allaha aiddir. Müəyyənlik əlaməti (“əl”) olmadan başqa varlıqlara da nisbət edilə bilər, məsələn, “Rəbbül-dar” evin sahibi deməkdir.
Qurani-Kərimdə “Rəbb” sözü “ilah” (Ali-İmran, 3/80), “sahib”, “idarəçi” (Yusuf, 12/42), “özünü Rəbbinə həsr edən insan” (Ali-İmran, 3/79) anlamlarında da işlədilmişdir.
Qurani-Kərimdə “əl-aləmin” sözünün bu mənalarına da yer verilmişdir: “insanlar və cinlər”(Furkan, 25/1), “dönəm”, “zaman” (Bəqərə, 2/47), “bütün qadınlar” (Ali-İmran, 3/42), “qonaqlar”( Hicr, 15/70).
Ər-Rəbb adı deyir ki, bütün nemətlərin qaynağı Odur. Kurtubinin bu mübarək (bərəkətli) adla bağlı təsbiti var: uca Allah “Rəbb-il aləmin” dedikdən sonra Özünü Rəhman və Rəhim olaraq tanıtdı, “Rəbb-il aləmin” təyinindəki heybətə Rəhman və Rəhimdəki sevinci artırdı ki, sifətlərindəki Ondan qorxma ilə, Ona yönəlmə, Ondan umma birləşmiş olsun (Süleyman Ateş, Kuran-i Kerim tefsiri, s. 74-75).
Vasiti deyir ki, ər-Rəbb yoxdan var edən, qida ilə bəsləyən, sonda bağışlayandır.
Səid Havva deyir ki, ər-Rəbb uca Allahın “ism-i əzəmi”dir, böyük adıdır. O, yaratdı, yaratdıqlarını tərbiyə etdi, ona görə də yaradılan hər varlığın həmdi Onadır.
Ardı var...

0.08086109161377