"Halal internet" və uşaqların təhlükəsizliyi
Osman Gündüz yazır: "Mövcud qanunvericiliyə görə valideynlərin provayderlərdən “Halal internet” xidməti tələb etmək haqqı var.
Yəni, ötən il yanvarın 1-dən qüvvəyə minən “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanuna görə hər bir provayder uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün “Halal internet” xidməti yaratmalıydı.
Qanuna görə bütün provayderlər abunəçinin istəyi ilə ona uşağı internetdə qorumaq üçün, təhlükəsiz internet, uşaqlar üçün zərərli ola biləcək kontentdən təmizlənmiş internet, necə deyərlər “Halal internet” xidməti verməyə borcludur.
Bütün təhsil sisteminə verilən internet trafik süzgəcdən keçirildiyindən, yəni “Halal internet” olduğundan məktəblərdə bu istiqamətdə problem demək olar ki, aradan qaldırılıb.
Məktəbdən kənarda, xüsusilə də evlərdə uşaqların internetdən istifadəsi zamanı təhlükəsizliklə bağlı problemlər qalır.
Rəqəmsal savadlılığı yetərli olmayan valideynlər uşağı internetdə qorumaq üçün, “Halal internet” xidməti almaq üçün qanunvericiliyin verdiyi imkandan yararlana bilərlər.
Bütün provayderlər bu xidməti verməyə hazırdırmı ?
Fifltarsiya (süzgəc) sisteminin qurulması provayderdən əlavə xərclər , əlavə resurslar tələb edir. Güman ki bu baxımdan provayderlərin bir çoxunda hələlik bu sistem qurulmayıb.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, internetdə bununla bağlı pulsuz bir xeyli həllər də mövcuddur.
Aztelekom, Bakcell, Azercell, Enginet şirkətləri uşaqlar üçün təhlükəsiz internet xidmətləri ilə bağlı rəsmi açıqlamalar veriblər. Bəzi provayderlər valideyn nəzarətinə tam zəmanət verən rəqəmsal həllər də hazırlayıblar.
Regionlarda Aztelekom provayderi daha üstün mövqeyə malik olduğundan, valideynlər bu provayderin SAF Təhlükəsiz İnternet xidmətindən istifadə edə bilərlər. Bu xidmət üçün aylıq internet ödənişindən əlavə olaraq 1.5 manat da ödəmək lazım gələcək.
Geniş abunəçi bazasına malik olan Baktelecom da belə bir xidmətin hazırlaması üçün səyləri gücləndirməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların təhlükəsizliyi məqsədilə “Kidsafe” resursunu hazırlayıb.
Digər provayderlərin “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanunun icrası istiqamətində atdığı addımlar haqqında məlumatlar verilməyib.
Müşahidələr göstərir ki, Təhsil Nazilriyinin , NRYTN-nin, Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, MTRŞ-in, Medianın İnkişafı Agentliyinin uşaqların internetdə təhlükəsizliyi ilə bağlı, adı çəkilən qanunun icrası ilə bağlı səylərinin gücləndirilməsinə ciddi ehtiyac var.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bu istiqamətdə fəaliyyətini yetərli hesab etmək olmaz.
Uşaqların internetdə təhlükəsizliyinin təmin eidlməsi üçün valideynlər də diqqətli olmalı, uşağın internetdə dostu olmalı, onların istifadə etdiyi avadanlıqlarda təhlükəsiz rejimdən istiafdəyə diqqət yetirməli, elementar təhlükəsizlik qaydaları və internetdə ünsiyyət qaydaları uşaqlara öyrədilməlidir,
Yeri gəlmişkən, adı çəkilən Qanuna görə TV-lər də yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməsini həyata keçirməliydilər. Hər işarəyə uyğun olan informasiya məhsullarının yayımlanmasına bəlli bir vaxt məhdudiyyətləri tətbiq olunmalıdır. Amma hələlik bu istiqamətdə də ciddi problemlər olduğu görsənir."
Paralel.az