Bir daha Startap şəhadətnaməsi və ekosistem haqqında
Osman Gündüz yazır: "Hazırda startaplara yeganə dövlət dəstəyi İqtisadiyyat Nazirliyi tabeliyində KOBİA-nın verdiyi Startap şəhadətnaməsidir.
Bu məqsədlə yaradılan Ekspertlər Şurasının bir neçə dəfə iclası keçirilib. Təxminən 14 mikro və kiçik biznes subyektinə Startap şəhadətnaməsi verilib.
Startap şəhadətnaməsinin isə üstünlüyü ondan ibarətdir ki, bu statusu qazananlar 3 il müddətinə əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunurlar.
Yalnız 3 il müddətinə verilir bu sənəd.
Müşahidələr isə göstərir ki, gəliri olmayan startaplar da Startap şəhadətnaməsi almaq üçün müraciətlər edirlər.
Gəliri olmayan startap üçün bu sənədin hansısa birbaşa təsirləri yoxdur.
Ola bilər ki, bu dövlət sənədini əldə edənlər investisiya almaq üçün də start vəziyyətlərini daha üstün etmək istəyirlər.
Amma fərqində olmaq lazımdır ki, Startap şəhadətnaməsi yalnız 3 il müddətinə verilir.
Digər üstünlükləri əldə etmək üçün də vaxtından tez, qurumun heç bir gəliri olmadan da Startap şəhadətnaməsinin əldə edilməsi startapın sonrakı inkişaf mərhələsində, gəlirlər gətirdiyi zaman vergilərdən azad olunmaqla bağlı ciddi problemə çevriləcək.
Bununlada startap yeganə dövlət dəstəyindən də məhrum olmuş olacaq.
Odur ki, Startap şəhadətnaməsi üçün müraciət edənlər yaxşı olardı ki, bu prosesə məhz gəlirlər əldə edildiyi zaman baş vursunlar.
Yeri gəlmişkən, hazırda ekosistemdə daha ciddi mövcud problemlərdən birisi startapların ilkin inkişaf dövründə əldə edə biləcəyi dəstək və investisiyalarla bağlıdır. Burada dövlət dəstəyinə, Universitetlərin dəstəyinə ciddi ehtiyac var.
Yəni, gəlirlər əldə edənədək, ilkin mərhələdə startaplara dəstək olduqca vacibdir.
Düşünürəm ki, ASAN və NRYTN bu məsələlərə diqqəti artırmalı, investisya mühitinin yaxşılaşması üçün səyləri gücləndirməlidir. Qanunverici baza təkmilləşdirilməlidir. İnnovasiyaların inkişafı ilə bağlı, Vençur maliyyələşmə ilə bağlı sənədlərin hazırlanmasının uzun müddət gecikdirilməsi sektorda ciddi ləngimələrə səbəb olur.
ASAN-ın İnvestisiya klubu, regional və xarici bazarlara çıxışla bağlı startaplara dəstək açıqlamaları isə hələlik kağız üzərində qalıb, real nəticələr verməyib.
NRYTN yanında İnnovasiya Agentliyinin fəaliyyəti nəhayət ki qaydaya salınmalıdır.
Ekosistemin inkişafı ilə bağlı uzunmüddətli tədbirlər içərisində təhsil mühüm əhəmiyyət kəsb edən sahədir.
Son zamanlar uşaqların və gənclərin kodlaşdırma və rəqəmsal sahədə bilik və bacarıqlarının artırılması, mentorların hazırlanması istiqamətində bir sıra Universitetlərin, NRYTN-nin və ASAN-ın səyləri də təqdirə layiqdir."
Paralel.az