Geniş coğrafiyada axan zəhərli "rüşvət çayının" gənc və qoca salto vuranları
İdris müəllim yazır: "Mənə məsləhət verən "qohum", "dost", "müsahib"lər peyda olublar: "Bu qədər qarşı çıxırsan akademiklərin əməllərinə, nə qazanırsan? Çörəkpulunu da borc etməyə başlamısan. Çox elə kiminsə vecinədir? Milyonları dağıdırlar e, kim kimədir?! Ona görə hamı necə, sən də elə. Elmi dərəcən, adın-filanın var, akademiyada şöbə müdirisən, ədə, istifadə et başqaları kimi, sən də qazan da. Bir tərəfdən də sən ağlat anasını bu millətin! Süründür, filan qədər almamış müzakirəni keçirmə! Onsuz da çoxu işbazlara yazdırır. Onlar 10-15 min alırlar, sən insaflı ol, 1000-2000 al! Çırp başına dissertasiyasını, de ki, redaktəyə ehtiyac var, 1000 manatını al, yalandan vərəqlə, özünü əziyyətə salma, bir-iki vergül, ya bağlayıcı səhvi tap, qışqır üstünə, borclu çıxar. Onsuz da özün bilirsən ki, dissertasiyalar elmi göstəricisi olmayan, moşenniklərə pul, iddiaçıya da elmi dərəcə qazandıran mənasız kağız yığınıdır. De ki, bu nə dissertasiyadır, AAK-da belə işlərə görə adamın üzünə tüpürərlər-filan. İstismar et təcrübəsizliyini, özünü qoy həyasızlığa, al qoy cibinə, müftə pullardır da. Axtarsan, dədəsi, ya nə bilim nəyi oğru məmur, ya nə çıxacaq. 1 ilin içində o biri həmkarların kimi at ehtiyacın daşını. Söhbət düşəndə özünü bicliyə qoyub de ki, əşi nə maaş alırıq e? Ömrün başa çatır, a kişi. Öyrən də həmkarlarından. Onlar istirahət də edirlər, övladlarını xaricə oxumağa da yollayırlar, ölkə dağılır-dağılsın, sənə nə? Guya sənin vecinə olub nə ğayırmısan? Yazığın gəlməsin bu xalqın balalarına. Bunlara zülm etməsən, zülm olunarsan! Görmürsən, dahi filosof (şair -)Sabir deyir ki, zülmətsevər xalqıq. Vəssalam da. Daha nə istəyirsən? Əz başlarını, rəhm etmə!
Akademiklərə gəlincə, büdcədən, xalqdan o milyonları əldə etmək üçün min hoqqadan çıxan, əzabkeş və müqəddəs zatları tənqid etmək əvəzinə tərif et, gir qılıqlarına, avışdan-qulaqdan sən də ye də. Elə bilirsən rüşvət almaq, dövlət büdcəsini talamaq, alıb-aldatmaq asandır? O boyda ƏLi Həsənov da etiraf etdi ki, o milyonları qazanınca alnının tərindən Rüşvət çayı əmələ gəlib. Sabiq PA rəhbəri və digər girli akademiklərlə o çayda üzürlərmiş. Nəhəng çaydır, 111 qolu vardır. Hava sərinləşsə də, hələ ki üzhaüzdür, qoca yaşında salto vururlar. Dövlət və xaq olaraq hələ də yığışıb o zəhərli çayın suyunu quruda bilmirik. Nə isə...
Odur e, rəsmi maaşı 400 manat olan Zorba Kərəm Dibəgirəddinli girib akademikin qılığına, sökür. 29 yaşlı bu zat lütün biri idi, indi ev-eşiyi, altında maşını, lüks həyatı, dörd dəfə evlənib boşanıb, universitet tələbələri dalınca sürünürlər. Bilirlər ki, Kərəmin dalı bərkdir. Sənə gəlincə, heç alçalmağa lüzum yoxdur ki, ay başına dönüm! Zorbanın etdiyinin onda birini sən etsən, vallah, dirəyin qızıldan olar. Sənin vesinlə onunku bir deyil axı. Hamı onun necə sürtük olduğunu bilir. Sadəcə, dalına görə dalınca sürünürlər. Ay qardaş, Dibəgirəddinlinin özlərinə bənzər, fəqət xalis "tryapka" olduğunu zərəli akademik şəbəkənin özü də gözəl bilir, amma istifadə üçün yararlıdır hələ ki. Kərəmin ən ağır işi akademikin çemodanını və çantasını daşımaq, söz aparıb-gətirmək, trolluq etmək, şərləmək, ora-bura girib soxulmaqdır və s. Ölkənin elm və təhsilinə qəh-qəh çəkən yeyimcil akademik onu bu gün, ya sabah professor qayırmağa söz verib, amma müqabilində Dibəgirəddinə 10 nəfər özü kimi gənc kadr hazırlamağı tapşırıb. Zorba Kərəm artıq 7 nəfəri hazırlayıb: Söygülü, Döyməddin, Şərxanım, Üzəduranə, Yalahüranə, Üfunəddin, bir də Bəymalı. Hamısına da vəd edib ki, iki ilə fəlsəfə doktoru olacaqlar...".
Gəlin, cəmiyyətimizin şərxanımlaşmasına, döyməddinləşməsinə, dibəgirəddinləşməsinə izn verməyək! Gələcəyimiz öz əlimizdədir. Ölkənin uçuruma getməsini bilə-bilə, görə-görə ömürdə bir dəfə də olsun səsini çıxarmayanlar, əksinə, prosesi şirnikləşdirənlər, haqqı nahaqqa qurban verənlər, başını aşağı salıb otlayanlar bizdən deyillər."
Paralel.az