Allah kimdir?

Allah kimdir?
 

Siracəddin Hacı yazır: "Allah qulluq edilməyə layiq tək İlahdır. “Allah” sözü xas isimdir, ancaq Ona aiddir, istər həqiqi, istərsə də məcazi mənada olsun, bir başqa varlığa verilməz, təkdir, cəmlənməz, tərcümə edilməz. Azərbaycan türkcəsindəki “Tanrı”, ingiliscədəki “God”, ruscadakı “Boq”, farscadakı “Xuda”... kəlmələri “Allah” sözünün deyil, “İlah” sözünün qarşılığıdır. 

Allahın doxsan doqquz adı (sifəti) var, bu sifətlər Allah adını izah edir, Allah kimdir sualına cavab verir. Allah adı bu doxsan doqquz sifətin mənalarını Özündə toplayır. Bütün adlar Allah xas isminin sifətləridir. Allah adı təyin olunan, doxsan doqquz sifət təyindir: Rəhman Allahdır (Allahu Rəhmanun), Rəhim Allahdır (Allahu Rəhimun), Kərim Allahdır (Allahu Kərimun)...
“Allah” xas isminin mənası (etimologiyası) ilə bağlı otuza yaxın görüş var. Bu görüşləri iki maddədə təsnif etmək olar:
a) “Allah” xas ismi hər hansı bir kökdən törəməmişdir;
b) “Allah” xas ismi ərəb dilinin bütün sözləri kimi törədilmiş addır;
Alimlərin çoxu ikinci görüşü doğru sayır. Onlar deyirlər ki, ərəb dili Sami dil ailəsinə mənsubdur, “Allah” sözü ərəbcədir, ərəbcə olan sözlərə aid qaydalar bu ada da şamildir, yəni “Allah” sözünün də törədildiyi bir kök var. O, “İlah” adının (sifətinin) “əl” müəyyənlik artiklı ilə işlənmiş formasıdır. Əl-İlah mütləq İlahdır, zaman keçdikcə əl-İlah sözü Allah kimi tələffüz edilmişdir. Bu adın törədildiyi kök hərflər “ə-l-h”dır. “Ələhə” sözü “məbud bildi”, “qulluğunu Ona aid etdi”, “ibadət etdi” anlamlarını daşıyır.
“Allah” xas adının lüğəvi mənasına aid bütün kəlmələrin ortaq bir anlamı var: sevgi.
Qurani-Kərim Allahı tanıdarkən iki yol seçir: nəfy və isbat. Nəfy – “heç bir şey Onun kimi deyildir”, öncə hər şey Ona bənzəməkdən uzaq tutulur, sonra Onun bənzərsizliyi isbat edilir.
İnsan sınırlı varlıqdır, onun ağlı da sınırlıdır, bu sınırlı ağıl sınırsız olan Allahın zatını qavraya bilməz. İnsanın Allahı tanıması üçün O, vasitələr nazil etmişdir:
a) Əsma-i hüsna (gözəl adlar) – Allahın doxsan doqquz adı var, hər biri Allah kimdir sualına cavab verir. İnsan bu adların mənalarını qavrayaraq Allahı doğru tanıya bilər;
b) kainat ayələri – yaradılan hər varlıq bir ayədir, onu yaradanı tanıdır. İnsan bu ayələrə qoyulmuş elmi öyrənərək Allahı doğru tanıya bilər;
c) Qurani-Kərim – Allahı doğru tanıdan ən mötəbər qaynaqdır, O, kəlamullahdır, bütün ayələri Allahı tanıdır deyə bilərik. Qurani-Kərimin birbaşa Allahı tanıdan ayələri var, bu ayələr kitabın zirvə ayələridir;
d) Allahın elçiləri – Onların vəzifəsi insanların düşüncəsində doğru Allah təsəvvürü formalaşdırmaqdır;
Qurani-Kərimdən çıxış edərək Allah kimdir sualına ümumi şəkildə belə cavab vermək olar:
- varlığı Özündəndir, var olmaq üçün bir başqa varlığa möhtac deyildir;
- bütün mükəmməllik Ona aiddir;
- bütün nöqsan sifətlərdən uzaqdır;
- mütləq varlıqdır;
- həmd ancaq Onadır;
- O, bir tək İlahdır;
- O, doğurtmamışdır;
- O, kimdənsə (nədənsə) doğulmamışdır;
- O, ehtiyacsızdır;
- O, təkdir, tək olmaq Onun haqqıdır;
- heç bir şey Onun bənzəri deyildir;
- O, özündə və işində mərhəmətlidir;
- varlığın mütləq hakimidir;
- mülkün gerçək sahibidir;
- ölümü və həyatı yaradan Odur;
- hüzurun qaynağıdır;
- güvən və iman verəndir;
- mütləq diridir, ölümsüzdür;
- göylərin və yerin nurudur;
- hər varlıq Ona möhtacdır;
- qullarına zülm etmək ehtimalı yoxdur;
- hər şeyi bilir, eşidir, görür;
- Allah özünü tanıtdığı kimidir;
- Allah quluna yetər;
- şərəf və etibarın qaynağı Allahdır;
- hər şey Allahın dilədiyi kimi olacaq;
- Allah hər kəsdən hesab soruşacaq;
- heç kim və heç nə insana Allahdan daha sevimli olmamalıdır;
Allah buyurur: “De: Sizə bir tək öyüdüm var. İstər tək olun, istərsə də başqaları ilə birlikdə olun, əsla Allahın hüzurunda olduğunuzu unutmayın”.
“Allah” sözü lafza-i cəlaldır (lafzatullah), hansı hərfini atsan, söz yenə Allah anlamını verir: Allah, Lillah, İlah, Ləhu, Hu.
“Allah” sözü sifət deyil, isimdir."

Paralel.az

0.026396989822388