Dili yoxsa da, danışar...
Hər məqamda əldən tutar...
Bu yaxında bir məlumatla rastlaşdım. Məlumata görə, rusların təxminən 60 faizi yetkinlik yaşlarında məktəb ədəbiyyatını yenidən oxuyur. Bu sırada onlar Tolstoyun “Hərb və sülh”, Bulqakovun “Ustad və Marqarita” əsərinə dönürlər. Bundan başqa, onların Dostoyevskinin “Cinayət və cəza”, Puşkinin “Yevgeni Onegin”, Turgenevin “Atalar və oğullar” əsərinə də marağı böyükdür. Onların yarıdan çoxu isə əsərlərin elektron və audiokitablar formatda daha çox kitab oxuma şansı verdiyini deyirlər...
Deməli, yaxın-uzaq keçmişdə kitablar sözügedən formatda olsaydı, kitab oxumaq daha asan və hamıya əlçatan olardı. Hansı ki, həmin dövrlərdə kitaba maraq doğrudan da böyük idi. Evində bədii, sənədli, tarixi və s. kitabı olmayan, oxumayan demək olar, yox idi. Bununla belə, keçmişin kitabsevərlər ordusu bu gün də mütaliə marağını, sevincini, arzusunu mənəvi bir ehtiyac olaraq, daha sivil formada həyata keçirməkdə israrlıdır.
Maraqlıdır, görəsən, azman kitabxanası, mütaliəsi, dünyagörüşü ilə bir çox millətlərin gözündə mükəmməl obraz yaradanların xələfləri hazırda hansı səviyyədə, dünyagörüşdə, dünyabaxışdadır?! Bir qismi çıxmaq şərtilə, bizdə mütaliəni həyatının vazkeçilməz hissəsi hesab edənlər çox azdır. Demək olar ki, barmaqla sayılacaq həddədir. O barmaqla sayılacaq insanlar elə əvvəllər də, indi də mütaliəni asudə və qeyri-asudə vaxtının əsası, bəzəyi sayıb. Hazırda isə kitabların, kitab mağazalarındakı çeşidlərin, yerli və dünya ədəbiyyatının zənginliyi fonunda, oxumayanların faizi oxuyanlara qalib gəlir. “Məğlub olanlar”ın təəssüf hissini duyanlar sırasında olmaq, doğrudan da təəssüfedicidir...
Bugünlərdə bir yeniyetmə oxuduğu tədris vəsaitindəki dastan parçasının mənasını izah etməyi xahiş etdi. Söhbət “Koroğlu” dastanından gedirdi. İzah vaxtı təsadüfən ortaya çıxdı ki, həmin yeniyetmə, konkret 10-cu sinif şagirdi bu dastanla tanış deyil. Belə deyək, o, ümumi məzmunu bilir, vəssalam. Nə isə, müəyyən sual-cavabdan, izahdan sonra söhbət gəldi çıxdı Misri qılınc olan yerə. Etiraf edim, şagirdin hazırsızlığından adam az qalır simvolik qılınca əl atsın. Nə isə və xülasə, sözüm ondadır ki, valideynlər bir az diqqətli olsunlar, şifahi xalq ədəbiyyatı, yazılı ədəbiyyat, poeziya, nəsr, nəzm, bir sözlə, övladlarını Azərbaycan ədəbiyyatı ilə tanış etsinlər. Bu tanışlıqdan sonra xarici ədəbiyyata çıxış etsinlər, istər virtual formada, istərsə də birbaşa təmasla kitab oxutdursunlar, dünyagörüş, dünyaya baxış formalaşdırsınlar. Oxumaq insana hər zaman faydalıdır, bunu hamılıqla bilirik. Sadəcə, faydanı zəhmət çəkib oxuyanda görmək mümkündür ki, yeniyetmələr, gənclər, onun üçün zəhmət olmasa, kitaba əl uzadın!
O sizin əlinizdən mütləq tutacaq, özü də hər mənada.
Nigar Orucova