FATİHƏ SURƏSİNİN MESAJLARI
VI YAZI
(əvvəli ötən sayımızda)
5. ƏR-RƏHİM ADI
Siracəddin Hacı yazır:
“Bismillah-ir Rəhman-ir Rəhim” ayəsində Rəhim adı var. O, ər-Rəhim olan Allahdır, hər an mərhəmət edəndir, işində çox mərhəmətli olandır. Uca Allah buyurur: “Qullarıma xəbər ver: Mən, bəli, Mən Qafuram, Rəhiməm! Ancaq unutmayın ki, ələm və iztirab verən əzab da mənim əzabımdır!” (Hicr, 15/49-50)
(“Ey insan!”) Görmürsənmi yer üzündə olan hər şeyi sizin üçün bir qanuna (yasaya) bağlayan və (buna) bağlı olaraq da dənizdə üzən gəmiləri əmrinizə verən, göy (cisimlərinin) O, izin vermədikcə yer üzünə çarpmasına (qanunları ilə) əngəl olan Allahdır. Şübhə yoxdur ki, Allah Raufdur, Rəhimdir. (Həcc, 22/65)
O, ər-Rəhim olan Allahdır, çox şəfqətlidir, bağışlamağı sevir, zülm etmək ehtimalı belə yoxdur, qullarının da rəhimli olmasını istəyir. O, Allah Rəsulunu aləmlərə rəhmət olaraq göndərmişdir, (Ənbiya, 21/107) bütün elçilər də, Qurani-Kərim də, hidayət də, yaratdığı hər nemət də Onun rəhmətinin əlamətidir.
Onun tərbiyə metodunun əsasında sevgi, mərhəmət, bağışlama var. Allah Rəsulu buyurur ki, insanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz...
“HƏMD BÜTÜN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA MƏXSUSDUR”
a) “əl-Həmd” anlayışı
“Həmd” sözü ərəbcədir, “öymə”, “təşəkkür”, “şükür”, “mədh” kimi sözlərlə yaxın mənalıdır. Uca Allah buyurur ki, yaradılan hər varlıq öz dili ilə Onu təsbih edir, öyür, Onun adına hərəkətdədir, Onun qoyduğu qanunlara (sünnətullah) tabedir.
“Həmd” sözü “mədh” (“tərif”) sözündən daha dar anlama sahibdir. Mədh canlı və cansız hər varlığa aid ola bilər. Həmd isə ancaq uca Allaha məxsusdur, başqa bir varlığa həmd etmək olmaz. Böyük təfsir alimi Fəxrəddin Razi “həmd” ilə “mədh” arasında dörd fərq olduğunu yazır:
- mədh canlı, cansız hər varlığa aid ola bilər, ona görə də mədh ümumi, həmd xüsusidir, yalnız Ona aiddir;
- mədh yaxşılıqdan öncə də, sonra da ola bilər, həmd isə yaxşılıqdan sonra olar;
- mədh yasaqlana bilər, həmd etmək isə ilahi əmrdir, yasaqlana bilməz;
- mədh fəzilət növlərindən birinə xas olan sözdür, həmd isə Onun fəzilətli olduğuna işarə edir. Onun fəzilətli olması nemət verməsi və yaxşılıq etməsidir; (Fahruddin ər-Razi, Tefsir-i kebir, Mefatihul-Gayb, İstanbul, 2013, c.I, s. 306-307)
Alim şükürlə həmdin fərqini də bu sözlərlə ifadə edir: “... Həmd nemətin sənə, ya da bir başqasına verilməsini əhatə edir, şükür isə sadəcə sənə verilən nemətlərə məxsusdur”. (Fahruddin ər-Razi, Tefsir-i kebir, Mefatihul-Gayb, İstanbul, 2013, c.I, s. 307)
Tərif bir yaxşılıq və gözəlliyə görədir, həmd isə iradə və istəklə hasil olan yaxşılıq və gözəlliyin qarşılığıdır. Yaradılan heç bir varlıq həmdə layiq deyil, ona görə də ibadət və itaətə də layiq deyil. Hər hansı bir gözəllik və yaxşılığa sahib olan varlıq o gözəllik və yaxşılığın mütləq sahibi deyil, gözəllik və yaxşılıq ona verilmişdir. Uca Allah isə gözəllik və yaxşılıqların mütləq sahibi, qaynağıdır, O, əl-Xeyir olan Allahdır.
Mədh (tərif) bir varlığı gözəl vəsflərlə tərifləməkdir, şükür verilən bir şeyin qarşılığıdır, həmd isə versə də, verməsə də uca Allahı ən gözəl sözlərlə xatırlamaqdır.
Həmd etmək nemətləri verənin uca Allah olduğunu bilməkdir, həmd duadan üstündür. Qurani-Kərimin beş surəsi həmdlə başlayır: Fatihə, Ənam, Kəhf, Səbə, Fatır.
Allah Rəsulu buyurur: “Allaha həmd olsun dediyin zaman Ona şükür etmiş olursan, Allah da sənə olan nemətini artırır”.
İbn Abbas deyir ki, həmd şükür əlamətidir. Ondan gələn bir rəvayətə görə yaratdıqlarına lütfündən dolayı Ona şükür edilməlidir.
Zəməxşəri deyir ki, həmd şükrün bölümlərindən biridir.
Təbəri həmdi belə tanıdır: “Uca Allaha itaət edilməsi üçün bütün vasitələri verməsi, əmrlərinin yerinə yetirilməsi üçün mükəlləf olanların vücud orqanlarını uyğun bir şəkildə yaratması, layiq olmadıqları halda, onları dünyada çeşidli nemətlərlə ruziləndirməsi, onlara içi nemətlərlə dolu əbədi cənnətə gedən yolu göstərməsi kimi saysız-hesabsız nemətləri qarşılığında şükür edilmək sadəcə Ona məxsusdur...” (Əbu Cəfər Muhammed bin Cerir et-Taberi, Taberi tefsiri, İstanbul, 2012, c. I, s. 81)
Dəhhak deyir ki, Abdullah ibn Abbas belə rəvayət etdi: “Əlhəmdülillah demək Allaha şükür etmək, Ona boyun əymək, Onun nemətlərini, hidayətini, bizi yoxdan var etməsini qəbul və iqrar etməkdir”. (Əbu Cəfər Muhammed bin Cerir et-Taberi, Taberi tefsiri, İstanbul, 2012, c. I, s. 81)
Kabul Əxbar əlhəmdülillahın uca Allahı öymək olduğunu söyləmiş, bunun bir nemətin qarşılığında olub olmadığına aid hər hansı bir şey deməmişdir. (Əbu Cəfər Muhammed bin Cerir et-Taberi, Taberi tefsiri, İstanbul, 2012, c. I, s. 81)
Təbəri deyir ki, “əlhəmdülillah” kəliməsinin əvvəlindəkı “əl” müəyyənlik əlaməti ümumi məna ifadə edir, yəni istisna yoxdur, bütün öygü və şükürlər yalnız Allaha məxsusdur. (Əbu Cəfər Muhammed bin Cerir et-Taberi, Taberi tefsiri, İstanbul, 2012, c. I, s. 81)
Fəxrəddin Razi “həmd” sözünün daşıdığı mənaları on yeddi maddədə açıqlamışdır:
- öncə mədh və şükürlə həmdin fərqlərini izah etmişdir (bu fərqləri təqdim etdik);
- uca Allah “Allaha həmd edirəm” buyurmayıb, “həmd Allaha məxsusdur” buyurub. İkinci cümlə daha üstündür, belə ki, bu cümlə uca Allahın Ona həmd və şükür edənlərin varlığından öncə də həmdə layiq olduğunu göstərir, O, əzəldən əbədiyyədək Mahmuddur (həmd edilmiş olandır). Həmd uca Allahın haqqı və mülküdür, qullarına verdiyi saysız-hesabsız nemətlərə görə həmdə layiq olan tək varlıqdır. Həmd uca Allahın zatından dolayı sahib olduğu bir haqdır;
- “Əlhəmdülillah” ifadəsinin əvvəlindəkı “əl” artiklı deyir ki, uca Allah hər şeyin sahibidir, hər şeyə hakimdir;
- “Əlhəmdülillah” sözü səkkiz hərfdir, Cənnətin qapılarının sayı da səkkizdir. Hər kim qəlb təmizliyi ilə bu səkkiz hərflik cümləni söyləyərsə, cənnətin səkkiz qapısından da girmək haqqını qazanar;
- nemətlərin gerçək sahibi və onları yaratdıqlarına verən uca Allahdır;
- uca Allahdan başqa, həmdə layiq kimsə, nəsə yoxdur;
- insan uca Allaha gerçək mənada həmd və şükür etməkdən acizdir, Onun nemətlərinin sayı-hesabı yoxdur: “Allahın nemətlərini saymaq istəsəniz, saya bilməzsiniz” (Nəhl, 16/18), Onun bütün nemətlərini tanımayan Ona layiqincə həmd edə bilməz. İnsana həmd etmək imkanını da O vermişdir, bu da bir nemətdir. Həmd və şükür sadəcə dil ilə olmaz. Həmd uca Allahı doğru tanımaqla, Ona təslim olmaqla mümkündür. Həmd etməkdən aciz olduğunu bilmək həmd etməkdir;
- var olmaq yox olmaqdan xeyirlidir, var olmaq bir nemətdir, var edən də Odur. “Əlhəmdülillah” demək nemətlərin hamısının uca Allahın haqqı və mülkü olduğuna, Onun ortağının olmadığına şahid olmaqdır;
- həmd etmək təsbih etməkdən üstündür, təsbih uca Allahın zat və sifətlərində nöqsanlardan uzaq olduğunu (O, nöqsansız olandır) ifadə edir. Həmd bu anlamla birlikdə uca Allahın qullarına ehsan etdiyini, nemətlər verdiyini, mərhəmət edən olduğunu da ifadə edir;
- “Əlhəmdülillah” kəlməsi həm keçmişi, həm də gələcəyi əhatə edir. Keçmişlə əlaqəsi budur: öncədən verilmiş nemətlərə görə həmd edilir. Gələcəklə əlaqəsi budur: “And olsun ki, şükür edərsəniz, Mən də sizə olan nemətimi artıraram”. (İbrahim, 14/7) Qul şükür ilə məşğul olduğu zaman ağıl və qəlbinə Allahın nemətlərinin, məhəbbət və mərifətinin qapıları açılar. Bu da nemətlərin ən böyüyüdür. Bu mənadan dolayı “əlhəmdülillah” sözü keçmişlə əlaqəsi səbəbi ilə sənə cəhənnəm qapılarını bağlayar, gələcəklə əlaqəsi səbəbi ilə də cənnət qapılarını açar. Bu halda, “əlhəmdülillah” sözünün keçmişlə bağlı təsiri bizi Allaha mənəvi yaxınlaşmaqdan uzaq tutan qapıları örtər, gələcəklə bağlı təsiri də mərifətullah (uca Allahı tanıma) qapılarını açar;
- “Əlhəmdülillah” cümləsi çox şərəfli, şanı uca olan bir kəlmədir, ancaq o, yerli-yerində istifadə edilməlidir. Uca Allahın quluna nemətləri çoxdur. Bu nemətləri iki yerə ayırmaq olar: dünya və din nemətləri: din neməti dünya nemətindən üstündür. İnsan din nemətlərinə qovuşduğu zaman “əlhəmdülillah” deməlidir. Dünya nemətləri də iki cürdür. Elə olur ki, nemətə nemət olduğuna görə dəyər verilir, elə də olur ki, nemətə neməti verənin mükafatı olması baxımından dəyər verilir. İkincisi daha üstündür, bu məqamda “əlhəmdülillah” demək daha gözəldir;
- atamız hz. Adəmin ilk sözü “əlhəmdülillah”dır, cənnətlik olanların son sözü də “əlhəmdülillah”dır. Bu aləmin başlanğıcı və sonu həmdə bağlıdır. Çalış ki, əməllərinin əvvəli və sonu “əlhəmdülillah” olsun;
- insan uca Allaha həmd etsə də, etməsə də, O, zatı və feilləri baxımından həmdə layiqdir. Uca Allah “həmd Allaha məxsusdur” buyurdu, “həmd Allaha məxsusdur de” buyurmadı, quluna imkan tanıdı, itaətkar qullar Ona həmd edər, üsyan edənlər həmd etməz, bu, əmr olmadığına görə günahları daha az olar;
- “Əlhəmdülillah” cümləsi həmdin uca Allahın haqqı və mülkü olduğunu göstərir. Bu haqq din göndərilməzdən öncə də var idi;
- Həmdin həqiqət və mahiyyətini araşdırmaq zəruridir. Uca Allaha həmd etmək sadəcə dillə “Əlhəmdülillah” deməkdən ibarət deyil. Nemət verənə həmd etmək nemət verən olması səbəbi ilə Ona təzim ifadə edən hər növ feillərdən ibarətdir. Bu feil ya qəlbin feili olar, ya da dilin feili olar, ya da üzvlərin feili olar. Qəlbin feili uca Allahın kamal və cəlal sifətlərin sahibi olduğuna inanmasıdır. Dilin feili uca Allahı kamal sifətlər daşıyan sözlərlə zikir etməsidir. Orqanların feili nemət verən varlığın kamal və cəlal sifətlərin sahibi olduğunu göstərən işləri etməsidir; (Fahruddin er-Razi, Tefsir-i Kebir (“Mefatihul-Ğayb”), İstanbul, 2013, c.I, s. 306-319)
Nemətlərin yaradılması və verilməsi həmdi zəruri edir. Həmd deyir ki, qüsursuz, mükəmməl, nöqsan sifətlərdən uzaq olan Odur. Həmd insanı mükəmməl olma xəstəliyindən qoruyur, deyir ki, sən qüsurlusan, ey insan, mükəmməllik şeytanın baban hz. Adəmə qurduğu tələdir. Unutma ki, şeytan onu iki şeylə aldatmışdı: Sən mükəmməl və əbədi olmaq istəmirsənmi? Yasaq ağacın meyvəsindən ye, mükəmməl və əbədi ol! Bu qissə insanlara öyüd verir, deyir ki, insan qüsurlu varlıqdır, həmdə layiq deyil, ölümlüdür.
Həmd insanı tərif xəstəliyindən qoruyur. Tərif tənqiddən daha təsirli vasitədir, o, insanı yoldan çıxarar, ölçüsüz tənqid də, tərif də insanın əxlaqını pozar. Ey insan, heç kimi uca Allahı təriflədiyin kimi tərifləmə, bil ki, həmdə layiq olan ancaq Odur.
Həmd nemətin uca Allahdan olduğunu bilməkdir, həmd insan olaraq yaradılmağın şükrünün Ona təslimiyyət olduğunu öyrədir. Uca Allaha təslim olmaq Onun seçdiyi həyat tərzini yaşamaqdır.
Həmd deyir ki, uca Allahın qullarına lütfündə ortağı yoxdur, O, fəzilətli və üstün Olandır, insanı yaradan, ona saysız-hesabsız nemətlər verəndir, nemətlərin, bütün gözəlliklərin qaynağı Odur.
Həmdin hədəfi uca Allahın rizasını qazandırmaqdır. Həmd davamlı olmalıdır, çünki nemətlər fasiləsiz verilir, aldığımız hər nəfəs bir nemətdir, insan hər şeyini Ona borcludur, bu borcları ödəmək imkanı da yoxdur, tək çıxış yolu (borcu ödəmək imkanı) Ona təslim olmaqdır.
Həmd tövhid inancı (la ilahə illallah, Allahdan başqa ilah yoxdur) ilə bağlıdır, deyir ki, O, hər şeyin sahibidir, həmdə layiq tək varlıq Odur, həmddə də Onun ortağı yoxdur.
Həmdin ziddi tənqid (aşağılama), qınama, şükrün ziddi nankorluqdur.
Həmd uca Allahı gözəl isim və sifətləri ilə öyməkdir. Uca Allah buyurur ki, Ona gözəl adları ilə dua edin, sizdə olan hər nemət Allahdandır, (Nəhl, 16/53) həmd Onun haqqı və mülküdür.
Bir görüşə görə, həmd Onun dəf etdiyi bəlaların qarşılığı, şükür isə verdiyi nemətlərin qarşılığıdır. Allah Rəsulu buyurur ki, həmd şükrün zirvəsidir.
Həmd uca Allahın əl-Həmid adı ilə bağlıdır. O, əl-Həmid olan Allahdır, bütün öygülərə layiq tək varlıqdır, öyülməkdə tayı-bərabəri yoxdur, zatını öyəndir, öygüləri əsla boşa çıxarmayandır. Bir varlığın əl-Həmid olması bu şərtlərə bağlıdır:
- öyülən özəlliklərin onda sabit olması;
- heç kimsə öyməsə də, O, zatında öygüyə layiqdir;
- öyənə yaxşılığını öydükdən sonra deyil, öygüdən öncə etməsi;
- yaxşılığı şüurlu və iradəli etməsi;
- hər növ öygüdən uca olması;
- öygüyə möhtac olmaması, öygünün öyülənə deyil, öyənə lütf olması; (Mustafa İslamoğlu, Kurana göre esma-i hüsna, İstanbul, 2011, c. 1, s. 643)
Mustafa İslamoğlu deyir ki, kim nəyi öyürsə, öysün Onu öymüş olur, çünki öyülən hər varlıq varlığını Ona borcludur. Həmd dörd şeyin toplamıdır: şükür, riza, cəza, qəza.
Şükürlə həmd etmək – şükür həmdin başlanğıcıdır, bu dərəcədə qalan həmd həmd deyil, çünki şükür verilən bir şeyin qarşılığıdır. Bu səviyyədə olan həmd tacirin həmdidir. Riza ilə həmd etmək – riza halı həmd halıdır, qul uca Allahdan razı olmuşdur, versə də, verməsə də həmd edər. Cəzaya həmd – qul başına gələn hər bəlanı belə qarşılayar: uca Allah mənimlə əlaqəsini kəsməmişdir. Qəzaya həmd – bu, həmdin ən uca zirvəsidir, olanda xeyir var deməkdir, hər şeyin Onun əsəri olduğunu anlamaqdır: küfür və dəlalətdən başqa hər şeyə həmd olsun. (Mustafa İslamoğlu, Kurana göre esma-i hüsna, İstanbul, 2011, c. 1, s. 643)
Həmd üç şəkildə gerçəkləşir: dilin həmdi, bu, həmdin söz halıdır, təsbihdir, uca Allah buyurur ki, “əlhəmdülillah”, Allaha həmd olsun de. Orqanların həmdi, bu, əməllə (işlə) həmddir, Haqqı görmək gözün, haqqı eşitmək qulağın, Haqqı ayaqda tutmaq əlin, batildən qaçaraq Haqqa yürümək ayağın, düşünmək ağlın, sevmək qəlbin, doğrunu seçmək iradənin həmdidir. Qəlbin həmdi – bu, həmdin duyğu halıdır, qəlb həmd edirsə, qul Rəbbindən razıdır, o, uca Allahın öydüyünü öyər, sevdiyini sevər, qınadığı, sevmədiyi şeylərdən də uzaq durar."
Ardı var...