Ən yüksək qiymət - can sağlığı
Müasir dünya əhalisinin hazırda əziyyət çəkdiyi problemlərdən biri də artıq çəki ilə bağlıdır. Bu məsələ indi az qala, qlobal səviyyəyə gəlib. İnkişaf etmiş ölkələrin əhalisi artıq çəki və onun gətirdiyi xəstəliklərlə bağlı savaşırkən, tədqiqatçılar elmi və tibbi araşdırmalarla bu problemi hədəfə alırlar. Tədqiqatçıların bu yöndə növbəti açıqlaması insan orqanizmində maddələr mübadiləsinin gedişatıyla bağlıdır. Belə ki, alimlər uşaqlıqda maddələr mübadiləsinin çox sürətlə getdiyini, yalnız 20 ildən sonra yavaşıdığını deyirlər. Onlar qeyd edir ki, 30 yaşdan sonra maddələr mübadiləsinin yavaşıması səbəbindən, pəhriz vərdişi və həyat tərzi dəyişərək piylənmə mümkün olmur. Bu qənaətdə 90-cı illərədək qalanlar yeni əsrdə kritik yaşı 25-ə endirib. Eləcə də, beynəlxalq alim qrupu artıq kiloların maddələr mübadiləsiylə heç bir əlaqəsi olmadığını bəyan edib. Onlara görə, uşaqlıq və yeniyetməlik dövründə maddələr mübadiləsi hər il təxminən üç faiz azalaraq 20 ilə qədər davam edir. Daha sonra isə 60-a qədər sabit qalır. Bu göstərici tədricən azalaraq, ildə 0,7 faiz olur. Altmış yaşda maddələr mübadiləsinin yavaşıması da insanın əzələ kütləsinin azalmasıyla bağlıdır. Bu mənada, 90 yaşa qədər bədənin orta yaşa nisbətən üç faiz az enerjiyə ehtiyacı var.
Tədqiqatçılar metabolizmanın həyat tərzindən asılı olduğunu da deyirlər. Onlar arıqlayan zaman maddələr mübadiləsinin yavaşıdığını və çox azaldığını qeyd edirlər. Eyni zamanda, düzgün olmayan yuxu rejimi də maddələr mübadiləsini yavaşıda bilər. Mütəxəssislərə görə, 40 yaşdan 69 yaşa qədər olan 133 mindən çox insanın sağlamlığı və həyat tərzi göstərir ki, hər üç kişidən biri və hər dörd qadından birində təzyiq, piylənmə, yüksək şəkər və s. metabolik problemlər var. Qeyd edilir ki, gündə altı saatdan az və on saatdan çox yuxu sağlamlığa təsir göstərir. İdeal yuxu müddəti isə gündə yeddi ilə səkkiz saat arasındadır. Bu rejimi gözləyənlərdə metabolik sürət yaşa və bədən ölçüsünə uyğun hesab olunur...
Beləliklə, insanın həyat tərzinin, qidalanmasının və yuxu rejiminin sağlamlığa təsiri alimlər tərəfindən müxtəlif aspektlərdən öyrənilərək vaxtaşırı təqdim edilir. Hər bir insan da özü üçün ən düzgün olanı seçərək tətbiq etməlidir. Əlbəttə ki, yaşamağın mahiyyəti var olmaqdırsa, mənası da sapsağlam qalmaqdır. Onu da düzgün həyat tərzi seçənlər və bunu qeyd-şərtsiz, hamıya bir dəfə verilən ömür payının mənası hesab edənlər əldə edir. Və bu, əldə edilənlərin ən qiymətlisi, can sağlığı adlandırdığımız böyük sərvət olsa da, təəssüf ki, onu vacib olmayan nələrəsə qurban verməkdən də şüurlu şəkildə çəkinmirik.
Nigar