İnnovasiyalar Agentliyi çox innovativ bir layihəyə start verib 

İnnovasiyalar Agentliyi çox innovativ bir layihəyə start verib 
 

Osman Gündüz yazır: "Uzun müddətdir ki, NRYTN tabeliyində İnnovasiyalar Agentliyi müxtəlif səbəblərdən effektiv işləyə, ciddi layihələr icra edə bilmir. 3 il bundan öncə yaranan qurum Nizamnaməsinə görə kifayət qədər səlahiyyətlərə malikdir, innovasiyalara dəstək verməli, sektorda tənzimləmə və nəzarəti gerçəkləşdirməlidir.

Lakin indiyədək bu qurum qarşıya qoyulan ciddi vəzifələrin heç birisini gerçəkləşdirə bilməyib.

Bu gün isə sosial mediada gözümə sataşdı ki, İnnovasiyalar Agentliyi regionlarda yaşayan qadınlar üçün İT və marketinq təlimləri təşkil edəcək .
Bu məqsədlə xanımlar üçün məxsusi bir layihə də hazırlayıblar. Yaxşı ad da tapıblar - Binara !
Əvvəl düşündüm ki, yəqin hansısa bir OHT və ya gənclər qurumu bunu gerçəkləşdirir, sonradan diqqət edəndə aydınlaşdı ki, elə nəhəng Agentliyimiz özü bu işlə məşğul olacaq.

Rəqəmsal sektorda çalışan başqa bir nəhəng dövlət qurumumuz ASAN-ın eGov Mərkzəi də digər bir “rəqəmsal və innovativ layihə” ilə məşğuldur, o da jurnalistlər üçün təlimlər keçir.
Hansı ki, bu tip tədbirləri əvvəllər ictimai qurumlar, gənclər təşkilatları həyata keçirirdi. Xatırlayıram ki, 15 il öncə biz bu tip layihələri icra etməyə başlamışdıq.

Əlbəttə, bunların hər birisi faydalı tədbirlərdi.
Amma adı çəkilən qurumların qarşısında innovasiyaların və rəqəmsal transformasiyanın, rəqəmsal hökumətin inkişafı sahəsində daha böyük, daha ciddi vəzifələr qoyulub.
Düşünürəm ki, bu dövlət qurumlarının sektorda tənzimləməyə, münbit şəraitin yaradılmasına, inkişafa təkan verə biləcək konseptual məsələlərə diqqət yetirməsi daha doğru olardı."

Şahnaz, Paralel.az

0.015005111694336