Deputat toxunulmazlığı nədir?
Çərşənbə axşamı Milli Məclisin üzvü Eldəniz Səlimov deputat toxunulmazlığı ləğv olunub və o həbs olunub.
Millət vəkili Eldəniz Səlimov polis əməkdaşına zorakı davranışa yol verməkdə ittiham olunur.
Deputat toxunulmazlığı nədir və deputata hansı imtiyazları verir? Yazımızda oxuyun.
Nə baş verib?
Baş prokurorluq deyir ki, zərərçəkən polis əməkdaşı Zaur Mirzəyev 6 polis əməkdaşı ilə birgə iyulun 29-da gecə saat 1-də Xaçmazda yerləşən "Starıy Dvor" restoranına gəlib və karantin qaydalarına uyğun olaraq restoranın gecə saat 12-dən sonra işləməməsini tələb edib.
Qurum bu restoranın Eldəniz Səlimovun qohumuna məxsus olduğunu deyir.
Məlumata görə, Eldəniz Səlimov bununla əlaqədar Zaur Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng vurub və Zaur Mirzəyevi restorana dəvət edib, ona qarşı zorakılıq edib.
Son günlərdə Eldəniz Səlimov baş verənlərlə bağlı seçicilərindən və ölkə rəhbərliyindən üzr istəyib.
Amma buna baxmayaraq onun deputatlıq toxunulmazlığına xitam verilib.
Deputat toxunulmazlığı nədir?
Azərbaycan Konstitusiyasına görə, Azərbaycandakı seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaş Milli Məclisin deputatı seçilə bilər.
Səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır.
Deputat toxunulmazlığı deputatın müstəqil fəaliyyətinin hüquqi təminatlarından biridir, hüquqşünas Əsabəli Mustafayev deyir.
Onun sözlərinə görə, toxunulmazlıq deputatın heç nədən, heç bir orqandan və heç kimdən çəkinmədən fəaliyyət göstərə bilməsi üçündür.
Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların da toxunulmazlığı deməkdir.
Deputat toxunulmazlığı millət vəkilini nələrdən qoruyur?
Konstitusiyada deyilir ki, deputat səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz.
Onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanuna əsasən, deputata deputatlıq səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətməyə görə məsuliyyət var.
Yəni icra, yerli özünüidarə, prokurorluq orqanlarının, məhkəmələrin, müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri və başqa işçiləri, eləcə də vətəndaşlar deputat səlahiyyətlərinin həyata keçirilməsinə maneə törədərlərsə, məsuliyyətə cəlb olunurlar.
Həmin orqanlar və şəxslər deputata bilərəkdən yalan məlumatlar verərlərsə, bu məlumatların yalan olub-olmaması məhkəmədə müəyyən edilməlidir.
Məsuliyyətə deputata qeyri-qanuni təsir göstərənlər, həmçinin deputatın səlahiyyətlərini, toxunulmazlığını və təhlükəsizliyini pozan şəxslər də cəlb olunurlar.
Deputat toxunulmazlığı ləğv edilərsə, nə baş verə bilər?
Milli Məclisin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir.
Azərbaycanda Milli Məclisin deputatı cinayət başında yaxalanarsa, həbs oluna bilər.
Deputat cinayət üstündə yaxalanarsa, onu tutan orqan dərhal Azərbaycanın Baş prokurorluğuna xəbər verməlidir.
Deputatının toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.
Deputat toxunulmazlığı ləğv olunduqdan sonra həmin şəxs adi vətəndaş statusunu alır.
Bu o deməkdir ki, onun barəsində cinayət işi başlanılıbsa, davam etdirilir, onun barəsində qətimkan tədbiri, o cümlədən, həbs qətimkan tədbiri seçilə bilər.
O məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb edilə bilər və ittiham oluna bilər.
Əgər məhkəmə hökmü olarsa və qüvvəyə minərsə, sonra artıq o deputatın deputatlığına xitam verilir, hüquqşünas Əsabəli Mustafayev deyir.
Deputat toxunulmazlığının ləğvi millət vəkiliyinə son verilməsi deməkdirmi?
Deputat toxunulmazlığının ləğvi millət vəkiliyinə son verilməsi demək deyil.
Bu o deməkdir ki, deputatın yalnızca toxunulmazlığı aradan götürülüb.
Amma o, qanuna uyğun olaraq Milli Məclisə gəlib, hətta Milli Məclisdə üzvü olduğu komitələrin iclaslarında iştirak da edə bilər.
Çünki onun deputat səlahiyyətinə hələ xitam verilməyib, Əsabəli Mustafayev deyir.
Yalnız məhkəmə hökmü çıxdıqdan sonra, parlament ayrıca olaraq onun deputat fəaliyyətinə xitam verir.
Bundan əvvəl hansı deputatların toxunulmazlığı ləğv olunub?
Bu günə qədər Azərbaycanda bir neçə deputatın toxunulmazlığı ləğv edilib.
2007-ci ildə Milli Məclis deputat Hüseyn Abdullayevin toxunulmazlığına xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.
Həmin il Hüseyn Abdullayev parlament üzvü olarkən iclaslardan birində hökumətpərəst Ana Vətən Partiyasından millət vəkili Fəzail Ağamalı ilə mübahisə etmiş və əlbəyaxa olmuş, bunun ardınca sonuncunun şikayəti əsasında həbs edilmişdi.
Nəticədə Hüseyn Abdullayev iki il şərti cəza alaraq məhkəmə salonundan azad edilmişdi.
2003-cü ilin oktyabrında isə Ümid Partiyasının sədri İqbal Ağazadənin toxunulmazlığına xitam verilib və onun cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilib.
O, həbs olunub və Cinayət Məcəlləsinin kütləvi iğtişaş maddəsi ilə ittiham edilib.
2003-cü ilin oktyabr ayında Azərbaycanda dövlət çevrilişinə cəhd ittihamı ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyev və Milli Məclisin deputatı Fikrət Sadıqov həbs edilib. Milli Məclis dövlət çevrilişinə cəhddə ittham olunan deputatı Baş Prokurorluğun parlamentə müraciətindən sonra toxunulmazılq hüququndan məhrum edib.
"Külli miqdarda dələduzluq" və "qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə" maddələri ilə üç illik azadlıqdan məhrum edilən sabiq deputat Gülər Əhmədova həbs edilməmiş deputatlıq mandatından özü imtina edib.
Əli Əhmədov, Mübariz Qurbanlı, Fuad Muradov kimi deputatlar isə hakimiyət orqanlarında vəzifə təyinatı aldıqdan sonra onların deputatlıq mandatlarına xitam verilib.