“Azərqaz” Nuh deyir, peyğəmbər demir!
Bu mövzuya təkrar qayıtmağa məcburuq, çünki, yüz minlərlə vətəndaşın hüququna toxunan bu problem hələ də həll edilməmiş qalır, məsələyə yanaşmada qeyri-müəyyənlik hökm sürür. Bəli, söhbət Tarif Şurasının qaz limitinə tətbiq etdiyi yeniliklə bağlı bu il iyunun 1-dən qüvvəyə minən qərarından gedir.
Xəbər verildiyi kimi vətəndaşların “sosial rifah halınının yaxşılaşdırmağı” özünün başlıca vəzifəsi hesab edən Azərbaycan hökuməti qaz sərfiyyatıyla bağlı onlara verdiyi 2200 kubluq limiti 1200 kuba endirdi. Əgər əvvəllər vətəndaş 1700, daha sonrakı dönəmdə 2200 kubdan artıq qaz istehlak edərdisi aradakı fərqin hər kubu üçün 20 qəpik ödəyirdisə, yeni qərarla bu limit 1200 kuba qədər azaldıldı. Qeyd etdiyimiz kimi qərar iyunun 1-dən qüvvəyə minib amma “Azərqaz” İB sərfiyyatı ilin əvvəlindən hesablayır ki, bu da açıq-aşkar qanun pozuntusudur. Yəni əgər vətəndaş il başlayanda arxayın idi ki, onun 2200 kub.m limiti var və soyuq keçən yanvar, fevral və mart aylarında bu limitdən gen-bol istifadə edə bilər, əksəriyyət edib də.
Hazırda çoxları yeni tariflə müəyyən olunmuş 1200 kub.m-lik limiti keçib. İndi “Azərqaz” belə vətəndaşlara qazın hər kubun 20 qəpikdən satır. İdarəçilikdə elə bir anarxiya hökm sürür ki, kim yatıb yuxusunda nə görürsə səhəri onu ictimai münasibətlərdə təcrübədən keçirir. Halbuki milyonların hüququna, sosial həyatına toxunan bu cür qərarlar onun nəticələri nəzərə alınmaqla qəbul olunmalıdır.
Əmək Hüquqlarının Müdafiəsi Liqası QHT-nin rəhbəri Sahib Məmmədov da bizimlə söhbətdə məhz bu məqama toxundu. Sahib bəy deyir ki, hökumət hər hansı sahədə qiymət artımın planlayırsa yaxşı olar ki,əvvəldən ona hazırlıq görsün. Qiymət artımını şərtləndirən amilləri inandırıcı arqumentlərlə əvvəlcədən cəmiyyətə çatdırmaqla yanaşı, vaxt seçimi dəqiq müəyyənləşdirməlidir. Daha yaxşı olar ki, milyonların marağına toxunan bu tip qərarlar ilin əvvəlində qəbul olunsun ki, insanlar da xərclərini ona uyğun tərtib etsinlər. İndiki halda isə hər iki tərəf əsaslı arqumentlər gətirməklə özünü haqlı sayır: “Hesab edirəm ki, bu cür ziddiyətli məsələləri çözməyin ən optimal yolu Konstitusiya Məhkəməsinə müraciətdir. Məsələn, şikayətin kütləviliyi nəzərə alıb ölkə Ombusmanı belə bir təşəbbüslə KM-yə müraciət edə bilər.”
Mənsə hesab edirəm ki, ölkədə ədalətli, icra hakimiyyətindən asılı olmayan məhkəmə sistemi olmuş olsa “Azərqaz” İB-in konkret bu məsələdə qanun pozuntusuna yol verdiyini çox rahatca sübut etmək mümkündür.
Səma