Professor Əbdürrəhim İsmayılovun - 90
Görkəmli alim, istedadlı pedaqoq mərhum professor Əbdürrəhim Hacıkərim oğlu İsmayılovun anadan olmasının 90 illiyinə həsr olunur.
İftixar hissi ilə demək lazımdır ki, ötən əsrdə ölkəmızdə elmin ayrı-ayrı sahələri üzrə samballı naliyyətlər qazanılıb, dünya şöhrətli alimlər yetişib. O cümlədən, respublikamızda kimya elmi də çox güclü inkişaf etmiş bu sahədə yeni-yeni elmi məktəblər yaranıb, istedadlı kimyaçılar nəsli meydana gəlib. Bu kimyaçı alimlər ordusunun layiqli nümayəndələrindən biri də bu günlərdə anadan olmasının 90 ili tamam olan kimya elmləri doktoru, mərhum professor Əbdürrəhim Hacıkərim oğlu İsmayılovdur.
Əbdürrəhim Hacıkərim oğlu İsmayılov vətənimizin qədim maarif və mədəniyyət ocaqlarından olan Qazax rayonunun Aşağı Əskipara kəndində 1931-ci il sentyabrın 5-də sadə kəndli ailəsində dünyaya göz açıb. O, 1947-ci ildə Qazax şəhərində özünün qabaqcıl maarifçilik ənənələri və çox sayda istedadlı məzunları ilə məhşur olan 1 saylı orta məktəbi bitirib. Kimya elminə güclü marağı sayəsində elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olub.
Tələbəlik dövründə səylə çalışaraq qabaqcıllar sırasında olub. Bu məşhur elm ocağında görkəmli alimlərdən , istedadlı pedaqoqlardan mükəmməl dərs alaraq kimya elminin sirlərinə yiyələnib. 1952-ci ildə universiteti müvəffəqiyyətlə - fərqlənmə diplomu ilə başa vurub. Ali təhsil aldıqdan sonra bir il Leninqrad (indiki Sankt-Peterburq) Hərbi Dəniz Akademiyasında leytenant rütbəsində dinləyici olub. 1953-cü ildən başlayaraq, bu elm fədaisinin bütün mənalı ömrü kimya elmi ilə, onun müasir problemləri ilə bağlı olub. O, 1953-1955-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan MEA) Neft İnstitutunda kiçik elmi işçi, 1955-58-ci illərdə isə Azərbaycan Dövlət Neft Dəniz Layihə İnstitutunda mühəndis və böyük elmi işçi vəzifələrində çalışıb, geniş tədqiqatçı təcrübəsi qazanıb. Həmin illərdə Neftçıxarma İnstitutunun aspiranturasında təhsil alaraq, boru kəmərlərində su təbəqəsinin qızdırılması zamanı əmələ gələn korroziya ilə bağlı maraqlı tədqiqatlar aparıb, bu sahədə 1958-ci ildə “Boru kəmərlərində su təbəqəsinin qızdırılması zamanı yaranan korroziya və onunla mübarizə” mövzusunda dissertasiya müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-praktiki əhəmiyyəti olan bu dissertasiya işi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Güclü fitri istedadı, dərin elmi biliyi və yüksək ziyalı mədəniyyəti ilə həmkarlarının rəğbətini və hörmətini qazanmış Əbdürrəhim müəllim 1958-61-ci illərdə BDU-nun “Katalitik çevrilmələr”, 1961-68-ci illərdə isə indiki Azərbaycan Dövlət Neft Akademiyasının “Monomer və Polimer” elmi-tədqiqat problem laboratoriyalarında böyük elmi işçi vəzifəsində çalışıb. Katalitik çevrilmələr, monomer və polimerlər sahəsində bir sıra maraqlı tədqiqatlar apararaq, sanballı elmi nəticələr əldə edib. İstedadlı alim alitsiklik karbon turşularının xloranhidridlərinin dərindən və hərtərəfli tədqiq və təhlili nəticəsində olduqca dəyərli elmi nəticələr əldə edib. Nəhayət, 1967-ci ildə bu sahədə doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi alıb. 1968-ci ildən etibarən, görkəmli kimya aliminin elmi-pedaqoji fəaliyyət dövrünün ikinci səmərəli mərhələsi başlayır. O, 1969-ci ildə Azərbaycan Texniki Universitetinin “Analitik kimya və kimya texnologiyası” kafedrasına müdiri seçilib və 1985-ci ilədək həmin vəzifədə fədakarlıqla çalışıb.
1968-ci ildə ”Üzvi Kimya” ixtisası üzrə professor elmi rütbəsi alıb. Professor Ə.H.İsmayilov 1985-ci ildən ömrünün sonunadək Gəncədə yaradılmış Texnologiya İnstitutunun “Kimya” kafedrasında professor və eyni zamanda elmi işlər üzrə prorektor vəzifələrində işləyib. Ali təhsil ocağında tədris sahəsindəki pedaqoji fəaliyyəti ilə yanaşı, Professor Ə.H.İsmayılov elmi yaradıcılığa, elmi-tədqiqat işlərinə həmişə böyük maraq göstərib, müasir elmi problemlərlə yaxından maraqlanıb. 1991-ci ildən etibarən, Texnologiya İnstitutunda “Maye kristal” elmi-tədqiqat problem laboratoriyasına uğurla rəhbərlik edib.
Professor Ə.H.İsmayılovun elmi-pedaqoji fəaliyyəti olduqca zəngin və çoxşaxəlidir. Onun ilk elmi tədqiqatları axar sistemdə poladın korroziyasının qarşısının alınmasına həsr edilmişdisə, sonrakı maraq dairəsi alitsiklik karbon turşularının xloranhidridlərinin müxtəlif doymamış karbohidrogenlərlə elektrofil birləşmə, eləcə də aromatik karbohidrogenlərlə katalizator iştirakı ilə elektrofil əvəz etmə reaksiyalarının və alınmış birləşmələrin quruluşunun, cevrilmə məhsullarının geniş və dərin tədqiqi istiqamətinə yönəlib. Professor Ə. H. İsmayılovun rəhbərliyi ilə ilk dəfə olaraq bir sıra furanların, pirazolların, tiofenlərin, pirdinlərin və digər heterotsiklik birləşmələrin yeni törəmələrinin alınma üsulu işlənib hazırlanıb.
Vətəninə və xalqına sədaqətlə və fədakarcasına xidmət etmiş bu istedadlı alim-pedaqoqun səmərəli elmi-pedaqoji fəaliyyətinin nəticələri öz əksini 205-dən çox dəyərli elmi əsərlər, 45 ixtirada, bir sanballı monoqrafiyada və “Üzvi Kimya”ya dair ikicildlik dərslikdə tapmışdır. Onun rəhbərliyi ilə 25 elmlər namizədi hazırlanıb. Yetişdirdiyi 5 elmlər namizədi doktorluq dissertasiyası müdafiə edərək yüksək elmi dərəcə alıb. Professor Ə.H.İsmayılov 1994-cü ildə elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar cağlarında qəflətən dünyasını dəyişərək əbədiyyətə qovuşub. Allah ona rəhmət eləsin!
Vətənimiz və qədirbilən xalqımız özünün professor Ə.H.İsmayılov kimi oğulları ilə daim fəxr etməyə haqlıdır. İnanırıq ki, XXI-ci əsrdə ölkəmizdə elm və texnika daha sürətlə inkişaf edəcək və Professor Ə.H.İsmayılov elmi məktəbinin davamçıları olan yeni-yeni görkəmli alimlər yetişəcək.
Akif Nəsirli