BU, BİZİM ARZUMUZDUR!

BU, BİZİM ARZUMUZDUR!
 

Parlaq gələcəyinə böyük ümidlər haqq edən ARZU balamızın doğum günüdür! Təbrik edirik!

BU, BİZİM ARZUMUZDUR

İgidin adını eşitdin, üzünü də gör...
Biz məktəbin həyətinə daxil olanda tədbir başlamışdı. Bizim üçün maraqlı olan əsas o idi ki, artıq bütün şəhərdə adı dilə-ağıza düşən bir məktəbli qızla tanış olmaq, onun dilli-dilavərliyinin şahidi olmaq! Elə bu maraq da bizi Lənkəran şəhər T. Bayraməlibəyov adına 2 saylı tam orta məktəbinə gətirmişdi. Qapıda məqsədimizi bildirib sakitcə zala keçdik. Zaldakı sakitlikdən məlum idi ki, oturanların diqqətini səhnədə özünə ram edən nəsə var. Oturacaqlarda boş yer yox idi, divar boyu ayaq üstə duranların yanına keçib biz də gözümüzü səhnəyə dikdik. Bu gün Bayraq günü idi. Səhnədə balaca boylu, arıq, cılız bədənli 11-12 yaşında qız uşağı incə, zəif, lakin məlahətli, dinləyicinin canına yayılan həzin və həyəcanlı səslə B.Vahabzadənin məşhur “Bayraq” şeirini deyirdi:
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.
Qızcığazın şeiri bitirməsi ilə zaldakı tamaşaçıların gurultulu alqış səsləri hələ də qulağımdadır. Sən demə, tədbirin aparıcısı da bu kişik məktəbli qız imiş. Alqışlar səngiyən kimi o, mehriban, həzin səsilə yeni iştirakçını səhnəyə dəvət etdi. Düzü, məəttəl qalmışdıq, onun aparıcılığı, səhnədə səbəst hərəkətləri qeyri-adi idi, hələ nitqi, sözlərin dürüst və xüsusi intonasiya ilə tələffüzü bizi heyran eləmişdi. Hələ Bayraq gününə həsr edilmiş kiçik səhnəcikdə apardığı şagird rolu ona olan marağımızı birə-beş artırdı. Onunla yaxından tanış olmaq üçün tədbirin sonunu səbirsizliklə gözləməli olduq!
“Bu qız kimin qızıdır ...”

“Adı Arzudur onun – Fərzullayeva Arzu Aqşin qızı! VI”a” sinfində oxuyur. Dərs əlaçısıdır, bütün tədbirlərimizin gözüdür! Biz onunla fəxr edirik!” Bu sözləri bizə zaldan çıxan uşaqlara nəzarət edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Şəhla müəllimə Cabbarova dedi və Arzunu çağırdı: “Qızım, bu əmilər səninlə tanış olmaq istəyirlər, qəzetdən gəliblər “. Uşaqların əhatəsindən çıxıb bizə yaxınlaşan balaca qızcığaz sakit, həlim, lakin ciddi səslə:”Salam!”- dedi. Tanış olduq, onun balaca, isti, incə barmaqları ovcumuzu isitdi, əlini əlimizdən ayırıb Şəhla müəllimənin yanında dayandı.
VI “a” sinfinin rəhbəri, həm də Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər müəllimə Hüseynova da bizə yaxınlaşdı, əlini Arzunun başında gəzdirə-gəzdirə zarafatla: “ Allahın bəlasıdır bu qız, vallah, hamımızın arzusudur bu Arzu!! Azərbaycan ədəbiyyatının klassiklərindən o qədər nümunələr bilir ki, inanmazsan, bunun 11-12 yaşı var ”, - dedi və əlavə etdi: ”Hələ Siz bu qızın dərs deməyini görməmisiniz!” Bizim təəccüb etdiyimizi görüb dilləndi: ”Hə, kurikulum təhsil sistemi belədir ki, biz lap uşaqlıqdan şagirdlərin peşəyönümü üzrə istiqamətlənməsinə də fikir veririk. Arzu bu dərslərdə heç də bizdən geri qalmır! Onun dərsində uşaqlar heç cınqırlarını da çıxarmırlar!”
Sinif rəhbəri Arzuyla daha yaxından tanış olmaq üçün bizi sinfə dəvət elədi. Bugünkü tədbirdə valideynlər də iştirak edirdi, onlar da sinifdə idilər, tədbirin müzakirəsi olacaqdı. Çünki tədbirin ağırlığı Arzunun oxuduğu 6-cı “a” sinif şagirdlərinin çiynində olmuşdu. Tədbirdə fəal iştirak edən Nəzrin Ələkbərli, Zəhra İmamyarova, Sədaqət Qafarlı, Zəhra Heydərova və başqaları həm də dərs əlaçılarıdır. Arzunun bu rəfiqələri onun ən yaxın köməkçiləridir. Sinif rəhbəri deyir ki, bu qızlar mənim dostlarımdır, sinfimin onurğa sütunudurlar. Onlar nəinki tədbirlərin keçirilməsində fəaldırlar, həm də dərsdə geridə qalan yoldaşlarının dərs hazırlığına da kömək edirlər. “Mən bu sinfin rəhbəri olduğum üçün çox şanslıyam. Sinif müəllimləri Nərminə müəlliməyə də təşəkkür edirəm ki, belə hazırlıqlı şagirdləri yetişdirib. Şagirdin gələcəkdə necə oxumasının bünövrəsi ibtidai sinifdə qoyulur. Nərminə müəllimə bu sahədə ustadır!” – deyir Ülkər müəllimə.
Onun təltifləri sinfimizin yaraşığıdır
Sinifdə Arzunun və başqa şagirdlərin hazırladıqları əl işləri nəzərimizi cəlb elədi. Divarda Arzunun özünün hazırladığı plakatda ətraf mühitin çirklənməsinə qarşı mübarizəyə aid “Biz təbiətin övladlarıyıq!”, “Olduğun hər yerdə təmizliyə riayət et!” devizi altında şəkillər verilib. Bir az aralıda Arzunun coğrafi təqdimatları asılıb. Burada dünyanın coğrafiyaçı alimləri, səyyahalrı haqqında maraqlı məlumatlar var. Bu dəfəki təqdimatda Arzu Fermon Magellanın (XVI əsr) dünya səyahətini əks etdirən müxtəlif məlumatlar və səyyahın keçib getdiyi yerlərin xəritəsi verilmişdi.
Divarda VI”a” sinfinin orqanı olan “Qaranquş” qəzeti də Arzu Fərzullayevanın redaktorluğu ilə çıxır. Qəzetdə şagirdlərin gördükləri işlər, təhsildə qazandıqları uğurlar, keçirdikləri tədbirlər haqqında məlumatlar var idi.
Arzunun tədbirlərdə aldığı diplomlarla, tərifnamələrlə tanış oluruq. Sinif rəhbəri Ülkər müəllimə marağımızı görüb dedi:
- Bu mükafatlar sinfimizin yaraşığıdır. Bu gün tədbirlə əlaqədar çəkiliş olacaqdı deyə, Arzudan xahiş eləmişik, hamısını gətirib.
Riyaziyat müəllimi Zahidə Ağamalıyeva deyir:
- PRESTİJ-S Tədris Mərkəzində keçirilən sınaq imtahanında Arzunun 400 balla rayon üzrə III yeri tutması məni hədsiz sevindirdi. Şagirdin qələbəsi müəllimin uğurudur.

Lap 1-ci sinifdən bu günə qədər onlarla tərifnamə, diplom, fəxri fərmanlar divarları bəzəyirdi.
Arzunun təhsildə və sinfin, məktəbin ictimai işlərində fəaliyyəti daim yüksək qiymətləndirirlib. Bu mükafatların içərisində 1 İyun Uşaqların Müdafiəsi gününə həsr edilmiş rəsm müsabiqəsində aldığı, PRESTİJ- S Tədris Mərkəzində keçirilən sınaq imtahanında qələbəyə görə, Lənkəran Şəhər T.Bayraməlibəyov adına 2 saylı məktəbdə keçirilən məktəblərarası “Şeir müsabiqəsi”ndə ən yaxşı ifaya görə, təhsildə qazandığı uğurlara görə aldığı tərifnamə və diplomlar Arzunun çoxtərəfli inkişafından xəbər verir.

Nənənin nağıllarının Arzusu

Arzunun nənəsi Nəcibə, anası Aygün müəllimələr də bugünkü tədbirdə iştirak edirdilər. Qızlarının uğurlu çıxışları hamıdan çox onları sevindirirdi. Sinif rəhbəri Nəcibə müəlliməni göstərib dedi:
- Arzunun nənəsi Nəcibə müəllimə də rayonumuzun sayılıb seçilən qocaman ədəbiyyat müəllimidir. Arzunun bu uğurlarının kökündə nənənin ürəyinin hərarəti, şəxsi zəhməti, istəyi, arzusu hiss olunur.
Nənəsi Nəcibə müəllimə:
- Arzu bizim ilk nəvəmizdir. Ona görə bütün enerjimi ona sərf etməklə elə lap kiçik yaşlarından onunla məşğul olmuşam. Bir yaşından artıq danışırdı, babasının laylalarını əzbər deyirdi, kiçik şeirlər öyrədirdik, saymağı bilirdi. İlk gündən hiss etdik ki, hafizəsi möhkəmdir, nə deyirdik, birdəfəyə yaddaşında saxlayırdı. Belə-belə hələ məktəbə getməmiş artıq kitab oxumağı bacarırdı, kiçik hekayələri oxuyur, çox sərbəst danışıb fikrini ifadə edə bilirdi. Arzu mənim arzularımın gerçəkləşmiş nəticəsidir. Mənim edə bilmədiklərimi Arzu etməlidir. Onu da deməliyəm ki, Arzunun məktəbə gəldiyi ilk gündən bəxti çəkmişdi, xoşbəxtlikdən I sinifdə Nərminə müəllimənin sinfinə düşdü. Onun hazırlığında Nərminə müəllimənin zəhməti daha çoxdur. İndi də bax, belə, gördüyünüz kimi...
Anası Aygün müəllimə qayınanasının sözünə qüvvət olaraq deyir:
- Arzu nənəsinin nağıllarından doğulub sanki. O, doğulandan Nəcibə müəllimənin və babası Baldadaş əminin əlindən-dilindən düşməyib. Baldadaş əmini şair eləmişdi Arzu – bütün bayatıları, laylaları, nazlamaları dəyişdirib Arzunun adına quraşdırıb oxuyurdu. Hər ikisinin işləri-gücləri Arzuydu. Onun bu uğurlarının kökündə nənə-babanın ruhu var. Burada irsiyyətin də rolu var yəqin – Arzunun babası sayılır Əlirza müəllim, çox istedadlı insan olub,ensklopedik biliyiə malik, rayonda və respublikada tanınmış şəxsiyyət idi. Haqqında “Qayaların dağ harayı” kitabı və “Haraylar” poeması da yazılıb. Görünür, istedad qanla da keçir.
Valideynlərdən Gülarə xanım Əliyeva həm də Arzunun rəsm müəllimidir. O, təbəssüm dolu gözləri ilə Arzunu mehriban-mehriban süzərək dedi:
- Allah saxlasın, Arzu sinfin mayakıdır, bütün uşaqlar ona nizamlanır, evdə hamımız uşaqlarımıza onu nümunə gətiririk. Hanının sevimlisidir Arzu!!!!
- Arzu bizim ulduzumuzdur. Onun işıqları artıq rayonumuzu da işıqlandırır. Rayonun bir neçə tədbirinə dəvət olunub və xüsusi uğur qazanıb, neçə diplom alıb, - deyən Şəhla müəllimə əlavə etdi: - Həm də Arzu hərtərəflidir, onun üçün fərqi yoxdur, riyaziyyatla da ədəbiyyat kimi, rəsmlə də coğrafiya kimi məsuliyyətlə məşğul olur! İntizamına da söz yoxdur, mən inanıram ki, onun gələcəyi parlaqdır!
Arzunun arzuları


Arzudan ayrılanda onun da fikirlərini öyrənmək istədik. Hansı sənəti seçəcəyini soruşanda maraqlı cavablar verdi:
- Əslində bu haqda fikirləşməmişəm, heç bir fənnə də ayrı-seçkilik eləmirəm. Bütün fənləri sevirəm – hamısı bir-birindən maraqlıdır mənə. Amma məni məktəbdə ən çox direktorumuz Zaur müəllimin diliylə “Rəvan nitqli qız” kimi tanıyırlar. Yəqin bu sahədə daha çox uğur qazana bilərəm!
Arzularını öyrənmək istədik:
- Arzum orta məktəbi Qızıl medalla bitirməkdir.
- Müəllimlərinə və valideynlərinə nə demək istərdin?
Arzunun cavabı yaşından çox irəli oldu:
- Səhv etmirəmsə, Makedoniyalı İsgəndərin sözüdür, deyir, valideynlərim məni göydən yerə gətirdilər, həyat verdilər, müəllimlərim nəni göylərə qaldırdılar, ruh verdilər! Çalışacağam, onların mənə olan ümidlərini doğruldum!!!!!
Çox möhtəşəm arzudur və niyyətdir, Arzu bala! Tanrı bütün arzularını versin!
Elə bu arzu və niyyətlə də ayrılırıq bu günümüzün qəhrəmanından!

Əlizaman

Paralel.az

0.019524097442627