Yeni inşa edilən aeroportu Qarabağın inkişafında nələr vəd edir?

Yeni inşa edilən aeroportu Qarabağın inkişafında nələr vəd edir?
 

Füzuli Beynəlxalq Hava Limanı nəqliyyat infrastrukturunun şaxələndirilməsinə imkan verməklə təkcə həmin bölgənin deyil, ümumilikdə ölkənin iqtisadi inkişafına öz töhfəsini verəcək

İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, eyni zamanda, orada beynəlxalq standartlara uyğun nəqliyyat-logistik xidmətlərin gerçəkləşdirilməsi prioritet məsələlərdəndir. Bu baxımdan Füzuli rayonunda beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi düşməndən təmizlənən yaşayış sahələrinin inkişafı baxımından mühüm önəm daşıyır. Eniş-uçuş zolağı artıq hazır olan bu hava limanında indi ilk sınaq uçuşları həyata keçirilir. Aeroportda müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə həyata keçirilən uçuşlar avqustun 20-25 tarixlərində baş tutdu. Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış “Aerodata AD-FIS-112” uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçirilirdi. Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Füzuli aeroportu regionda ən qısa zamanda inşa edilən beynəlxalq hava limanlarından biridir. Bu ilin əvvəlində inşasına başlanan kompleksdə artıq gələn ay ilk uçuşları həyata keçirmək mümkün olacaq. Cəmi 4 aya yaxın bir müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub. Hava limanı uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Aeroport, eyni zamanda, 1 saat ərzində 200 sərnişinə xidmət edə biləcək.

Xatırladaq ki, hava limanının təməli isə yanvarın 14-də Prezident İlham Əliyevin iştirakı ilə bu il qoyulub. Bu hava limanının əsas məqsədi xarici qonaqların azad edilmiş ərazilərə, o cümlədən Şuşaya gəlişini təmin etməkdir. Hava limanı ilə bərabər, gələn ay hazır olacaq Füzuli-Şuşa yolunun uzunluğu təxminən 100 kilometrdir. Bu fonda Azərbaycanın mədəniyyət paytaxtına daha tez çatmaq üçün əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına enmək, oradan isə birinci dərəcəli yolla Şuşaya getmək mümkün olacaq. Bu amil Şuşaya, Azərbaycanla bərabər, ölkə xaricindən də gəlişi asanlaşdırmaqla həm daxili, həm də xarici turizm üçün vacibdir. Füzulidə Beynəlxalq Hava Limanının inşası, təkcə Şuşanın deyil, ümumiyyətlə həmin bölgənin nəqliyyat infrastrukturunun şaxələndirilməsi deməkdir. Bölgənin iqtisadi potensialının bir hissəsinin turizmlə bağlı olmasını nəzərə alanda bu, sonrakı dövrdə turizm üçün əlverişli nəqliyyat növüdür. Bütün hallarda Füzuli Beynəlxalq Hava Limanı nəqliyyat infrastrukturunun şaxələndirilməsinə imkan verməklə təkcə həmin bölgənin deyil, ümumilikdə ölkənin iqtisadi inkişafına öz töhfəsini vermək iqtidarındadır. Hava limanının bu ərazidə olması, turizmdən başqa, bölgənin sənaye və kənd təsərrüfatı sektorunun inkişafına da müsbət təsir göstərəcək. Hava limanı bu ərazilərdə müasir istehsal sahələrinin qurulması üçün xaricdən avadanlıqların gətirilməsi, eyni zamanda, istehsal olunacaq malların uzaq xarici bazarlara ixracının təşkili məsələlərini də aktuallaşdırır.

Əlavə olaraq qeyd edək ki, bu il aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonunda beynəlxalq hava limanının təməlini qoyub. Zəngilan Beynəlxalq Hava Limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. O, işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Zəngilanda aeroportun tikilməsi sadəcə turizmin inkişafına xidmət etməyəcək, eyni zamanda, beynəlxalq əhəmiyyətli logistika mərkəzinə çevriləcək. Laçın ərazisində isə üçüncü aeroport tikiləcək və onun da təməli bu günlərdə qoyulub. Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu aeroport təkcə Laçın üçün yox, həm də Kəlbəcər və Şuşa rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

Sevinc Azadi

0.021481037139893