RUSİYANIN QARABAĞ SİYASƏTİNDƏ YENİ MƏRHƏLƏ
I YAZI
Bu məsələni izah etmək üçün məqaləni 3 hissəyə ayırdım. Birinci bölmədə Azərbaycan hakimiyyəti hansı yanlış addımları atdı ki, bu vəziyyət yarandı, ikinci bölmədə Rusiya Azərbaycandan nə istəyir, üçüncü bölmədə Azərbaycan nə etməlidir suallarına gücüm ölçüsündə cavab verməyə çalışacağam.
Qarabağ probleminin bu mərhələsində Azərbaycan üçün üç önəmli özəllik ortaya çıxmışdır: a) Azərbaycan təklənmişdir; b) Qarabağın statusu önə çıxarılmışdır – Rusiyanın, Fransanın bu məsələdə mövqeyi bəllidir, ABŞ öncə deyirdi ki, ATƏT-in Minsk Qrupu bərpa olunmalıdır, indi isə bu ölkənin İrəvandakı səfiri açıqca bildirir ki, Qarabağın statusu müəyyən olunmadan problem həll edilmiş sayılmayacaq; c) Putin Azərbaycanı, eləcə də Ermənistanı Rusiyanın quberniyasına çevirməyə çalışır;
Rusiya Azərbaycanı, Prezident İlham Əliyevi açıq təhdid edir, yeni hədəflərini gerçəkləşdirmək üçün zəmin hazırlayır. Məsələnin bu həddə çatmasında Azərbaycan hakimiyyətinin yol verdiyi səhvlərin çox önəmli payı var. Bu səhvləri sıralayaq:
Birincisi, ən önəmli, köklü, ciddi, həlledici səhv hakimiyyətin Azərbaycan anlayışıdır, bu anlayış düzəlməsə, Qarabağ problemi, eləcə də o biri sıxıntılar dərinləşəcək, zalım Rusiyanın təzyiqi daha da artacaq, Azərbaycan, o sıradan prezident İlham Əliyevin hakimiyyəti ciddi təhlükələrlə üzləşəcək. Hakimiyyətin Azərbaycan anlayışının əsası budur: RUSİYANIN TƏSİR MƏKANINDA QALAN, GÖBƏYİ RUSİYAYA BAĞLI OLAN, ANCAQ BAŞQA ÖLKƏLƏRLƏ DƏ ƏLAQƏ QURAN AZƏRBAYCAN. Azərbaycan hakimiyyəti üçün ən önəmli məsələ Rusiyanın təsir məkanından çıxmamaqdır. Bu modeldə Türkiyə həlledici dövlət deyil, yardımçıdır, Rusiyanın təzyiqlərini azaltmaq üçün vasitədir. Deyə bilərsiniz ki, belədirsə, Rusiya niyə Azərbaycan hakimiyyətinə təzyiq göstərir, axı Azərbaycan hakimiyyəti onun təsir məkanında qalmağa razılaşıb? Rusiyanın Azərbaycana təzyiqləri artırmasının səbəbi budur ki, o, prezident İlham Əliyevin bu Azərbaycan-Rusiya modelini belə qəbul etmir, daha çox şey istəyir, deyir ki, Azərbaycan Rusiyanın bir quberniyası statusunda olmalıdır (Rusiyanın istədiklərini irəlidə yazacağam).
Prezident İlham Əliyev siyasəti bilir, həm də çox yaxşı bilir, Rusiyanın təsir məkanında qalan Azərbaycanın problemlərini öz mənafeyinə uyğun həll etmək imkanının olmadığını da bilir. Bu halda, o, niyə Azərbaycanın Rusiyanın təsir məkanında qalmasını istəyir? Bu suala cavab vermək üçün hakimiyyətin Azərbaycan anlayışının ikinci bəndini açıqlamağa ehtiyac var. Bu da əbədi hakimiyyət anlayışıdır. Hakimiyyət düşünür ki, Azərbaycanda əbədi hakimiyyət bizə aiddir, bu məsələni xalqın seçimi ilə, Türkiyənin, Avropanın, Amerikanın əli ilə həll etmək imkanı yoxdur, bir yol var, o da Rusiyaya bağlanmaqdır, Azərbaycanı Rusiyanın təsir məkanında tutsam, əbədi hakimiyyət hədəfini gerçəkləşdirə bilərəm. Rusiya da Azərbaycan hakimiyyətinin bu ən zəif nöqtəsini bilir və istifadə edir, elə buna görə də Kremlin qeyri-rəsmi sözçüsü Jirinovski artıq Azərbaycanı deyil, birbaşa İlham Əliyevi hədəfə alır, onu hakimiyyətdən devirməklə hədələyir.
Azərbaycan hakimiyyətinə demək istəyirəm ki, birincisi, əbədi hakimiyyət olmur, o ancaq Allaha aiddir, ikincisi, Putin və Rusiya əbədi deyil, əbədi olmayanlar əbədi hakimiyyət verə bilməzlər. Əbədi hakimiyyət anlayışının yerinə davamlı hakimiyyət anlayışı təklif edirəm: Azərbaycan Parlament Respublikası olur, xalq üçün gözəl işlər görürsünüz, partiyanız seçkilərdə qalib gəlir, davamlı olaraq hökumət qurmaq səlahiyyəti qazanırsınız.
Biz hakimiyyətin Rusiyanın təsir məkanında qalan Azərbaycan modelinin yerinə bu modeli təklif edirik: GÖBƏYİ AZƏRBAYCAN XALQINA BAĞLI, TÜRKİYƏ İLƏ STRATEJİ MÜTTƏFİQLİK, TÜRKİYƏNİN DAXİL OLDUĞU TƏHLÜKƏSİZLİK MƏKANINDA YER TUTMUŞ, RUSİYA İLƏ DƏ ƏLAQƏSİ OLAN AZƏRBAYCAN. Hakimiyyətin göbəyini xalqa bağlamağın əsası ədalət, Türkiyə ilə gerçək ittifaqın əsası qardaşlıq və təhlükəsizlik, Türkiyənin içində olduğu təhlükəsizlik məkanında yer tutmağın əsası ehtiyac və bu məkanın şərtlərini qəbul etmək, Rusiya ilə münasibətlərin əsası müstəqil tərəf olmaqdır.
Prezident İlham Əliyevin iki yolu var: a) Rusiyanın təsir məkanında qalmaq şərti ilə başqa dövlətlərlə də əlaqə quran Azərbaycan-Rusiya modelini Putinə qəbul etdirmək, o, bu gün bunun üçün çalışır. Bu yol Azərbaycanın müstəqil və suverenliyinə, inkişafına təminat vermir, belə ki Rusiya Azərbaycanın müstəqil və suveren olmasını istəmir, inkişafın əsası ədalət, elm, təhsil, azadlıqdır. Bunların heç biri də Rusiyada yoxdur; b) bizim təklif etdiyimiz, Azərbaycanın müstəqil, azad inkişafına təminat verən modelə keçmək, ölçünü (paradiqmanı) dəyişdirmək. Prezident bu yolu seçsə, xalqa ehtiyacı yaranacaq, milli birliyin və inkişafın önü açılacaq, Azərbaycan və İlham Əliyev Rusiyanın şərindən qorunacaq.
Qarabağ məsələsi bitdimi? Bitmədi. Nə zaman bitəcək? Qarabağ problemini Rusiya yaratdı ki, Güney Qafqazı öz təsir məkanında saxlasın. Azərbaycanla Ermənistanın savaşmasına Rusiya ona görə razı oldu ki, Güney Qafqazda mənafeləri üçün ortaya çıxmış təhlükələri ortadan qaldırsın. Rusiya Qarabağ probleminin davam etməsini istəyir və istəyəcək. O, Azərbaycandan istifadə edərək Ermənistanı, Ermənistandan istifadə edərək Azərbaycanı Rusiyanın quberniyası olmağa məcbur etməyə çalışır. Bu hədəf gerçəkləşəndə Qarabağ problemi də bitəcək, ancaq bu, Azərbaycanın xeyrinə olmayacaq. Bu gün Rusiyanın qarşısında seçkidən sonra güclənmiş Ermənistan, Rusiyanın yeni şərtlərini qəbul etməyən Azərbaycan var. Rusiya təzyiqləri davam etdirir və etdirəcək ki, hər iki dövlət onun quberniyası olmağa razılaşsın.
Qarabağ problemini Azərbaycanın xeyrinə həll etməyin yolu da var. Bunun ilk addımı Azərbaycanı Rusiyanın təsir məkanından çıxarmaq modelini seçməkdir. Məsələni Azərbaycanın xeyrinə həll etməyin yolu Rusiyanın qarşısından qaçış deyil, Rusiyaya dirənişdir – halal haqqın uğrunda milli mübarizəni təşkil etməkdir.
Ardı var...
Siracəddin Hacı