Meşələri polis yox, meşəbəyləri qorumalıdır

Meşələri polis yox, meşəbəyləri qorumalıdır
 

Bəşəriyyəti xəlq edən böyük Yaradan onun normal yaşamını təmin etmək üçün, həm bu sonsuz saydığımız (əslində, sonuna çıxmağa çalışdığımız) təbiəti yaradıb. Lakin bəşər övladı Allahın bu lütfünə necə qarşılıq verir, ona necə münasibət bəsləyir?

 Azərbaycan özünün yeraltı, yerüstü sərvətləri ilə bəlkə dünyanın ən unikal ölkələrindən biridir. Son 30 ildə erməni qəsbkarlarının vandallığı, ölkə içində bəzilərinin pul hərisliyi üzündən bu unikallıq, artıq yoxa çıxmaq üzrədir. Götürək elə Bakının özünü, burada son otuz ildə yüzminlərlə ağac vəhşicəsinə kəsilib, yerində müxtəlif təyinatlı obyektlər, yaxud hündür mərtəbəli binalar tikilib. Amma bu acgöz pul hərisləri nəzərə almayıblar ki, burada əhali artdıqca, yaşıllığa tələbat da artır. Yaşıllıq qatillərini isə insanların bu " beton qəfəslər" necə yaşayacaqları əsla maraqlandırmır, təki pul olsun. Onların bir çoxları isə artıq səfalı, yaşıllıqların bol olduğu bölgələrimizdə , hektarlarla meşə ərazilərini zəbt edərək özlərinin normal yaşamlarını tam təmin ediblər həm Ana təbiətə ciddi zərbələr vurublar. Təbiətə, ekologiyamıza vurulan bu ağır zərbə, artıq özünü hiss etdirməkdədir. Bakının mərkəzində heç bir ekoloji normalara əməl olunmadan tikilən hündürmərtəbəli binaların şəhərdə normal hava axınına imkan vermədiyini, artıq bir çox ekspertlər təsdiqləyirlər.

Son zamanlar dünyanın hər yerində, ələlxüsus da qardaş Türkiyədə baş verən meşə yanğınlarını hər birimiz ürəkağrısı ilə müşahidə etdik. Heç şübhəsiz ki, bu təbii hadisə ola bilər, kimlərinsə məsuliyyətsizliyi üzündən yaranan yanğın da, kiminsə məqsədyönlü şəkildə törətdiyi ekoloji cinayət . Ən əsası, bu təbiətimizə vurulan ağır zərbədir. Biz bu kimi halların qarşısını almaq üçün artıq baş vermiş fakta, həm onun nəticələrinə, ən əsası da, bu kimi hadisələrin yaranma səbəblərinə qarşı mübarizə aparmalıyıq.

Məlumdur ki, dünyada səbəbsiz heç olmur. Ölkəmizdə zaman-zaman meşə yanğınları, sel daşqınlar baş verir. Onlardan qorunmağın da müxtəlif forma üsulları var.

Bugün isə daha çox meşəbəylərinin çatışmazlığı ekologiya polisinin yaradılması məsələsi müzakirə mövzusuna çevrilib.

Məgər, hansısa harın məmur hektarlarla meşə-tarla sahəsini zəbt edib, özünə villa tikəndə onu meşəbəyindən başqa kimsə görmür? Yaxud da, şəhərin mərkəzində bir gecədə yüzlərlə ağacı kimlərsə məhv edəndə, bunu heç kim görmür? Ən azından həmin ərazidə yaşayan sakinlər haray qaldırır, fəryad qoparır, amma ancaq...

Soruşuram, ekologiya polisi yaranan kimi, bütün bu hallar aradan qalxacaq, qalxmayacaq!

Deyirsiniz ki, dünyanın bir çox yerlərində ekologiya polisi var. Var, buna heç bir şübhəm yoxdur. Məgər həmin yerlərdə sel, daşqın, meşə yanğınları baş vermir?

Mən hər zaman biri-birini təkrarlayan heç bir səmərə verməyən strukturların yaradılmasının əlehinə olmuşam. Bilirsiniz niyə? Ona görə ki, bir çox hallarda ad dəyişsə , mahiyyət dəyişmir. Məsələn, milisin adını dəyişib polis edədilər, olsun? Yaxud da, bir çox dövlət qurumlarının səlahiyyətlərini "ASAN XİDMƏT"ə verməklə, insanları məmurların «terrorundan» qurtarmaq üçün Prezident tərəfində çox nəcib bir addım atıldı. Bəs həmin qurumlar üçün ləğv olunmadılar? Əgər dövlət idarəçiliyi sistemində hər hansı bir qurumun səmərəsiz fəaliyyətinə görə, alternativ bir qurum yaradılırsa, səmərəsiz fəaliyyət göstərən qurum ləğv olunmalıdır.

Bügün söhbət ekologiyadan gedirsə, buna daha həssas yanaşmaq lazımdır.

Hər il müxtəlif layihələr çərçivəsində, yaxud özlərinin şəxsi təşəbbüsləri ilə dövlətimizin başçısı, prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ölkəmizin müxtəlif ərazilərində yüzminlərlə ağacın əkilməsi ilə, yeni meşə zolaqlarının salınmasına, köhnələrin bərpasına, Bakı da isə yeni parkların istirahət zonalarının salınmasına dəstək verir, həmin tədbirlərdə həm şəxsən iştirak edirlər. Eyni zamanda, prezidentin etimad göstərdiyi bəzi məmurlar ölkəmizin ekologiyasına elə yaralar vururlar ki, onları sağaltmaq üçün onillərlə vaxt lazım olacaq.

Mənə belə gəlir ki, ölkəmizdə ekologiya polisinin yaradılmasına heç bir zərurət yoxdur. Sadəcə olaraq, məmurlar qanunlara hörmətlə yanaşmalı, öz səlahiyyətlərindən sui-istifadə edərək elodogiyanın məhvinə baiskar olmamalıdırlar.

O ki qaldı meşə bəylərinə (burada bir maraqlı məsələni sizlərə xatırlatmaq istəyirəm, sovet dönəmində bəy ifadəsini işlətmək qadağan olunmuşdu. Üç şəxsdən başqa, ondardan biri meşəbəyidir, qalan ikisi isə toy bəyi masabəyi) onlara elə səlahiyyətlər verilməlidir ki, onlar öz funksiyalarını yerinə yetirə bilsinlər.Yoxsa, indiki kimi, meşəbəyi kimdənsə meşəni tərk etməyi tələb edən kimi:"Sən heç bilirsən mən kiməm, işsiz qalmaq istəyirsən, get işinlə məşğul ol",-sözlərini eşidən kimi, ərazini tərk edir, öz rəisinə məlumat verir, o da "başa düşdüm, get işinlə məşğul ol",- deyir. Görəsən, meşəbəyinin səlahiyyətlərinə meşəni bu kimi harınlardan qorumaq maddəsi yoxdursa, ekologiya polisini yaratmaqla dəyişəcək?

Əgər meşəbəylərinin sayları azdırsa, artırmaq, səlahiyyətləri yoxdursa onlara səlahiyyət vermək daha məqğul variantdır, nəinki ekodogiya polisini yaratmaq. Çünki səlahiyyəti olmayan hər hansı bir qurum, məmurların qarşısında aciz qalacaq.

Əlqərəz, hesab edirəm ki, biz hamımız, ölkəmizin hər bir vətəndaşı ekologiyamızın qoruyucusu olmalıyıq. Çünki təbiət bizə həyat verirsə, biz təbiəti qorumaqla həm öz həyatımızı qorumuş oluruq. Bunu heç zaman unutmamalıyıq.

 Yusif Seyid

0.034110069274902