Sədrin biznes ortaqları nədən narahatdırlar?
Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun istefaya gedəcəyi xəbərini, prezident İlham Əliyevin etimadını doğrultmadığı göz önündədir. Buna görə də, hər kəs həyəcanla onun istefaya göndəriləcəyi günü gözləyir.
Mətbuatda yayılan xəbərlərə görə, Saleh Məmmədov bu yaxınlarda prezident İlham Əliyevin iştirakı ilə Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun açılışında iştirak etmək istəsə də, onun bu istəyi rəd edilib. Buna görə də, bu iki infrstruktur layihəsinin istifadəyə verilməsi ilə bağlı təqdimatı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev edib.
Avtomobil Yolları Dövlət Agentliyinin sədri S.Məmmədovun üzləşdiyi bu vəziyyət rəhbrlik etdiyi qurumda gərgin durumun yaranmasına səbəb olub. Məlumatlara görə, əksər vəzifəli şəxslər kürsülərini itirəcəklərindən və həbs təhlükəsi ilə üzləşəcəklərindən qorxurlar.
İddia olunur ki, Saleh Məmmədovun kadrları ilə yanaşı, biznes ortaqları da ciddi narahatçılıq içindədir. Çünki Agentlik sədri istefaya göndəriləcəyi təqdirdə, onların da çoxsaylı qanunsuz əməllərinin ortaya çıxacağı şübhə doğurmur. Mənbə iddia edir ki, tezliklə istefaya göndəriləcəyindən və həbs təhlükəsi ilə üzləşəcəyindən qorxan şəxslərdən biri də Balaxanı asfalt zavodunun direktoru Zahid Nuriyevdir. İllərdir S.Məmmədovun “krışalığı” altında fəailiyyət gösətərən bu zavodun daxil olduğu “Yol İnşaatçısı” Məhdud Məsuliyyətli Cəmiyyət Avtomobil Yolları Dövlət Agentliyinin sifarişlərinin əsas icraçılarından biridir. Belə demək olarsa, S.Məmmədov hər zaman yoldakı “yağlı tikələri” biznes ortağı Z.Nuriyevin qarşısına qoyub. Nəticədə, qeyri-rəsmi şəriklər son illər ərzində külli miqdarda sərvət toplayıb. Hətta bəzi hallarda Saleh Məmmədov öz adamının çoxsaylı qanunsuz əməllərini də ötr-basdır etməyə nail olub.
Mənbə iddia edir ki, “Yol İnşaatçısı” Məhdud Məsuliyyətli Cəmiyyətin apardığı yol çəkilişi işləri zamanı rəhbər şəxslərin məsuliyyətsizliyi səbəbindən bir neçə dəfə ölüm hadisəsi baş verib. Məsələn, bir neçə il əvvəl Balaxanı asfalt zavodunun ərazisində Hümbətov Araz Musa oğlu traktorun altında qalaraq həlak olub. Bundan əlavə, Zahid Nuriyevin həmkəndlisi olan daha bir gənc də təxminən həmin ərəfədə rəhbər şəxslərin məsuliyyətsizliyi səbəbindən dünyasını dəyişib. Ən dəhşətlisi isə odur ki, həmin şəxslərin hər biri qeyri-iş günündə, məcburi qaydada işə çıxarılan zaman həlak olublar.
Məlumata görə, hər iki ölüm hadisəsi ilə bağlı cinayət işi açılsa da, Z.Nuriyev “krışası”nın dəstəyi ilə məsuliyyətdən yayına bilib. Hətta o da iddia olunur ki, Zahid Nuriyevin həmyerlisi, keçmiş Baş prokuror olan Zakir Qaralovla yaxın münasibətlərə malik olması da bu cinayətlərin ört-basdır edilməsində az rol oynamayıb.
Sabiq Baş prokuror Zakir Qaralovla Balaxanı asfalt zavodunun direktoru Zahid Nuriyevlə çox yaxın əlaqədə olub. Onların hər ikisi əslən gürcüstanlıdır. Bəzi bilgilərə görə, Zahid Nuriyevin vəzifə yüksəlişi Zakir Qaralovun baş prokuror təyin olunmasından sonra başlayıb.
Zahid Nuriyevin tabeçiliyində çalışan fəhlələrin böyük əksəriyyətini əmək müqaviləsi olmadan və çox aşağı maaşla işlətdiyi haqqında da çoxsaylı məlumatlar var. Bildirilir ki, Zahid Nuriyevin əmək müqaviləsi olmadan işlətdiyi işçilərin əksəriyyəti də onun həmyerliləridir.
Qeyd etdiyimiz kimi, Zahid Nuriyevin fəaliyyəti ilə bağlı müşahidə olunan neqativ hallardan birinin də “Yol İnşaatçısı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Avtomobil Yolları Dövlət Agentliyinin sifaişi ilə həyata keçirdiyi layihələrlə bağlıdır. Həmin layihələrin arasında 2.5 milyon manat büdcə vəsaitinin sərf olunduğu Bakı şəhər Səbail rayonu Gülbala Əliyev küçəsinin (20-ci sahə) əsaslı təmiri işləri və 1.6 milyon manata başa gələn Bakı şəhəri Sabunçu rayonu “Zabrat-Maştağa yolu - “Savalan” yaşayış massivi” yolunun tikintisi işləri də var. Bu tikintilərin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinin necə pozulması ilə bağlı məsələri isə aydınlaşdırmağa çalıçacağıq.
Hələlik isə onu qeyd edək ki, Baş prokuror Kamran Əliyevin Zahid Nuriyevin şirkətində insan ölümləri ilə bağlı istintaqın yenidən başladacağı gözlənilir. Bu isə sabiq baş prokuror Zakir Qaralov üçün də ciddi problemlər yarada bilər.
Mövzunu izləməkdə davam edəcəyik.
Sozcu.info
P.S. Növbəti sayımızda biləcəksiniz ki, Saleh Məmmədovun prezidentin “qara siyahı”sına düşməsində 57 milyon manatlıq yeyintinin üzə çıxması haqda iddialar nə kimi rol oynayıb? Həmçinin, avtomobil yollarının yenidən qurulması məqsədilə dövlət büdcəsindən ayrılan milyonların “yeyilməsində” Zahid Nuriyevin nə kimi payı olub? Bu və digər sullara tezliklə cavab tapacaqsınız. Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırılq.