Sabiq merin ətrafında halqalar daralır...

Sabiq merin ətrafında halqalar daralır...
 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin məhkəmədə açıqladığı faktlar sabiq mer Hacıbala Abutalıbov ətrafında halqanı daraldır.

Bakı Ağır Cinayətlər Məhkəməsində R.Quliyev H.Abutalıbovu həbsə aparacaq detalları faş etməkdədir. Onun sözlərinə görə, Abutalıbov baş nazirin müavini olsa da, gündəlik BŞİH-ə gəlib-gedibmiş.

Sitat: “Yüksək rütbəli şəxs öz vəzifəsindən aşağı bir quruma gəlirsə, kabinetdə olursa, bu nə deməkdir? O deməkdir ki, mənim səlahiyyətlərim olmayıb. Ehtimal edirəm ki, Abutalıbov həmin dövrdə də hansısa formada icra başçısı səlahiyyətlərini icra edib”. Keçmiş Aparat rəhbəri əlavə edib ki, müavin kimi nə əmək müqaviləsi olub, nə də bu vəzifənin əmək haqqını alıb. Bu nüanslar göstərir ki, keçmiş mer Nazirlər Kabinetində otura-otura BŞİH rəhbəri vəzifəsini idarə edib. Təbii ki, qanun pozuntusudur. Bununla yanaşı, həm də Abutalıbovun həbsinə aparan yol genişlənir.

Yada salaq ki, bir müddət əvvəl Abutalıbovun həbs olunacağı barədə xəbərlər dolaşırdı. Həmin ərəfədə özü müsahibə verərək hakimiyyətə sədaqətli xidmətini qabartmışdı. Daha sonra isə həbsi ilə bağlı xəbərlərə “mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır” demişdi. Son günlər isə adı yenidən gündəmdə olsa da, heç bir açıqlama vermir. Onun təqaüdə göndəriləndən sonra Qaraçuxurdakı evində olduğu deyilir.

11 il BŞİH başçısı olan Abutalıbov niyə baş nazir müavini olduqdan sonra da iki kabinetdə oturub? Uzun illər barəsində ən ciddi korrupsiya ittihamları olan Abutalıbov bu məhkəmədən də “quru çıxa” biləcəkmi? Onu ən azı məhkəməyə çağırıb niyə suallara cavab istəmirlər?

Onun həbsini tələb edənlərdən biri də xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyovdur. Şeyx Əbdül bir müddət əvvəl onu çirkin “moşennik” də adlandırmışdı. Buna səbəb onun Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsində evinin sökülməsi, bu işlə bağlı 7 il davam edən məhkəmə çəkişmələridir.

Şeyx Əbdül R.Quliyevin açıqladığı son faktlarla bağlı “Yeni Müsavat”a sual etdi ki, məhkəmələrin onun barəsində çıxardığı haqlı qətnamələr Abutalıbov tərəfindən zibil yeşiyinə atılırsa, bu məsələdə Rasim kimilər kimdir: “Əvvəla, bu məsələ illərdir mətbuatın diqqətindədir. Xüsusən ”Yeni Müsavat"a təşəkkür edirəm ki, mənim mülkiyyət hüququmun tapdanması məsələsini həmişə işıqlandırıb. Mən o zaman hər dəfə meriyaya gedəndə Abutalıbov öpüşüb-görüşüb yola salırdı, sanki heç nə olmayıb, bu adam mənə qarşı haqsızlıq etməyib, sonra yenə “çevir tatı, vur tatı...” Yəni heç nə dəyişmirdi. Bir dəfə Rasim Quliyev mənə dedi ki, bu adam yalan danışır, səni aldadır, heç nə edən deyil, problemi yoluna qoymayacaq. Dedi, özünə sığışdırmır ki, Abutalıbov iqtidarın aparıcı bir qüvvəsi, Bakının hakimi-mütləqi ola-ola məhkəmələr özündə cəsarəti tapıb ona qarşı qərar çıxarsınlar. Ancaq bu nadan hələ bilmir ki, dövlət qanunla idarə olunur, şəxslərin vəzifəsi ilə yox. Ona görə qətnamə nəinki icra olunmadı, saya salınmadı".

Şeyx Əbdül qeyd etdi ki, bu gün xalq artisti, dövlət mükafatları olan şəxs haqda qətnamələr yerinə yetirilmirsə, Rasim kimdir ki, Abutalıbov onu saysın: “Əgər bu səviyyədə hüququm pozulubsa, adi işçinin heç bir haqqı qala bilməz. Mən Rasimə ömürlük həbs verilsə, təəccüblənmərəm. Çünki haqqı nahaqqa veririk. Rasimin o vəzifədə bir hüququ yoxdursa, heç bir sərəncam verə bilməzdi. Azərbaycanda elə təşkilat var ki, orada ikinci şəxs rəhbərin sözündən çıxsın? Odur ki, xalq kimin kim olduğunu yaxşı bilir. Məhkəmələrə səslənirəm ki, günaha batmasınlar.

Dövlət məmurları xalqa və qanunlara xəyanət etməklə bilavasitə Prezidentə xəyanət edirlər. Onlar Prezidentin uğurlarına qarşı inamsızlıq, gərginlik yaradırlar. Bu gün adi “JEK” müdirinin qəbuluna düşmək olmur. İcra başçıları, nazirlər heç adam saymırlar. Mən Bakı şəhərinin müdafiə komitəsini yaratmaq istəyirəm. Çünki məmurlar şəhəri dağıdıblar".

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011" Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır. Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

0.016170978546143