Valideyn tərbiyəsi, xalqın çörəyi halal olan insan...
Onun fəaliyyətini dünyanın ən inkişaf etmiş ölkələrinin birinci xanımları ilə müqayisə etmək belə qeyri-mümkündür. Çünki 18 illik dönəmdə Mehriban Əliyeva qədər geniş şaxəli fəaliyyət göstərən digər birinci xanım tanımıram. Mehriban xanım həyatını heç də başqa birinci xanımlar kimi hansısa xeyriyyə tədbirlərində iştirak etməklə, insanların üzünə süni gülüş nümayiş etdirməklə keçirməyib.
Mircəlal Paşayev və Nəsir İmanquliyev kimi tanınmış ədib və jurnalistin ocaqlarının övladı, böyük öndər, dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi məktəbinin yetirməsi Mehriban xanım Qarabağın işğaldan azad edilməsinə nail olmaqla adını qızıl hərflərlə Azərbaycan tarixinə həkk etmiş qətiyyətli, siyasi iradə sahibi Prezident İlham Əliyevin yükünü təkcə ailədə deyil, həm də ictimai-siyasi və mədəni arenada paylaşan birinci xanımdır.
Hələ Heydər Əliyevin Prezidentliyi dönəmində – 1995-ci ildə – Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu, 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus dillərində) çap olunan “Azərbaycan – İrs” jurnalı təsis olundu. Özü də bu, Qarabağın işğal edildiyi, minlərlə vətəndaşımızın qaçqın və məcburi köçkün statusunda ağır şərtlər əsasında yaşadığı, erməni faşistlərinin öz havadarlarının vasitəsilə ölkəmizə hərbi təxribatlarını davam etdirdyi, bizi alçaldıcı sülhə vadar etməyə çalışdıqları, silahlı dəstələrə malik olan bəzi daxili qüvvələrin meydan suladığı, iqtisadiyyatımızın dağıldığı və uzun illər ərzində mədəniyyətimizin və incəsənətimizin tənəzzül keçirdiyi ağır dövrdə baş verdi. Cəmiyyət dərin sarsıntı və çaşqınlıq içində yaşayırdı. Ölkə ictimaiyyətinin tanınmış nümayəndələri başımıza min bir fəlakət gətirən ermənilərin arxasında Vatikanın, Fransanın, Rusiyanın, ABŞ-ın və xaçpərəst dünyasının dayandığını deməklə və sitəm etməklə məşğul idilər.
Heydər Əliyevin bütün ailə üzvləri kimi, Mehriban xanım da sovet dövründə və sonra öz həyatının ağır günlərini keçirmişdi. Heydər Əliyev SSRİ-nin Baş nazirinin birinci müavini vəzifəsindən çıxarılan kimi Azərbaycan düşməni M.Qorbaçovun tapşırığı ilə Moskvada bu ailəyə göstərilən bütün siyasi və mənəvi təzyiqlərin ağırlığını görmüşdü. Şəfqətli, mərhəmətli və xeyirxah şəxsiyyət kimi püxtələşməsində böyük rol oynayan 2 sevimli və əziz ailə üzvünün itkisini yaşamışdı. Öncə qayınanası, Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın oftalmoloq Zərifə xanım Əliyevanı, sonra isə anası, Azərbaycanın tanınmış şərqşünas alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadın Aida İmanquliyevanı itirmişdi. Amma bütün çətinliklərə baxmayaraq, Mehriban xanım mədəniyyətimizin və incəsənətimizin dar günləri arxada qoyması, bütün zənginliyi ilə ayağa qalxması naminə qollarını çırmalayaraq çalışmağa başladı. Xalq boş qalmış meydanda bütün canı və qanı ilə milli ənənələrə sadiq, müasir çağırışlara hazır əsl mədəniyyət xadimini gördü.
Onun bu istiqamətdə fəaliyyəti durğunluqla üzləşmiş muğam sənətinin ölkəmizdə yenidən populyarlıq qazanmasına, müxtəlif beynəlxalq muğam festivallarının və televiziya muğam müsabiqələrinin keçirilməsinə, “Üzeyir dünyası”, “Azərbaycan muğamı ensiklopediyası”, “Muğam” jurnalı, “Muğam–Antologiya” və sair layihələrin gerçəkləşdirilməsinə, Beynəlxalq Muğam Mərkəzinin tikilməsinə səbəb oldu.
Ölkəmizdə klassik musiqiyə, vokala maraq canlandırıldı. “Qəbələ” Beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyov, Qara Qarayev, Bülbül, Rostropoviç və digər musiqi müsabiqələri ardıcıl və sistemli şəkildə təşkil edilməyə başladı. Onların coğrafi əhatə dairəsi ildən-ilə artdı. “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakı beynəlxalq forumu keçirildi.
Məhz Mehriban xanımın “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı gördüyü işlər çox qısa müddət ərzində ölkəmizin bu yarışda I yeri tutması ilə nəticələndi. Planetimizin ən gözəl şəhərlərindən biri sayılan, dünya mədəniyyətinə və musiqisinə böyük töhfələrin bəxş olunmasının şahidi – qədim Bakı şəhəri “Evrovision–2012” müsabiqəsinə ev sahibliyi etdi. Və “Eurovision–2012” bu müsabiqənin tarixində baş vermiş ən yaxşı tədbir kimi qiymətləndirildi. Çünki Təşkilat komitəsinə incə və müasir zövqü ilə seçilən Mehriban xanım rəhbərlik edirdi.
Dünyanın aparıcı ölkələrində Azərbaycan mədəniyyətini əhatə edən və müasir üslubda təqdim olunan müxtəlif günlərin, sərgilərin, layihələrin baş tutmasında Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun misilsiz xidmətləri var. Mehriban xanımın kiçik komanda ilə böyük təşkilati işlər görməsinə xalqımız və bütün dünya “Bakı–2015” I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı şahid oldu. Bakı Olimpiya stadionunda keçirilən təntənəli açılış və bağlanış mərasimləri Azərbaycanın qədim tarixini, mədəniyyətini, incəsənətini və multikultural dəyərlərə sadiqliyini bütün rəngarəngliyi və əzəmətli ilə yaddaşlara yazdı.
Əslində, bütün bunlar təəccüblü deyildi. Mehriban xanım 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçiləndən sonra gimnastika sahəsində böyük inkişafın başlanması istiqamətində böyük işlər görüb. Belə fəaliyyət Milli Gimnastika Mərkəzinin tikilməsinə, azərbaycanlı qızların gimnastikanın müxtəlif növlərinə marağının artmasına gətirib çıxardı. İndi dünyanın müxtəlif iri çaplı turnirlərində öz istedadlarını nümayiş etdirən azərbaycanlı qızları görmək olduqca xoşdur.
Heydər Əliyev Fondunun təhsil sahəsində fəaliyyətinin göstəricisi isə ölkəmizdə yüzlərlə yeni məktəbin tikilməsini əhatə edən layihənin həyata keçirilməsidir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən balacaların müalicə olunması üçün yaradılan səhiyyə ocaqları, valideynlərini itirmiş uşaqlar üçün müxtəlif bayram şənliklərinin təşkili, ailə qayğısından məhrum olan yeniyetmələrin internatdan sonrakı həyatlarını davam etdirmələri üçün mənzillə təmin olunmaları, şəhid və qazi ailələrinin övladlarının “YAŞAT” fondunun təşkil etdiyi düşərgələrdə istirahət etmələri Mehriban xanımın fəaliyyətinin bir hissəsidir.
Birinci vitse-prezidentin xarici siyasət və diplomatiya sahəsində atdığı addımlar olduqca təqdirəlayiqdir. Bir zamanlar Vatikanda ermənilərin və onların havadarlarının qarşılanmasını efirdən seyr etməklə köks ötürən xalqımız hazırda Birinci vitse-prezident Mehriban Əliyevanın yüksək səviyyədə və böyük ehtiramla Roma Papası tərəfindən qəbul olunmasını, Vatikanla uğurlu əməkdaşlıq həyata keçirməsinı görür. Müsəlman Azərbaycanının Heydər Əliyev Fondunun Müqəddəs Sebastian, Müqəddəs Marçellinio və Pyetro katakombalarını bərpa etməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi töhfədir.
Romada İtaliya Konstitusiyasının imzalandığı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfransın keçirilməsi və həmin tədbirdə Mehriban xanımın çıxış etməsi ölkəmizin İtaliya üçün daşıdığı əhəmiyyətin göstəricisidir.
Vətən müharibəsində qazandığımız parlaq qələbəyədək Mehriban xanımın təşəbbüsü ilə Qarabağ və Azərbaycan həqiqətlərini təbliğ edən müxtəlif kitabların dərc olunması və xaricdə yayılması, onun göstərişi və tapşırığı ilə erməni havadarı olan Fransanın Nant şəhərində “Qarabağ” həftəsonu Azərbaycan məktəbinin açılması, Azərbaycana dair brendlərin populyarlaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Məhz bu səbəbdən onun gördüyü işlər artıq ictimai-siyasi xadim kimi fəaliyyətə başlamasını labüdlüyə çevirdi. Əvvəlcə millət vəkili kimi seçiçilərlə işləmək nümunəsi göstərdi, sonra isə Birinci vitse-prezident vəzifəsinə irəli çəkilməklə “az söz, çox iş” təcrübəsilə sovet dönəminə xas geri qalmış təbliğatla məşğul olan, kabinetlərində müxtəlif intriqalar “qaynadan” dövlət məmurlarına dərs verdi.
Amma onun Aprel döyüşləri qazilərinin yüksək texnologiyalı protezlərlə təmin olunması münasibətilə 1919-cu ilin aprelində təşkil olunmuş tədbirdə uzaqgörənliklə söylədiyi “Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq” proqnozunun 1 il sonra reallaşmasına istənilən siyasətçi qibtə edə bilər.
Birinci vitse-prezidentin Laçına daxıl olarkən “Ay Laçın, can Laçın!”, Şuşada gəzərkən “Şuşanın dağları başı dumanlı” nəğməli ifadələrini işlətməsi, Xudafərin körpüsünün sahilində əllərini Araz çayının axar sularına toxundurması, bütün məscidlərimizə Məkkədən gətirdiyi müqəddəs Quran kitablarını bağışlaması, uzun illər baxımsız qalmış dini ocaqlarımıza ayaqqabısını çıxararaq ehtiramla daxil olması, əllərini açıb şükran duaları oxuması və digər hörmət doğuran hərəkətləri torpaqlarımızın mənfur düşmənlərimizdən azad olunmasının həsrətini çəkən bütün xalqımızı sevindirən məqamlar idi.
Onun rəhbərliyi ilə qısa müddət ərzində Şuşanın əsrarəngiz Cıdır düzündə “Xarıbülbül” beynəlxalq musiqi festivalının keçirilməsi müstəqil Azərbaycan dövlətinin multikultural dəyərlərinin, zəngin musiqisinin təntənəsinə çevrildi. İrəlidə isə bizi Şuşada bərpa edilən tarixi-mədəni abidələrin açılışları, Vaqif günlərinin təşkili, azad edilmiş Qarabağımızın yüksəlişi gözləyir. Və bu misilsiz işlərdə “Sizin Mehriban” imzasını görmək olduqca qürurvericidir.
Əziz və doğma Mehriban xanım, sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik və Azərbaycan naminə göstərdiyiniz yorulmaz fəaliyyətdə davamlı ugurlar qazanmağı arzulayırıq.
Xatirə SADİQ