MM-mədəniyyət və məsuliyyət

MM-mədəniyyət və məsuliyyət
 
Keçmişdə qarışqalar çığır salar, insanlar o cığırdan istifadə etməklə onu genişləndirib yola çevirərdi. Yəqin yem daşıyan qarışqaların necə nizamla, biri-birinə maneə olmadan hərəkət etdiklərini çoxlarınız müşahidə etmisiniz. Acınacaqlıdır ki, günümüzün şüurlu insanları bəzən qarışqa qədər məsuliyyət, mədəniyyət nümayiş etdirə bilmir. Dolanışığın çətin olduğu indiki zamanda insanların yerli-yersiz cərimə olunması heç də yaxşı hal deyil, biz də təqdir etmirik. Düşünürük ki, birgəyaşayışa aid bir çox davranış qaydaları var ki, onu ancaq cəmiyyəti maarifləndirmə yoluyla nizama düzmək olar. Bunu edə bilirikmi? Məncə yox! Götürək elə sağlamlığımızı təhdid edən pandemiyanı. Xəstəlik tüğyan edir amma biz ilyarımdır ki, maska taxmaq mədəniyyətini  əxz edə bilməmişik, peyvəndə hələ də şübhəylə yanaşırıq. Bu məsələrdə günahın ən böyüyü həm də xalqı inandırmağa, maarifləndirməyə məsul dövlət qurumlarının üzərinə düşür.
Sürücü mədəniyyətimiz də elə maska məsələsində olduğu kimi biabırçı durumdadır.
Sərnişin avtobusla gündəlik istifadə etdiyim yoldu-Şərifzafə küçəsi. Hökumət yolun genişləndirilməsi işini maksimum icra edib, 2 tərəfli 8 zolaqlı yoldur. Yol genişləndirilməmişdən öncə bu istiqamətdə əsla tıxac problemi yaşanmazdı. Təəssüf ki, indi vəziyyət dəyişib. Axşam saatlarında yolun 20 Yanvar istiqaməti “ATS” adlanan yerdən başlayaraq ta “Günəş petrol”a qədər tıxac olur. Səbəbi bəzi məsuliyyətsiz və mədəniyyətsiz sürücülərin yolun iki hərəkət zolağından parkovka kimi istifadə etmələridir. Maraqlıdır ki, ikinci sırada saxlamaq qayda pozuntusudur ancaq yol polisləri nədənsə buna göz yumur. Problemi şərh edən hüquqşünas Ərşad Hüseynov bildirdi ki, bu açıq şəkildə dayanma-durma qaydasının pozulmasıdır və İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsiylə 26 manat cərimə nəzərdə tutulur.
Yazının əvvəlində qeyd etdik ki, biz  maddi vəziyyətin ağır olduğu indiki məqamda insanların cərimələnməsini məqbul hesab etmirik. Amma gərəkdir ki, avtomobil sahibləri də çoxluğun marağına toxunan məsələlərdə məsuliyyət və mədəniyyət nümayiş etdirsinlər.
          Səma
 
0.018835067749023