Ərdoğan Ermənistanla münasibətlərin şərtini açıqladı

Ərdoğan Ermənistanla münasibətlərin şərtini açıqladı
 

Əli Orucov: "Qonşularla normal münasibət bir tərəfdən Ermənistan iqtisadiyyatını deffolt vəziyyətdən çıxarar, digər tərəfdən onu Rusiya vassallığından xilas edər"

Türkiyə dövlət başçısı bu barədə Bosniya və Herseqovinadan qayıdan zaman şəxsi təyyarəsində jurnalistlərə açıqlama verib.
Ankara ilə Yerevan arasındakı əlaqələr mövzusuna toxunan Rəcəb Tayyib Ərdoğan, birtərəfli ittihamların yerinə real yanaşmaların gəlməli olduğunu qeyd edib:
“Yerevan bu istiqamətdə hərəkət etməyə hazırdırsa, Ankara Ermənistanla münasibətlərin tədricən normallaşması istiqamətində fəaliyyətə başlaya bilər”.
Doğrudanmı Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşa bilər?
Bu sualla politoloq Əli Orucova müraciət etdik. Politoloq bildirdi ki, Ermənistanın nicat yolu qonşularla, o cümlədən də Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasındadır: "Türkiyə buna çoxdan hazırdı - Ankara ilə İrəvan arasında münasibətləri əngəlləyən əsas məsələ işğal altında olan Azərbaycan torpaqları idi. Torpaqların böyük bir hissəsi azad edilib, qalan hissə isə zamanla tam Azərbaycanın nəzarətinə keçəcək. Ona görə də Ərdoğan deyir ki, biz hazırıq.
Bu daha çox ermənilərin xeyrinədir. Qonşularla normal münasibət bir tərəfdən Ermənistan iqtisadiyyatını deffolt (müflisləşmə) vəziyyətindən çıxarar, digər tərəfdən onu Rusiya vassallığından xilas edər. Sadəcə, Ermənistana bu addımı atmağa gah Rusiya, gah da diaspora imkan vermir. Digər tərəfdən isə erməni cəmiyyətində düşmənçilik psixologiyası hələ də hakim mövqedədir. Ona görə də Paşinyan məsələyə ehtiyatla yanaşır".

Akif Nəsirli

0.01860499382019