Cəmil Babayevə cinayət işi açıla bilərmi?
Novella Cəfəroğlu: "Psixi xəstəyə etdiyi hərəkətə görə cinayət işi açıla bilməz"
Paralel.az xəbər verir ki, Ermənistan tərəfin əsir götürdüyünü iddia etdiyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu bir ildir ki, müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. N saylı hərbi hissədə xidmət edən Cəmil Babayevin anası da həmin hərbi hissənin camaşırxanasında işləyir. Cəmil Babayev Goranboy rayonu "1 may" kəndindəndir, bu barədə onun ailə üzvləri məlumat verib.
Ermənistan mətbuatının yazdığına görə, Cəmil Babayev avqustun 25-də Ağdərə şəhərinin Teryan küçəsində yerləşən mənzildə yaxalanıb və qondarma Daqlıq Qarabağ respublikasının Milli Təhlükəsizlik Xİdmətinə təhvil verilib. O, casusluq etmə, Qondarma Dağlıq Qarabağ Respublikası sərhədini qanunsuz keçmə və azyaşlı uşaqları ölümlə hədələmədə günahlandırılır. Ona qarşı cinayət işi qaldırılıb.
Azərbaycan Müdafiə nazirliyi isə bildirir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Onun barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Maraqlıdır, əgər əsgərimiz psixi xəstədirsə onun haqqında cinayət işi qaldırıla bilərmi?
Bununla bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrini öyrənməyə çalışdıq. Hüquq müdafiəçisi bildirdi ki, əsgər psixi xəstədirsə hospitalda o nəzarət altında müalicə almalı idi: "Yəni belə xəstələr ağlına nə gəldi edə bilər. Ona görə də psixi xəstəyə etdiyi hərəkətə görə cinayət işi açıla bilməz. Psixi xəstə dəlidi, dəli adamdan hərəkətinə görə məsuliyyət tələb etmək absurddur".
Akif Nəsirli