Kənd əhalisi problemləri həll etməyi tələb edir
Mövsümi meyvə-tərəvəzin satışında bolluq olsa da, qiymətlər aşağı düşmədi. Mövsüm başlayanda yay məhsullarının qiymətinin azalacağına ümid edən əhali bundan da məhrum oldu. Hazırda payızlıq məhsulların bəzisinin bazara çıxmasıyla qiymətlərin necə olacağını təxmin etmək olur. Qiymətlərin keçənilki ilə müqayisəsindən gəldiyimiz qənaət belədir ki, ölkədə getdikcə anormal vəziyyət yaranır. Bölgələrdən bizə müraciət edən vətəndaşlar özləriylə şəhər arasında ciddi fərq olmadığını deyirlər: “Sizdən fərqimiz kənddə yaşamağımızdır. Biz də pomidor-xiyarı, lobya-badımcanı və s. bazardan-dükandan alırıq. Çünki torpaq sahəmizi suvarmaqda problem var. Builki quraqlıq bütün əməyimizi zay etdi. Arxda su yoxdur, ya su gəlmir, ya da ki, fermerlər suyu öz sahələrinə döndərirlər deyə, bostanımız sıradan çıxıb. Tərəvəz üçün bazara üz tuturuq, pomidor-xiyar 1 manatdan başlayır, kartof nisbətən ucuzdur, amma kənd yerində belə qiymət yaramaz. Çünki əhali arasında maaş alan azdır. Təqaüd, cizi gəlir hesabına kənddə yaşadığımız halda, meyvə-tərəvəzi pulla necə ala bilərik?! Bələdiyyələrin, əlaqədar qurumların nümayəndələri ev-ev gəzib vaksin vurdurmağı tələb etməkdənsə, suvarma işini, kənd əhalisinin gəlir yeri olan torpaqla bağlı problemləri həll etsinlər”.
Paralel.az Nigar