Reklam təbliğatdırsa, təyinatı düzgün seçilməlidir

Reklam təbliğatdırsa, təyinatı düzgün seçilməlidir
 

Ölkəmizdə reklamla bağlı ciddi problemlərin olması hamıya məlumdur. Çap məhsullarının vaxtilə reklamdan gələn gəlirlərinin hazırda tarixə çevrildiyi bir məqamda yaşadığımızı da bilirik. Bununla bərabər, televiziya və sosial şəbəkələrdə qanunvericiliyin tələblərinə əməl olunmaması da problemlərdən biridir. Reklamlarda ana dilimizin ədəbi-bədii normalarına hörmət edilməsi isə az qala sıfır həddindədir. Tanınmış telekanalın titrlərində  tək halında başlayan xəbər cəm şəklində tamamlanırsa, deməyə söz qalmır. Həmin telekanalın adını yazmırıq, ən azından, reklam kimi çıxar. Eləcə də, reklam olunduğu üçün çoxunun qəbul etdiyi, fəqət xeyir tapmadığı dərman vasitələri, tütün məhsulları, alkoqollu içkilər gen-boluna efirdən evlərə yol açır. Sonunda, bu məhsulların insan sağlamlığına ziyan olması barədə cüzi xatırlatma verilsə də...

Paytaxtın mərkəzi küçələrində yerləşən, rəsmi çevrələrin birbaşa gözünə sataşan reklamları da görən yoxdur. Bildiyimizə görə, reklam qanunvericiliyi dilin qorunmasını əsas tutur. Mərkəzi küçələrdə qanuna uyğun, reklam olunan obyektin adı, mahiyyəti öncə öz dilimizdə, sonra xarici dildə olmalıdır. Amma reallıqda bunun tam əksidir. Paytaxtın mərkəzi küçələrindəki brend mağazaların adı əksərən ingilis dilində yazılıb. İnsanlar da həmin mağazanın təyinatının nə olduğunu bilmir. Çünki qanunvericilyin əksinə, onun tərcüməsi yoxdur. Bundan başqa, küçələrdə, səkilərdə, hətta binaların üzərində də saysız-hesabsız reklam nümunələri görmək mümkündür. Tədris, səhiyyə, turizm məkanları və s. ilə bağlı reklamlarla hamımız gündəlik rastlaşırıq.  Lakin elmi kitabxanaların, ciddi təyinatlı obyektlərin üzərində məişət yönümlü, bəzən yolverilməz mətnli reklamlar da yerləşdirilir. Hamı yəqin ki, divarlara harda gəldi vurulan ev alqı-satqı, kirayə, repetitorluq, məşğulluq, iş və s. elanlarını görür. Elanların hansı qanun çərçivəsində yerləşdirilməsindən yazmırıq, çünki bizdə işin qanuni tərəfi həmişə sonda gəlir...

Qeyd edilənlər gündəlik rastlaşdığımız problemlərin yalnız müəyyən hissəsidir. Reklam təbliğatın görünən forması olduğu üçün sonda bir məqamı vurğulamaq istərdik. Bu yaxında bölgələrə səfərdə bir məqam diqqətimizi çəkdi. Hər rayonun kəndləri üzrə yolların kənarında yerləşdirilən, Vətənin hansı bölgəsində döyüşərək canını fəda etməsi qeyd edilən şəhid portret-lövhələrinin çoxsaylı olması vacibdir. Özü də çox vacib.

Belə təbliğat keçmişdən üzübəri yol alaraq, elə bu gün və gələcəkdə də bizim şərəf salnaməmizin keçdiyi yolu, qoyduğu silinməz izi özündə daşıyır. Və hamı razılaşar ki, belə təbliğata təkcə bir ölkənin deyil, dünyanın nəzərində də ciddi ehtiyacımız var.

Nigar

0.028824090957642