Yeni tədris ilində yeni məktəbli formaları tələb ediləcəkmi?
2021-2022-ci tədris ilinin başlanmasına az qalır. Bu məqamda valideynləri narahat edən əsas məsələ ənənəvi təhsilin bərpa olunacağı təqdirdə, yeni məktəbli formalarını alıb-almayacaqlarıdır. Çünki bir müddət əvvəl məlumat verilmişdi ki, yeni məktəbli formaları ümumtəhsil müəssisələrinin pedaqoji şuralarının qərarıyla müəyyən ediləcək. Hansısa məktəbdə də yalnız bir rəngdə geyim forması tətbiq olunacaq. Şagirdlər məktəbdən kənar yerlərdəki məktəb tədbirlərində də həmin geyim formasında olmalıdırlar. Bu mənada, valideynlər sözügedən məsələnin nə həddə qüvvədə qalmasını bilmək istəyirlər.
Paytaxtın bir sıra rayonları üzrə orta təhsil müəssisələrinə müraciət edərək valideynləri narahat edən məsələyə cavab aldıq. Məlumata görə, yeni tədris ilinin ənənəvi, yəni əyani, yoxsa onlayn formada olacağı bəlli deyil. Bu məsələlər müəyyənləşəndən sonra şagirdlərin
məktəbə köhnə, yoxsa yeni məktəbli formalarıyla gələcəyi barədə məlumat veriləcək. Beləliklə, orta məktəblərdən aldığımız məlumatlardan gəldiyimiz ümumi qənaət budur ki, hələlik köhnə məktəbli formaları qüvvədədir və yenisini almağa ehtiyac yoxdur. Məktəblərdən o da qeyd edildi ki, Təhsil Nazirliyinin yeni məktəbli formasını almaq barədə qərarı olmadan bu narahatçılığı yaşamağa dəyməz.
Paralel.az Nigar