Qafan-Basarkeçər yolu dövlətlərarası yoldur?

Qafan-Basarkeçər yolu dövlətlərarası yoldur?
 

Zərdüşt Əlizadə: "Yolun kəsilməsi ermənilərin Ağdərədə azərbaycanlılara yol problem yaratması ilə bağlıdır"

Paralel.az erməni mətbuatına istinadən xəbər verir ki, artıq bir sutkadan çoxdur Azərbaycan əsgərləri Qafan-Basarkeçər yolunu bağlayıb. Qafanın meri Gevork Parsyan Qafan-Gorus yolunun bağlanmasının səbəbini izah edib: "Qafan-Gorus (Basarkeçər) dövlətlərarası yolu bağlı qalır. Azərbaycanlılar hələ konkret heç nə tələb etmirlər. Danışıqlar zamanı bildirdilər ki, yolun bağlanmasına səbəb iki erməni hərbçisinin Azərbaycan hərbçisinə hücum etmələridir. Əlbəttə, bu tam "cəfəngiyyatdır". Yolun açılması üçün danışıqlar gözlənilir. Hadisə yerinə erməni və rus sərhədçiləri gəlib".

Birincisi, Qafan-Basarkeçər yolu heç də dövlətlərarası - beynəlxalq statuslu yol deyil. Bu yol sadəcə Ermənistanın iki rayon mərkəzini birləşdirir. Düzdür, İrandan İravan gedən yolun bir hissəsi də bu istiqamətə düşür, lakin yol faktiki Azərbaycan ərazisindən keçir. Qafan-Basarkeçər yolunu beynəlxalq yol kimi təqdim etməklə ermənilər məsələnin əhəmiyyətini şişirtmək istəyir. Amma bununla belə bütün sərhəd boyu gərginlik gündən-günə daha da şiddətlənir. Bir tərəfdən Şərqi Zəngəzur istiqamətində ermənilərin yolu bağlanıb, digər tərəfdə isə Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev rus sülhməramlıları tərəfindən saxlanılıb. Bu iki hadisə vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Vəziyyəti şərh etmək üçün politoloq Zərdüşt Əlizadəyə müraciət etdik. Politoloq bildirdi ki, yolun kəsilməsi ermənilərin Ağdərədə azərbaycanlılara yol problem yaratması ilə bağlıdır: "Bizimkilər yol məsələsində ermənilərlə razılaşma əldə etmək istəyir, danışıqla başa düşmürlər, ona görə də erməniləri bu yolla başa salırlar. Məndə olan məlumatlara görə mülki avtomobillərin hərəkətinə icazə verilir, yalnız hərbi yüklərin daşınması qadağan edilib.

O ki qaldı Azərbaycan əsgərinin Rusiya sülhməramlıları tərəfindən saxlanılaraq erməni polisinə təhvil verilməsinə, inanmıram, sülhməramlılar belə addım atsın. Onların belə addım atması təsdiqlənərsə, deməli, sülhməramlılar açıq-aşkar münaqişənin yenidən alovlanmasına rəvac verirlər. Düşünürəm ki, əsgərimizin cinayət xarakterli bir hərəkəti təsdiqlənməsə, yaxın günlarda onu geri qaytaracaq".

Akif Nəsirli

0.012012004852295