Doğma nemətə ögey münasibət- FOTO

 

Doğma nemətə ögey münasibət- FOTO 
 

Ölkəmizin yeraltı və yerüstü xəzinəsindən danışmaqla bitməz. Elə bitib-tükənməyən mövzulardan biri də həmin xəzinələrə qarşı ögey münasibət, laqeydlik, məsuliyyətsizlikdir. Bu mənada, Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində yerləşən “Narzan bulağı”ndan danışmaq istərdik. O bulaqdan ki, həm ərazidə yaşayanların, həm də ölkənin hər tərəfindən gələn insanların xidmətində dayanır, öz şəfalı suyunu onlara vaxtsız-vədəsiz, təmənnasız və fasiləsiz təqdim edir.

Lakin bu təqdimatın qarşılığında, bulağa göstərilən münasibət də göz qabağındadır. Bulağın ətrafı və ərazisi başdan-başa tullantı, zibillik içindədir. Baxmayaraq ki, ondan təkcə ora daim gələrək suyundan içən, hərdənbir yolu düşən və əksinə olan insanlar istifadə

edir. Bulağın suyundan daimi, ondan gəlir məqsədilə istifadə edən, həmin ərazidə yerləşən “Narzan” və “Bahçeli” restoranının rəhbərliyindən də haray yoxdur. Heç olmasa, bu restoranların rəhbərliyi bulağın ətrafını abadlaşdıra, oranı zibillikdən təmizləyə və nəzarət edə bilər. Lakin nə fayda?!

Sakinlər deyir ki, bulaq Slavyanka kəndi ərazisinə daxil olsa da, onun şəfalı, müalicəvi suyundan ətrafdakı hamı, ölkənin hər yerindən gələnlər istifadə edir. Amma bulağın abadlığına, təmizliyinə baxan yoxdur. Hamı onun suyundan içir, sonra da bütün tullantı məhsullarını orada ataraq çıxıb gedir. Bu isə təkcə bulağa deyil, təbiətə və onun övladları olan özümüzə göstərdiyimiz hörmətsizlik, bir “mədəniyyət” nümunəsidir.

Qeyd etdiyimiz mənzərədən nəticə çıxarmaq isə məsuliyyəti çərçivəsində hər kəsin işidir. Burda adıçəkilən restoran sahiblərinin, rayon İH nümayəndələrinin, ekologiya və ətraf mühitlə əlaqəli idarələrin, kənd sakinlərinin,

turistlərin, adi insanların və s. mütləq məsuliyyəti var. O məsuliyyətdən çıxış etsək, “Narzan bulağı”ndan yararlanan bütün insanlar ətrafı iyrənc, üfunət qoxuyan, murdar tullantılarla zəngin deyil, təmiz və səliqəli, içdiyi canına nuş olan, təyinatı səviyyəsində görər. Hazırda isə bulaq ərazisinin göründüyü kimi deyil, görmək istədiyimiz kimi olması üçün yuxarıda adıçəkilən insanların hər birinin iştirakı, məsuliyyəti vacibdir. Allahın bu möcüzəli nemətinə, müalicəvi suyuna ehtiyacımız varsa, onun da daimi nəzarətə, təmizliyə, abadlığa ehtiyacı var.

Paralel.az Nigar

  

0.024800062179565