Dövlət büdcəsinə vurulan akademik ziyan

Dövlət büdcəsinə vurulan akademik ziyan
 
 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İdris Abbasov yazır...
 
AMEA-nın 168 nəfər həqiqi və müxbir üzvü, 25 nəfər professoru var.
2018-ci il noyabrın birindən Akademiyanın həqiqi üzvləri rütbəyə görə 2000 (iki min) manat, müxbir üzvlər isə 1200 (min iki yüz) manat aylıq rütbə maaşı alırlar. Bu akademiklərin bəzisinin sağa-sola baxmadan və acımadan Azərbaycanın dövlət büdcəsindən çıxardıqları aylıq gəlirin məbləği 4 000 (dörd min) AZN-lə 9 000 (doqquz min) AZN arasında tərəddüd edir. Bəzən görürsən ki, bir akademik ailəsinin dövlət büdcəsindən evə gətirdikləri təkcə maaş məbləği 15-20 min manata çatır!!! Digər qütbdə dürüst və vətənpərvər azərbaycanlı ailəsi nəsillikcə canını qurban verdiyi dövlətinin büdcəsindən ailəsinə aylıq 300-500 manat güclə aparır. Müqayisə edin: 15 000 (on beş min) hara, 300 manat hara? Sosial ədalətin belinin qırılıb nəfəsinin kəsildiyi an!
Akademiyanın cəmi 25 professoruna verilən aylıq 82 manat təqaüdü Ramiz Mehdiyev gələndən sonra dövlət büdcəsinə qənaət olsun deyə ləğv edib. Bərəkallah!
Sual olunur: Cənab akademik, AMEA professorları büdcəyə ildə 24 min manat ziyan vururdularsa, siz başda olmaqla, akademiklər hər il büdcəyə 3 000 000 (üç milyon) manat ziyan vururlar. Heç bu haqda düşünmüsünüzmü? Axı dünyanın heç bir mütərəqqi ölkəsində akademiyanın həqiqi, yaxud müxbir üzvü dövlət büdcəsindən bu qədər müftə pul qoparmır. 44 günlük Vətən müharibəsi də sübut etdi ki, akademiklərimizə verilən əlavə 3 000 000 (üç milyon) manat itkidir, itki! Öz aramızdır, yazdığınıza görə, özünüz də 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilibsiniz. Düzünü deyin, görək, onlar sizə təqaüd verirlər, yoxsa siz onlara üzvlük haqqı ödəyirsiniz?!
Deyirəm, ona-buna xeyir verməkdən ötrü ürəyimiz keçir, ancaq öz millətimizə, dövlətimizə gələndə ilana, əjdahaya dönürük, qollarımızı çırmalayıb ayaqqabılı-zadlı giririk büdcənin içinə, tala ki, talayasan! İvanın, Conun qabağında isə siçana dönürük!
Biriniz azacıq səmimiyyət nümayiş etdirərək səsinizi çıxarıb demirsiniz ki, aldığınız izafi rütbə maaşlarını canlarını məhz sizin rahat yaşamanız üçün fəda etmiş əsgər və zabit ailələrinə versinlər.
Yoxsa elə bilirsiniz ki, bu Vətənin, dövlətin, vətəndaşların sizin faydasız akademik fəaliyyətinizə və dövlət büdcəsindən iri pullar qoparmağınıza ehtiyacları var?
Düzdür, mən, özüm də daxil, Azərbaycan alimlərinin fəaliyyətini qənaətbəxş hesab etmirəm. Bunun məlum səbəbləri vardır.
Ey dövlət büdcəsindən külli miqdarda pul çıxarmağa qabil olan qabiliyyətli akademiklər! Necə olur ki, sizdən qat-qat çox əmək sərf edən istedadlı, gənc bir elmi işçi 250-350 manat civarında maaş alır, siz isə minimum 3000 (üç min) manatdan başlayaraq üzüyuxarı gedirsiniz?! Özünüz də bilirsiniz ki, o gəncdə olan olan istedad, elmi potensial və işləmək həvəsinin 10 faizi də sizdə yoxdur. Dildə dövlətçilik, vətən, millət deməklə, mədhiyyələr üfürməklə kimisə aldatdığınızı sanırsınızsa, yanılırsınız (Yuxarı instansiyanın həyalı və humanist davranışı da sizə təsir etmir. Daha bilmirlər ki, siz həya istismarçılarısınız).
Sizdə yüksək mənəvi keyfiyyətlər olsaydı, çoxdan o izafi titul maaşlarından elə o istedadlı gənclərin xeyrinə imtina edərdiniz. Ən azından vicdanınız dilə gələrdi. Düşünərdiniz ki, necə yəni, mənim aldığım maaşın səkkizdə birini xalqın layiqli övladları almırlar. Onlar çörək dalınca ölkəni tərk etmək məcburiyyətində qalırlar...
Vicdan isə yoxdur. Nə edək ki, yoxa çarə yoxdur!
İmkansız gənclərin nəfinə, büdcədən çıxan izafi pullardan nəinki imtina etmədiniz, həmçinin o gənclərin yoxsul durumunu istismar etdiniz. Məhz sizin maddiyət mahiyyətli ademikliyinizin üzündən gənclərin çoxu ölkəni tərk edərək xaricə üz tutdular və "məhsuldar" fəaliyyətinizin sayəsində düşmənə çevrildilər. Sizin akademik fəaliyyətinizin zərərli tərəfləri araşdırılıb qiymət verilməyincə, gün-güzəranımız daha da pisləşəcək.
Möhtərəm akademiklər akademiki! Atın o xeyirxah addımı! İlk dəstəkləyən və uğurlayan mən olacağam. Deyin ki, dövlət büdcəsindən hər ay aldığımız o izafi pullar sosial qayğıya ehtiyacı olan əsgər və zabit ailələrinə verilsin! Deyin, əsirgəməyin cüzi bir yaxşılığı! Allaha şükür, övladlarınız yekə-yekə vəzifələrdə. Hamıya məlumdur ki, yaşın bu çağında nəinki izafi titul puluna, heç aldığınız yüksək maaşlara belə, ehtiyacınız yoxdur. Amma o aylıq maaşınızın onda birinə möhtac olan nə qədər ailələrimiz var!
Vallah, əcəl köhlənində yəhər hazırdır. Heç olmasa, o dünyaya rəhmət aparın! 3 000 000 (üç milyon) manata qənaət edib nə qədər ailələrin ehtiyaclarının ödənməsində dövlətə mane olmaya bilərsiniz! Nə olar, mane olmayın! Hətta bu xoşməramlı və müsəhhih addımı baş akademik atmasa, deputat-akademiklər MM-də qaldıra bilərlər! Haydı, irəli!
0.031708955764771