Hər xurafə bir həqiqəti öldürür

Hər xurafə bir həqiqəti öldürür
 

Siracəddin Hacı dedi: "Xurafə bir anlayışın gerçək mənasını dəyişdirmək, içini boşaltmaq, ona yanlış məna yükləmək, məna həddini aşmaq, sözün fitrətini pozmaqdır, anlam terrorudur, sözə tələ qurmaq, anlayışın namusunu ləkələməkdir. Anlayışın mənası dəyişən kimi insanın təsəvvürü dəyişir, təsəvvür dəyişəndə ağıl tərsinə çalışır, ağıl tərsinə çalışanda əxlaq pozulur, iradənin doğrunu seçmək imkanı olmur, nəticədə, insan dəyərini itirir.

İnsanın ağlını, vicdanını, iradəsini, qəlbini dirildən nemət həqiqət, öldürən pislik xurafədir. Elə buna görə də həqiqəti söyləyən, yazan, tanıdan mücahid, xurafə uyduran isə ağıl, vicdan, iradə qatilidir, pislikdir. Xurafələr sadəcə dinlə bağlı olmur, siyasi, iqtisadi, ədəbi, mədəni... xurafələr də var. Hər xurafənin öz hədəfi olur.

Bir xurafənin arxasında üç şey var:

- cəhalət – cahil təhsili olmayan, universitet bitirməyən anlamını daşımır, cahilin iki önəmli özəlliyi var, həqiqəti tanımaz, həddini bilməz. Həddini bilməyən ziddinə çevrilər, yəni xurafə insanı şeytanlaşdırar;

- yanlış inanc – hər inanc iman deyil, doğru inanc imandır, doğru imanın ölçüsünü ancaq Allah qoyar, inancının doğru, ya da yanlış olduğunu öyrənmək istəyən onu Qurani-Kərimlə test etməlidir;

- mənfəət – heç bir xurafə öz-özünə ortaya çıxmaz, onu uyduranlar var, xurafə yaymaq əxlaqsızlıqdır. Xurafəçilər öncə insanın ağlını, iradəsini xurafələrlə öldürürlər, sonra onları sürüyə, köləyə çevirirlər, sonra da milyonlarla pul qazanırlar, imkanları olsa, hakimiyyəti ələ keçirirlər, olmasa, hakimiyyətdən pay tələb edirlər, onu arxalarındakı sürü ilə qorxudurlar;

Xurafə sürü, kölə, fanatik yetişdirmə vasitəsidir. Xurafəçilərin metodu inandırma deyil, təlqindir. İnandırmada dəlil, sorğu-sual, insanın seçiminə hörmət, təlqində isə qapalılıq, məcburiyyət, qorxu, nə deyirəmsə, ona inanmalısınız zorakılığı var. İnandırmanın əsası elm, təlqinin əsası isə cəhalət və qorxudur.

Xurafə gücsüzdür, belə ki əsası, dəlili, kökü yoxdur, cəhalət olmasa, xurafənin heç bir təsiri qalmaz, bircə suallıq canı var. O sualı verə bilsəniz, xurafə ölər, xurafəçi qaçar. Məsələn, xurafəçi kütləni özünə bağlamaq, özünü ilahlaşdırmaq üçün deyir ki, dünən gecə Allahı yuxumda gördüm, sizə salam göndərirdi. Sual: Qurani-Kərim buyurur ki, Allah heç bir şeyə bənzəməz, bənzəri olmayan bir Varlığı yuxuda necə görmək olar? Xurafəçi hz.Əlini ilahlaşdırmaq üçün deyir ki, o, tanımadığı bir adamla qarşılaşanda onun yeddi nəsil öncəsindən başlayaraq bütün qohumlarını bilirdi, bu ona agah olurdu. Sual: Elədirsə, onu öldürməyə gələn qatilin gələcəyini niyə bilmədi? Bu dəfə də deyir ki, bu, hz.Əlinin qədəri idi. Qədəri idisə, onu öldürməyə gələnin qədəri də hz.Əlini öldürmək olmurmu? Bu halda, hz.Əlini şəhid edəni niyə ittiham edirsən? Bu məntiqlə hz.Əlini şəhid edən qatili müdafiə etmiş olmursanmı?".

0.017080068588257