İltizam Yusifovun böyük biznes fəaliyyəti ilə bağlı faktlar ortaya çıxıb

İltizam Yusifovun böyük biznes fəaliyyəti ilə bağlı faktlar ortaya çıxıb
 

Milli Məclisin daha bir deputatının qanunları kobud şəkildə pozması ilə bağlı məlumat yayılıb.

46 saylı Şirvan Seçki Dairəsindən deputat seçilən İltizam Yusifovun böyük biznes fəaliyyəti ilə bağlı faktlar ortaya çıxıb.

Bununla bağlı jurnalist Həbib Müntəzir məlumat paylaşıb:

“İ. Yusifov deputat olana qədər "Shirvan Operating Company ltd" şirkətinin vitse-prezidenti olub və hələ də biznes fəaliyyətini davam etdirir və hər ay 18 min 600 manat maaş alır. Dövlət Sosial Müdafiə Portalından çıxarılan sənəddə qeyd olunur ki, iki neft şirkəti "Shirvan Operating company LTD" və Kayman adalarının "Karasu Operating Company"nin filialı millət vəkilinə hər ay maaş ödəyir. Hər iki şirkətin adı isə mətbuatda dəfələrlə işçilərin maaş problemləri ilə əlaqədar hallanıb. Həmçinin iddia olunur ki, İ. Yusifovun Vircin adalarında ofşor şirkəti də var”.

Bəs qanunvericilikdə əlavə bizneslə məşğul olan deputatları hansısa cəza gözləyir?

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu halda deputatın mandatı ləğv edilməlidir: “Azərbaycan Konstitusiyasının 85-ci maddəsinə əsasən Milli Məclisin üzvü elmi-pedaqoji və yaradıcılıq istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Əslində, deputat hansısa şirkətdə səhmə, paya malik olub, divident ala bilər. Çünki bu, fəaliyyət deyil. Hansısa şirkətdə işləmir, fəaliyyət göstərmir, amma birbaşa özü fəaliyyət göstərirsə, məsələn, hansısa şirkətin direktorudursa, buna görə maaş alırsa, bu konstitusiyanın 85-ci maddəsinə ziddir. Bu halda Konstitusiyamızın 89-cu maddəsinə görə o deputat mandatından məhrum edilməlidir”.

0.017554044723511