Qarğa məsəli
Son zamanlar ətraf mühitdə baş verənlər, məni daha çox hövsələdən çıxarır. Çünki yazırsan, deyirsən, sözlərin elə bil divara dəyib özünə qayıdır. Bu gün bu sirrixudanın sehri nəhayət ki, açıldı. Səhər saat 10 radələrində evdən işə gəlirdim. Yolum Abşeron rayonunun Masazır kənd bələdiyyəsinin və icra nümayəndəliyinin inzibati binasının qarşısından keçirdi.
Bu iki qurumun həyətində gördüklərim məni şoka saldı. Həyətdə ən azından bir maşınlıq zibil qalaqlanmışdı. Mən də özümü öldürürəm ki, ay camaat, qoymayın kəndi zibil basıb. Kənd bələdiyyəsi, icra nümayəndələri hara baxır.
Öz gözündə tükü görməyən bu insanlar, yüz min əhalisi olan kəndin qayğılarını, problemlərini necə həll edə bilərlər? Bu mənzərəni görəndə, bilirsiniz yadıma nə düşdü, qarğaların söhbəti:- bir gün, bala qarğa ana qarğaya deyir:
-Ana, gəl bu zibildən, üfunətdən uzaq, təmiz bir yuvaya köçək. Ana qarğa da, cavabında:
-Ay bala, bu arxa ki bizdə var, hara getsək oranı batıracaq, deyir. İndi mən də sizdən soruşuram- belə rəhbərliyi olan kənd zibildən qurtula bilərmi?
P.S. Bu xəbəri Abşeron rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın oxuması məsləhət deyil.
Yusif Seyid