Korona şübhəsi olan şəxslər metroya buraxılmır!?

Korona şübhəsi olan şəxslər metroya buraxılmır!?
 

Son günlər ən geniş müzakirələrə səbəb olan məsələ, yenə də vaksinasiyadır. Artıq hamıya bəllidir ki, vaksin olunmaqdan qaçmaq mümkün deyil. İstəsən də, istəməsən də, könüllü, məcburi bütün bunları keçəndən sonra isə zorla, yaxud da pulla səni vaksin edəcəklər. Buna görə də məsləhətdir ki, könüllü-məcburi formada gedib, vaksin olunasan. Əks təqdirdə özündən küs!

Bugünlərdə söz-söhbət yayıldı ki, vaksin olunmayan vətəndaşlar metroya buraxılmır. Daxili İşlər Nazirliyinin rəsmisi, polis mayoru Elşad Hacıyev də bunu təkzib etməyib, ona azacıq düzəliş edib. O qeyd edib ki, metroya daxil olan şəxslərdən COVİD-19 pasportu, yaxud hər hansı bir sənəd tələb olunmur, ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır. Lakin cənab mayor açıqlamayıb ki, polis aktiv koronavirus xəstəsi olduğu ehtimal olunan şəxsi necə müəyyən edir? Belə çıxır ki, vətəndaşların dedikləri doğrudur. Metropoliten polisi ya vətəndaşlardan pasport tələb edir, yaxud da onları vizual yoxlayır, kimdən xoşu gəlmədisə, onu metroya buraxmır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan polisi təkcə özünün asayişi qorumaq vəzifəsini deyil, eləcə də Operativ Qərargahın və TƏBİB-in də göstərişlərini də yerinə yetirmək məcburiyyətindədir. Bu polisdən asılı məsələ deyil və hələ başlanğıcdır. Əgər yoluxma hallarında azalma müşahidə olunmazsa, polisə elə bir göstəriş və səlahiyyət veriləcək ki, o, istədiyi yerdə vətəndaşı saxlayıb sənəd tələb edə biləcək.

Bir sözlə, "ağa dediyin nədir, bəyənmədiyin nə". Deyirlər vaksin olun, olun da bə! Heç "burcutmağın" yeridir. Azərbaycanda könüllülük məsələsi çoxdan ləğv olunub. Nə deyirlər ona əməl et, biz demokratik bir cəmiyyətdə yaşayırıq, bunu da yaddan çıxarma.

 Yusif

0.03347110748291