Korona yenidən meydan sulayır
Vaksin çıxış yoludurmu?
Son günlər korona virusuna yoluxanların sayı artmaqda davam edir. Belə ki, cəmi bir ay bundan əvvəl 2 rəqəmli həddə qədər aşağı düşən yoluxma sayı, artıq 4 rəqəmli həddi aşmaqdadır. Bunu nəzərə alan hökumətimiz ölkədə könüllü-məcburi peyvəndlənmə prosesini sürətləndirmək qərarına gəlib. Bu tələb, artıq o həddə çatıb ki, ağır vəziyyətdə evdə müalicə qəbul edən xəstələrdən də peyvənd olunmaları tələb olunur. Bu proses bölgələrdə xüsusiylə anlaşılmaz şəraiti yaradıb. Peyvəndin səyyar yolla həyata keçirilməsi mümkün olmadığı kimi, ağır xəstənin də məntəqəyə gətirilməsi mümkün deyilsə, bu halda, peyvəndlənmə necə həyata keçirilməlidir? Buna konkret cavab verən yoxdur.
Məsələyə aydınlıq gətirmək üçün yaşadığım ərazidə yerləşən həkim məntəqəsinə müraciət etdim. Ailə həkiminin (doğrusunu deyim ki, ailəmdən ümumiyyətlə xəbəri olmayan birisini ailə həkimi adlandırmaq nə dərəcədə doğrudur bilmirəm.) yanına göndərdilər. O da, mənə uzun -uzadı başa salmağa çalışdı ki, xəstəliyindən asılı olmayaraq, hamı vaksinasiyadan keçməlidir. Xüsusilə həssas xəstələrin peyvənddən azad olunmaları isə elə bir keçilməz səddə çevrilib ki, Allah heç kimə qismət eləməsin. Yəni onu elə bir formaya salıblar ki, insan bütün bu formallıqlardan keçmək üçün gərəkdir ki, ilk əvvəl əsəb sistemini ciddi müalicə etdirsin.
Əlqərəz, hər kəs vaksin olunmalıdır, bunun xeyri oldu-olmadı heç kimi maraqlandırmır. Ən əsası odur ki, TƏBİB dünya səhiyyə mafiyasının hökmünü icra etmiş olsun. Bu qədər.
Yusif Seyid